SAVAŞ BAŞLASA, Türkiyə ordusu Azərbaycana çağırıla bilərmi?

 Savaş başlasa, Türkiyə ordusu Azərbaycana çağırıla bilərmi?

İqbal Ağazadə: “Bu, bölgədə yeni bir dünya savaşına gətirib çıxara bilər”

 

Qarabağ cəbhəsində son 4 günlük hərbi əməliyyatlarda  Ermənistan ordusu daha çox Azərbaycanın mülki əhalisini hədəfə aldı. Ekspertlər hərbi toqquşmaların yenidən başlayacağı, hətta bunun müharibəyə çevriləcəyi ehtimalını istisna etmirlər. Bəs görəsən, daim işğalçı Ermənistan dövlətinin arxasında olan Rusiyaya qarşı Azərbaycan hansı dövlətdən kömək istəyə bilər? İkinci Qarabağ müharibəsi başlasa, ordumuzun xarici üçüncü ölkənin dəstəyinə ehtiyacı olacaqmı? Azərbaycanın strateji tərəfdaşı olan, qardaş Türkiyənin ordusu cəbhə xəttinə çağırıla bilərmi?
 
“Yeni Müsavat” qəzeti olaraq  biz də  cəmiyyəti maraqlandıran bu suallara cavab tapmağa çalışdıq. 
Ümid Partiyasının sədri İqbal Ağazadə həm  müharibənin başlaması ehtimalını, həm də buraya Rusiya, Türkiyə kimi üçüncü ölkələrin açıq şəkildə qatılması ehtimalını istisna edib: “Müharibə heç vaxt başlamayacaq. Hazırda olduğu kimi mövqe döyüşləri gedə bilər. Ancaq müharibənin olmaq imkanı sıfıra bərabərdir. İkincisi, Azərbaycan da, Türkiyə də hüquqi baxımdan müstəqil dövlətdir. Türkiyə NATO-nun üzvü olsa belə, Azərbaycan müraciət edərsə, bu müraciəti Türkiyə, eləcə də istənilən dövlət müsbət dəyərləndirə bilər. Ancaq bu, bölgədə yeni bir dünya savaşına gətirib çıxara bilər. Ona görə də hər kəs tərəddüd edər və bu məsələdə heç bir ölkə açıq mövqe nümayiş etdirməz. Bu baxımdan, hesab edirəm ki, həm müharibənin başlaması, həm də Rusiyanın iştirak etməsi ehtimalı yoxdur”. 
İ.Ağazadə bildirib ki, əgər Rusiya Ermənistan tərəfindən müharibədə iştirak etsə, Azərbaycanın tərəfindən vuruşmaq istəyən qüvvələr də tapılacaq: “Silahını satmaq istəyən çox tərəflər var. Həmçinin Rusiya ilə münasibətləri elə də xoş olmayan tərəflər də var. Ancaq heç kim açıq şəkildə döyüşə girmək istədiyini bəyan etməz”. 
 
Hərbi ekspert Üzeyir Cəfərov isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatları keçirməsi onun haqqıdır və buna heç bir ölkə açıq şəkildə müdaxilə edə bilməz: “Rusiya məsələsi bizim yolumuzda çox böyük bir əngələ çevrilib. Dağlıq Qarabağ məsələsində hər hansı canlanma yaranan kimi hamı düşünür ki, görəsən, Rusiyanın münasibəti necə olacaq. Əgər beynəlxalq hüquqla tanınan əlaqələrdə Ermənistanla bağlı hər hansı problem olarsa, o zaman Rusiya nə isə deyə bilər. Ancaq söhbət Azərbaycanın beynəlxalq miqyasda BMT-nin 4 qətnaməsi ilə tanınan torpaqlarından gedir. Düzdür, orada Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri xidmət edir. Amma onların statusu var və bu status işğalçıdır. Azərbaycan antiterror əməliyyatları çərçivəsində öz ərazilərini terroristlərdən, o cümlədən separatçılardan təmizləmə əməliyyatına başlasa, Rusiyanın buna qarışmaq ehtimalı demək olar ki, yoxdur. Artıq Rusiya 1990-cı ildə olduğu kimi Qarabağ ərazisinə daxil ola bilməz. Çünki bu, Rusiyanın onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırar. Ola bilər ki, Rusiya vətəndaşları olan ermənilər vuruşsun. Ancaq Rusiya bunun da qarşısını almalıdır.  
Ancaq o da faktdır ki, Rusiya bu proseslərin içində var. Düşünmürəm ki, hərbi əməliyyatlar təkrar başlasa, Azərbaycan Türkiyəyə müraciət edəcək. Çünki bizim cəbhə bölgəsində olan canlı qüvvəmiz, hərbi texnikamız, ehtiyat resurslarımız kifayət edir ki, ordumuz qısa bir müddətdə, hətta bir neçə günə torpaqlarımızı azad eləsin". 
Ü.Cəfərov son 4 günlük toqquşmada KTMT-yə daxil olan ölkələrdən heç birinin Ermənistanı dəstəkləmədiyini diqqətə çatdırdı: “Rusiya son 4 günlük hərbi əməliyyatlara diplomatik şəkildə müdaxilə elədi. Onlar Azərbaycandan xahiş etdilər ki, atışma dayandırılsın. Ancaq sonradan Rusiya bizim mülki əhalinin ermənilər tərəfindən atəşə tutulduğunu görəndən sonra susdu. Mən əminliklə deyə bilərəm ki, Qarabağda müharibə qaçılmazdır. Ancaq son toqquşmanı müharibə adlandırmaq da doğru olmaz. Bunlar, sadəcə, hərbi əməliyyatlardır, ordumuzun düşmənə verdiyi cavabdır. Bu döyüşlərdə bizim silahlı qüvvələrimiz yox, sadəcə, bir briqada iştirak edib. 
 
Aprelin əvvəlindəki döyüşlərdə özünüz də gördünüz ki, ermənilərin indiyədək ümid etdikləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onlara heç kim kömək etmədi. Nə Qazaxıstan, nə Belarusiya Ermənistana dəstək olmadı. Yeganə diplomatik dəstək Rusiyadan gəldi ki, onların xahişindən sonra hücumlar dayandırıldı". 






Fikirlər