Qarabağ müqabilində Rusiyaya HARA KİMİ güzəşt edə bilərik?

Qarabağ müqabilində Rusiyaya hara kimi güzəşt edə bilərik?

İqbal Ağazadə: “Azərbaycanın Rusiyaya bağlı hər hansı təşkilata qoşulmasını faciə sayıram” ; Natiq Miri: “Yalnız Türkiyənin ardınca belə bir addım ata bilərik” 

 

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin son açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub. Q. Həsənquliyev bildirib ki, Rusiyanın Qarabağı qaytarması müqabilində Azərbaycan bu ölkənin təklif etdiyi ittifaqlara üzv ola bilər, eyni zamanda, Azərbaycanda Rusiyanın hansısa bir hərbi bazası yerləşdirilə bilər.
 
“Dəfələrlə demişəm ki, Azərbaycan Qarabağın müqabilində, Xankəndi üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunmasının qarşılığında Rusiyaya güzəştə gedə bilər. Bu güzəştlər nədir? Azərbaycan Avrasiya Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola, Azərbaycanda Rusiyanın hansısa bir hərbi bazası yerləşdirilə bilər. Şəxsən mən partiya sədri, millət vəkili olaraq bunları mümkün sayıram. Amma Rusiya tələb edəcəksə ki, gəlib sizin sərhədlərinizi mən qoruyum, o halda, əlbəttə, bu, suverenliyin tam itirilməsidir” - deputat qeyd edib. 
 
Deputatın bu fikri bir çox siyasi ekspertlərin etirazı ilə qarşılanıb. Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Rusiyanın bu günə qədər yürütdüyü siyasəti nəzərə alsaq, ölkəmizdə rus hərbi bazasının yaradılmasından söhbət belə gedə bilməz: “Rusiyanın Azərbaycanın başına gətirdiyi bütün oyunları görəndən sonra bu sözləri demək nə dərəcədə məntiqə uğundur? Fərz edək ki, Rusiya Qarabağı qaytardı və biz də Rusiya qoşunlarını Azərbaycanda yerləşdirdik. Sabah həmin qoşunlar yenə də eynilə 366-cı alay kimi bizim üçün başqa bir konflikt yaratmayacaq ki? Və ya Qarabağ konfliktinin özünü yeni bir mərhələyə çıxartmayacaq ki? Ona görə də hesab edirəm ki, nə qədər ki, Rusiyanın belə bir münasibəti var, bu ölkə Cənubi Qafqazdan çıxmalıdır. Onun üçün Cənubi Qafqaz ölkələri Rusiyaya qarşı birləşməlidir. Lakin Ermənistan tam şəkildə Rusiyanın yanındadır, Azərbaycan qismən Rusiyanın yanındadır, Gürcüstan isə tam olaraq Rusiyadan uzaqlaşıb. Gürcüstanın mövqeyi tam olaraq Azərbaycan və Ermənistanla tutmayana qədər burada konfliktləri həll etmə mümkün olmayacaq. 
Mən Azərbaycanın Rusiyaya bağlı olan hər hansı təşkilata qoşulmasını faciə hesab edirəm".
Politoloq Natiq Miri isə bu açıqlamanı Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasından sonra deyilmiş bir fikir olduğunu və yalnız Türkiyənin ardınca belə bir addım atmağın mümkün olduğunu bildirdi. Qeyd etdi ki, bu məsələdə ilk addımı Rusiya atmalıdır: “Əvvəla, bu, Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması kontekstində deyilmiş bir sözdür. Bu sözü əslində Rusiyaya yönəlik ciddi bir mesaj kimi dəyərləndirməkdən öncə Qərbə yönəlik, Avroatlantik məkana, NATO-ya yönəlmiş bir mesaj kimi dəyərləndirmək lazımdır. Artıq illərdir ki, Türkiyəni Avropa Birliyi qapısının xaricində saxlamaqla məşğuldurlar. Bundan başqa son hadisələrdə NATO-nun davranışı bir növ müttəfiqlik davranışlarına heç də uyğun gəlmədi və Türkiyə meydanda həm Rusiyaya, həm də digər terrorçu qruplara qarşı tək buraxıldı. Bilirsiniz ki, son hərbi çevrilişə cəhd məsələsində Fətullah Gülən hərəkatının iştirakı təsdiq olunsa da, hələlik Fətullah Gülənin Amerika Birləşmiş Ştatları tərəfindən ekstradisiya olunması məsələsi də birmənalı olaraq müəyyənləşməyib. Ona görə də mənə elə  gəlir ki, bu, ilk olaraq Qərbə yönəlmiş bir mesajdır. Təbii ki, bundan sonra həm də Rusiyaya yönəlmiş bir mesajdır ki, əgər bu dövlət Türkiyəni doğru-dürüst dəyərləndirərsə, Türkiyənin bəzi geosiyasi maraqlarını qəbul edərsə, təbii ki, Türkiyə də Rusiyaya yönəlik  çox ciddi geosiyasi qərarlar verə bilər ki, bu qərarların içində Türkiyənin həm Avrasiya İttifaqında iqtisadi yöndə iştirakı , həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontekstində hərbi əməkdaşlığı ola bilər”.
 
Politoloq hesab edir bunlar çox ciddi mesajdır, lakin nə dərəcədə real olduğu Rusiyanın tutacağı mövqedən asılıdır: “Lakin bunun baş tutması üçün Rusiya mütləq mənada ilk addımı atmalıdır. Bu addımlardan biri də Dağlıq Qarabağ probleminin həlli yönündə konkret müsbət addımların atılması ola bilər. Rusiya artıq sözçülükdən keçib, əməli işlərə əl qoyarsa, ciddi qərarlar qəbul edərsə, bu qərarlar gözlə görünəcək qədər hiss olunarsa, təbii ki, Türkiyə həm özünün geosiyasi maraqları, həm də Azərbaycanın  geosiyasi maraqları kontekstində Rusiyaya yönəlik bu cür addımlar ata bilər. O baxımdan bu, inandırıcı bir bəyanatdır”. 






Fikirlər