“RUSİYA AZƏRBAYCANDA GÜZƏŞTƏ GETMƏYƏ HAZIRDIR...” – “1992-ci ildəkinə oxşar vəziyyət yaranır”

Türkiyənin Cənubi Qafqazda fəallaşması açıq hiss edilir. Ermənistanı çıxmaq şərtilə, rəsmi Ankara həm Gürcüstan, həm də Azərbaycanla yüksək səviyyəli əlaqələrə daxil olub, bu ölkələrdə kifayət qədər dayaqlar yarada bilib. Rusiya isə son illər regionda daha çox Ermənistanda möhkəmlənməyə diqqətini ayırıb. Son Tovuz təxribatından sonra Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan tendensiya da bunu ortaya çıxarıb.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu mövzu ətrafında “AzPolitika.info”-nun suallarına cavab verib.

"AzerTaym.az" müsahibəni təqdim edir:

- Mehman bəy, Rusiya və Türkiyə ilə münasibətlərdə Azərbaycanın xarici siyasət vektorunda hər hansı bir dəyişiklik müşahidə edilirmi?

- Türkiyə və Rusiyanın Azərbaycanla bağlı siyasəti son zamanlar razılaşdırılmış şəkildə həyata keçirilir. Yəni Türkiyənin də, Rusiyanın da Azərbaycanda maraqları nəzərə alınır. Hər iki tərəf də bu mənada əməkdaşlıq edir. Fikrimcə, Azərbaycanda Türkiyənin iştirakı və rolu daha da genişlənir və güclənir. Bu, bir növ 1992-ci ildəki vəziyyətə oxşayır. Düzdür, 1992-ci ildə Rusiya və Türkiyənin Azərbaycanda maraqları toqquşurdu, ancaq indi bu maraqlar müəyyən dərəcədə uzlaşır. Rusiya razıdır ki, Türkiyənin Azərbaycanla münasibətləri daha da güclənsin və yüksəlsin. Yəni buna etiraz yoxdur.

- Türkiyənin regionda daha fəal olması sözsüz ki, Rusiyanın təsir dairəsini azaldır. Bu halda Moskva nədən Türkiyənin regionda güclənməsinə etiraz etmir?

- Rusiyanın Azərbaycanda mövqe və maraqlarına diqqət etmək lazımdır. Rusiya çalışır ki, biz daha çox ondan texnika və mal alaq, ticarət əlaqələri quraq, Rusiyaya sərmayələr qoyaq. Təxmini maraqları bundan ibarətdir. Bizdən maliyyə mənbəyi kimi istifadə etmək niyyətləri var və bu əsas məsələdir. İkincisi, təhlükəsizlik məsələləridir. Cənub tərəfdən Rusiyaya hansısa təsirlər və sair. Azərbaycan ərazisindən istifadə edilmə ehtimalı. Hesab edirəm ki, bu məsələyə dair də problem yoxdur. Ruslar sonuncu dəfə qeyd etdilər ki, son on ildə ilk dəfədir ki, iqtisadi ticarət qarşılıqlı şəkildə yüksəlib, 3 milyard ABŞ dollarını keçib. Yəni balans Rusiyanın xeyrinədir. Rusiyanın maraqları bundadır. Ruslar Azərbaycandan başqa nə istəyə bilər və burada nəyə mane ola bilər?

- Türk ordusunun Azərbaycana gəlişi, burada planlaşdırılan hərbi təlimlərin həyata keçirilməsi, bu təlimlərin hazırda Naxçıvanda davam etməsi müşahidə edilir. Sizə görə, bu hallar şimal qonşumuzu narahat etmir?

- Birincisi onu deyək ki, Türk ordusunun Azərbaycanda təlimlər üçün gəlməsinə dair cürbəcür rəqəmlər səsləndirirlər. Məncə, bura böyük ordu gəlməyib, balaca kontingent gələrək təlimlərdə iştirak edib. Sözsüz ki, təlimlər ard-arda keçirilir. Mən hesab edirəm ki, Türkiyənin Cənubi Qafqazda iştirakının güclənməsinə ruslar etiraz etmir. Əksinə, mən görürəm ki, Türkiyənin Cənubi Qafqazda fəallaşması indiki mərhələdə lazım və məqsədəuyğundur. Türkiyənin Azərbaycanda iştirakı və təmsilçiliyi daha çox stabillik yarada bilir. Deyərdim ki, bu amil vəziyyətin idarə edilməsi və saxlanılması üçün daha yaxşı imkanlar açır. Çünki Rusiya ilə Türkiyənin xüsusi münasibətləri var. Bu münasibətlər özünü Suriyada, İraqda və Liviyada göstərir.

