Moskva İKİ SEÇİM QARŞISINDA: ya ordumuz Ermənistanı DAĞIDACAQ, ya da...

Moskva İKİ SEÇİM QARŞISINDA: ya ordumuz Ermənistanı dağıdacaq, ya da...

Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, o cümlədən, Rusiyanın müttəfiqi olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmasının səbəblərini şərh edib.

Publika.az
 xəbər verir ki, rusiyalı ekspert Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığına diqqət çəkib.


Qarşılıqlı atışmalar, artilleriya zərbələri, yaxud diversiya qruplarının fəaliyyəti haqda xəbərlər mütəmadi olaraq gündəmə gəlir. Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsilə bağlı Moskvanın təşəbbüsləri İrəvanın imtinası fonunda davam edir. Baş verənlər regionda hansı nəticələri doğura bilər?!

“Ləyaqətli tərəfdaş?

Postsovet məkanında iki hərbi-siyasi hadisə baş verdi. Rusiyada “Beynəlxalq hərbi oyunlar-2017” keçirildi və yarışlara Rusiya, Qazaxıstan, Belarus və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələr qatıldı. Eyni ərəfədə Gürcüstanda NATO-nun “etibarlı tərəfdaş” təlimləri keçirildi. Bu təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Almaniya, Sloveniya, Britaniya və Ukrayna ilə yanaşı, Ermənistan da iştirak etdi.

ABŞ-ın vitse-prezidenti Maykl Pens təlimlərin gedişində Tiflisə gəldi və Rusiyaya qarşı sərt açıqlamalar verdi.

“Rusiya Ukraynada stabilliyi pozmaq addımlarını, o cümlədən, Suriyada, İranda və Şimali Koreyada rejimləri dəstəkləməyi dayandırmalıdır”, - deyən Pens əlavə etdi ki, ABŞ Abxaziya və Cənubi Osetiyanın işğalı ilə heç vaxt barışmayacaq.

Burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında Rusiyanın müttəfiqi olan Ermənistanın NATO-nun təlimlərinə qatılması diqqət çəkir. Və bunun əksinə olaraq müstəqil siyasətilə tanınan Azərbaycanın “Avrasiya” koalisiyası çərçivəsində keçirilən hərbi oyunlarda iştirak etməsi də maraqlıdır.

O da maraqlıdır ki, Ermənistan 2016-cı ildə NATO-nun Gürcüstanda keçirilən ənənəvi təlimlərində iştirak etməmişdi, lakin 2017-ci ildə, Rusiya-ABŞ münasibətlərinin ən kəskin dövründə nümayişkaranə şəkildə Şimal Alyansının təlimlərinə əsgər göndərdi. Bu, İrəvanın Moskvaya ilk belə siqnalı deyil. İyul ayında Rumıniyada Şərqdən mümkün hücumlara qarşı “Saber Guardian -2017” təlimləri keçirildi. Həmin təlimlərdə də Ermənistan, Serbiya, Ukrayna, Gürcüstan iştirak edirdi.

Azərbaycan Ermənistanı dağıdacaq

Ermənistanın bu addımları Rusiyadan narazılığın nəticəsi kimi şərh edilir. Həmçinin, Qərb İrəvanı öz planlarına çəkmək istəyir. Ermənistanın Rusiyadan “küsməsi” 2016-cı il “aprel müharibəsi”ndən sonra baş verdi. Xüsusilə Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın irəli sürdüyü “Lavrov planı” erməniləri səksəkəyə saldı. Rusiya həmin vaxt müharibənin qarşısını almaq üçün sülh planını təklif etdi, halbuki, bunu etməsəydi, döyüşlər tammiqyaslı toqquşmaya keçəcəkdi. Rusiya bununla həm də Ermənistanı xilas etdi. Çünki təşəbbüs irəli sürməsəydi və müharibə davam etsəydi, silah və peşəkarlıq baxımından yüksək olan Azərbaycan Ermənistanı alt-üst edəcəkdi. Eyni vəziyyət hələ də hökm sürür. Əgər Rusiya münaqişədə gərginliyi azaltmaq üçün təşəbbüslər irəli sürməsə, Azərbaycan Ordusu Ermənistanı dağıdacaq. Bunu yəqin ki, İrəvan da anlayır.

“Lavrov planı” işğal olunmuş yeddi rayondan beşinin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. İki rayon ermənilərin nəzarətində qalmalı idi və Dağlıq Qarabağın statusu daha sonra müzakirə ediləcəkdi. Ermənistan bu plana rəsmi razılıq vermədi. 2016-cı ilin iyununda İrəvanda “Sasne srer” millətçi qrupun qiyamı Ermənistan hakimiyyətinə “Lavrov planı”ndan qaçmağa bəhanə verdi. İddia etdi ki, Qərb bu qrupların əlilə ölkəyə müdaxiləyə hazırlaşır. Lakin İrəvanın Qərb tərəfindən Rusiyaya qarşı istifadə edildiyi reallığı dəyişmir. Bu iş erməni diasporu vasitəsilə aparılır. ABŞ-ın “DQR”-ə rəsmi şəkildə maliyyə ayırması da təsadüfi deyil.

Azərbaycan amili

Təbii ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanı qıcıqlandırır. Qarabağda daimi gərginlik də bundan irəli gəlir. Bakının fikrincə, Rusiya münaqişənin həlli üçün danışıqların yenilənməsinə daha diqqətlə yanaşa bilər. Ermənistan ABŞ və NATO ilə yaxınlaşmağa gedərək, Moskvanı şantaj edir.

Moskva üçün Bakı əhəmiyyətlidir. Xüsusilə “Şimal-Cənub” layihəsi, silah satışı kimi məsələlər Bakı və Moskvanı yaxınlaşdırır. Azərbaycan Rusiya və İran arasında bağlayıcı rolu oynamaqla təkcə Cənubi Qafqazda yox, həm də Orta və Yaxın Şərqdə vazkeçilməz ölkə olur. Bununla yanaşı, Türkiyə və Rusiyanın yaxınlaşmasında da Azərbaycanın rolu böyükdür.

Bu kimi faktorlar Rusiyanın Azərbaycanla mehriban münasibətlərə üstünlük verməsini şərtləndirir. Həmçinin, Rusiya Ermənistanla da ittifaq münasibətlərini saxlamaqda maraqlıdır. Buna görə də Bakı və İrəvan arasında müharibədə maraqlı deyil. Çünki məcburi seçim etməli olacaq və istənilən halda uduzacaq.

Hesab etmək olar ki, Rusiyanın yeganə yolu bu iki ölkə arasında ortaq nöqtə tapmaqdır. Azərbaycan daha azad addımlar atmağa qadirdir, Ermənistan isə yox. Mümkündür ki, Moskva vəziyyətin nəzarətdən çıxmaması üçün Dağlıq Qarabağ məsələsində Ermənistanı geri çəkilməyə məcbur etsin.






Fikirlər