- Demək istəyirsiniz ki, Cənubi Qafqazda Rusiya və Türkiyənin üz-üzə gəlmə riski çox aşağıdır?

- Mən deməzdim ki, bu iki dövlət başqa bölgələrdə üz-üzə gəlirlər. Əlbəttə, başqa bölgələrdə onların hər birinin öz marağı var, amma biz əməkdaşlığı da görürük. Odur ki, Cənubi Qafqaz deyəndə Gürcüstanı çıxırıq, çünki Tbilisi başqa xətdir. Ermənistanda Rusiyanın hərbi bazası var. Azərbaycanda da Türkiyənin iştirakı daha çox paritet və sabitliyə xidmət edir.

- “Azərbaycan Rusiya təsirindən çıxaraq Türkiyəyə yaxınlaşır” fikri hər gün səslənir. Siz isə düşünürsünüz ki, bu baş vermir?

- Əvvəla, deyirlər ki, biz bunun üçün cəhd edirik. Mən buna cəhd deməzdim. Yenə qeyd edirəm ki, zaman gedir, hər şey dəyişir. İndi 30 il əvvəlki dövr deyil. Əksinə, başqa bir vəziyyətdir. Burada illərlə Türkiyə ilə yaxınlaşma prosesi aşağı, orta və yüksək səviyyədə gedib. Bunun üçün xüsusi olaraq şuralar, qurumlar yaradılıb. Digər tərəfdən, Rusiya ilə münasibətlər də buna uyğun olub. Unutmayaq ki, Azərbaycan və Rusiya arasında qədim münasibətlər var. Biz uzun illər imperiyanın tərkibində olmuşuq. Sadəcə, müstəqillik dövrümüzdə müəyyən qədər balansın saxlanılması və maraqların nəzərə alınması halları var idi. Çünki biz artıq başqa, Rusiya isə başqa dövlət idi. Bu reallıqdır. Amma Türkiyənin Azərbaycanda nüfuzunun bərpası və ya genişlənməsi ayrıca məsələdir, hətta deyərdim ki, 1990-cı illərdən sonra yeni tendensiyadır. Getdikcə Türkiyə burada münasibətlərdə paritet yarada bilib. Bunlar inqilabi xarakter daşıyan prosesdir. Bu gəlib elə məqama çatıb ki, artıq Rusiya burada Türkiyəyə güzəştlərə getməlidir. Biz hər zaman “Bir millət, iki dövlət” sloqanını səsləndiririk. Bu təkcə söz deyil, eyni zamanda reallıqdır. Son illərdə biz bu şüara daha çox yaxınlaşmışıq.

- Niyə məhz son illər?

- Nəzərə almaq lazımdır ki, yeni nəsil gəlib. Bu nəsil Türkiyə musiqisi, çizgi, kino filmləri, mediasının təsiri altında yetişib. Bizim yeni nəslimiz daha çox türk kanallarına baxır, nəinki Azərbaycan və Rusiya kanallarına. Yəni informasiya məkanı, iqtisadi məkan baxımından bu reallıqlar mövcuddur. Əslində belə hallar çox şeylərdə müşahidə olunur və bu real situasiyadır. Sovetlər birliyi dövründə biz parçalanmış bir millət idik, indi yaxınlaşmanın müşahidə edilməsi normal haldır, bunu da hər kəs başa düşür. Rusiya da bunu görür, başa düşür və güzəştlərə getməyə hazırdır.

- Bu proseslərin Dağlıq Qarabağ münaqişəsinə təsirləri hansı formada ola bilər, ümumiyyətlə ola bilərmi?

- Təsirlər o mənada ola bilər ki, Türkiyənin prosesə qoşulmağı müşahidə edilir. Düzdür, Türkiyə ATƏT-in həmsədrlər qrupunda təmsil olunmur, amma ATƏT-in Minsk qrupunda var. Türkiyə dəfələrlə cəhd göstərib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində iştirak etsin. Amma hər zaman ermənilər buna qarşı çıxıb. Ermənilər daha çox Rusiyanın nəzarətindədir və bu real vəziyyətdir. Rusiyanın Ermənistana təsirləri kifayət qədər böyükdür. Mən deməzdim ki, Rusiya Azərbaycanda Ermənistanda olduğu qədər güclüdür. Burada başqa bir vəziyyət hökm sürür. Daha çox Türkiyə təsiri güclüdür, nəinki Rusiya. Türkiyənin burada nüfuzu və iştirakını nəzərə alsaq, o cümlədən digər tərəfdə rusların təsirinin yüksək olması faktı deməyə imkan verir ki, tərəflər qarşılıqlı güzəştlərə gedə bilərlər. Mən, bunu deyərkən nümunə kimi Suriya və Liviyanı gətirirəm. Orada Rusiya və Türkiyənin maraqları olsa da, həm də bu maraqları uzlaşdırmağa çalışırlar. Yəni tərəflərin bu addıma getməsi real siyasətdir. Bu mənada ola bilər ki, Qarabağ probleminin həlli prosesində də onlar tərəf kimi iştirak edə bilərlər.

- Mehman bəy, Ramiz Mehdiyev başda olmaqla bir qrup adamın operativ idarəçilikdən uzaqlaşdırılmasının indi müzakirə etdiyimiz məsələ ilə yaxından-uzaqdan əlaqəsi varmı?

- Mən deməzdim ki, burada tam olaraq ruspərəst kadrlar götürülür və onlar başqaları ilə əvəz edilir. Kadrlar yenilənir, onların yerini başqa şəxslər tutur. Deməzdim ki, onların yerinə gələnlər də rus mövqeyində olacaqlar. Bir daha qeyd edim ki, əslində yeni gələn insanlar yeni şəraitdə formalaşan, yəni müstəqillik çərçivəsində yetkinləşən siyasətçilərdir. Artıq köhnə dövrdə formalaşan nəsil tədricən gedir. Yeni dövrdə formalaşan şəxslərin baxışları, yanaşmaları da başqadır və buna da normal baxmaq lazımdır. Əslində Rusiyanın özündə də buna oxşar proseslər gedir. Bu gün Belarusda olan toqquşmalarda da bu məqam var. Çünki orada köhnə mental rəhbərlik və yeni nəsil üz-üzədir. Hansı ki, bu yeni nəsil sovetlər birliyinin, kolxozun nə olduğunu bilmir. Bu mənada düşünürəm ki, bizdə də ortaya yeni nəsil çıxır, onların da baxışları və görüntüləri tamam başqadır. Amma deməzdim ki, bizdə kadrların yenilənməsi Rusiyaya qarşı yönəlib.

- Amma iddialar səslənir ki, bu şəxslərin Rusiya ilə yaxın əlaqələri olub...

- Mən demirəm ki, əlaqələr olmaya bilər. Sizin Amerika ilə də yaxın əlaqələriniz ola bilər. Amma yaşın çatıbsa, qəbirə gedənə qədər orada qalmayacaqsan ki... Kiminsə kimləsə münasibəti və ya rəğbəti ola bilər. Amma bu o demək deyil ki, orada yüz il əyləşməli və öləndən sonra kabinetdən cəsədi çıxmalıdır. Odur ki, bu addımlar normaldır. Bir daha deyirəm ki, kadr dəyişikliklərini Rusiyaya qarşı addım kimi təqdim etməyi doğru saymazdım. Sadəcə bu reallıqdır, artıq SSRİ-nin dağılmasından 30 il keçir. O zaman 5-6 yaşlı olan uşaqlar müstəqillik dövründə formalaşıb. Sən zamanında ancaq Moskvada və digər şəhərlərdə oxuya bilərdin. İndi gedib Londonda, Vaşinqtonda və digər dünya şəhərlərdə oxuyursan, gedirsən-gəlirsən, internet və digər faktorlar var. Mental dəyişikliklər baş verir. Bunlar tamam başqa insanlardır və yanaşmadır. Rusiyada, Belarusda və digər ölkələrdə də buna bənzər proseslər gedir, nəsillər dəyişir. Nəsillər dəyişdikcə təsirlər də azalır.

 

 






Fikirlər