Arzu Nağıyev: “İranın da bu formatda təmsil olunması Azərbaycan və ümumiyyətlə, region üçün önəmlidir”; Rauf Mirqədirov: “Taktiki yaxınlaşma Qərblə geopolitik oyunda bir təsir vasitəsi kimi istifadə olunur”
7 aylıq gərgin münasibətlərin ardınca mülayimləşən Rusiya-Türkiyə münasibətləri prezident Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburq səfəri ilə tam əvvəlki məcrasına düşmüş sayıla bilər. Türkiyə liderinin yüksək səviyyədə qarşılanması, hər iki dövlət başçısının səmimi mesajları, nəzərdə tutulan layihələr barədə anonslar “soyuq müharibə”nin tarixdə qaldığına şübhə yeri qoymur.
Paralel olaraq perspektiv münasibətlərdə Azərbaycanın da yer ala biləcəyinə dair açıqlamalar Ankara və Moskva arasındakı əlaqələrə Azərbaycanın marağını daha da artırır. Azərbaycan rəhbərliyinin iki qonşu ölkənin barışığına nail olmaq istiqamətində çalışmaları həm Rusiya, həm də Türkiyə hakimiyyəti tərəfindən təqdir olunmuşdu. Bunun ardınca Azərbaycanın da yer aldığı formatın yaradılması istiqamətində fikir mübadiləsinin aparılması Bakının regiondakı roluna verilən önəmini təsdiqidir.
Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, “Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər”. Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan və Rusiya ilə üçtərəfli formatın yaradılması mexanizminə müsbət baxır. Qeyd edək ki, bəzi müşahidəçilər 8 avqustda Bakıda baş tutmuş İran, Türkiyə və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünə istinad edərək, yaradılacaq formatda Tehranın da yer ala biləcəyini güman edirlər. Ekspertlər isə bu formatla bağlı fərqli fikirdədir.
Politoloq Arzu Nağıyev hesab edir ki, Azərbaycanın belə bir əməkdaşlıq formatında təmsil olunması mühüm bir məsələdir: “İlk növbədə qeyd edilməlidir ki, son vaxtlar Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya- İran kimi formatlarda da dövlətimiz təmsil olunur. Yəni regional problemlərin həllində dövlətimizin iştirakı təmin olunur və avtomatik olaraq Ermənistan bu proseslərdən təcrid olunur. Bu isə prioritet problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Yəni geosiyasi məsələlərin həlli məhz Azərbaycanla bir yerdə həyata keçirilir”.
A.Nağıyev əlavə etdi ki, Türkiyə və Rusiya da iqtisadi məsələlərin həllində, o cümlədən “Şimal-Cənub” dəhlizinin yaradılmasında və inkişafında Azərbaycanın iştirakını və mühüm rolunu dəstəkləyirlər: “Bundan başqa, Türkiyə Xəzərin statusunun tezliklə həll olunmasında maraqlıdır və bununla Türkmənistan qazının nəqlində iştirak edə bilər. Hərbi əməkdaşlığa gəldikdə isə NATO üzvü olan Türkiyə və digər blokda təmsil olunan Rusiya ilə bir yerdə olmaq Azərbaycan və onun təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün vacib və önəmli bir məsələdir. İranın da bu formatda təmsil olunması Azərbaycan üçün və ümumiyyətlə, region üçün önəmlidir”.
“Mən bu formatın səmərəli bir format olacağına inanmıram. Çünki tərəflərin bir-birindən istəyi fərqlidir. Türkiyə Cənubi Qafqazda real söz sahibi olmaq istəyən dövlətdir. Lakin İran və Rusiya Türkiyəni Cənubi Qafqaz problemlərinin həllinə dəvət etmək istəmir. Ümumiyyətlə, Rusiya ilə İranın ənənəvi mövqeyi ondan ibarətdir ki, regionun problemlərini region dövlətləri həll etməlidir, region dövlətlərindən başqa heç kim hərbi-siyasi üstünlüyə malik olmamalıdır. Bu, ənənəvi bir mövqedir. Bu mənada mən düşünmürəm ki, yaxın zamanlarda İranla Rusiya bu mövqelərindən imtina etsinlər”.
Bu fikirlər isə politoloq Rauf Mirqədirova məxsusdur. Ekspert əməkdaşımızla söhbətində İran və Rusiyanın Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılması barədə çox danışıldığını, ancaq bu barədə fərqli qənaətinin olduğunu vurğuladı: “Düşünmürəm ki, onlar geniş mənada Türkiyəni özlərinə müttəfiq kimi görürlər, bu, mümkün deyil. İran, Türkiyə və Rusiya arasında əməkdaşlıq ola, regionun problemlərinin həlli istiqamətində müəyyən addımlar atıla bilər. Amma əgər hansısa format çərçivəsində hansısa addımlar atılacaqsa belə, düşünmürəm ki, bu uzunmüddətli strateji müttəfiqlik mümkün olsun. Çünki tərəflərin maraqları tam müxtəlifdir. Söhbət təkcə Qafqazın problemlərindən, regional maraqlardan getmir. Həm də tərəflərin bir geosiyasi oyunçu kimi yerlərindən gedir. Maraqlar tamamilə müxtəlifdir. Məsələn, İranla Rusiya ənənəvi olaraq Cənubi Qafqazda bir-biri ilə rəqabət aparırlar. Digər tərəfdən, bir-biri ilə bölüşməyə, razılaşmaya da meyillidirlər. Bunun bir çox səbəbi var. Səbəblərdən biri də budur ki, hər iki tərəf Cənubi Qafqazın regiondankənar qüvvələrin təsiri altına keçməsini istəmir. Digər tərəfdən, İran bütün hallarda Azərbaycanın güclü, çiçəklənən, demokratik dövlətə çevrilməsini istəmir. Çünki bu, İranın özünün daxilində ciddi problemlər yarada bilər. İranda böyük bir Azərbaycan icması var və bu, onlar üçün ciddi bir nümunə ola bilər. Regionu çox ciddi nəzarət altında saxlamaq, Azərbaycanın təsir imkanlarının genişlənməsinə yol verməmək hər iki tərəfin maraqlarına cavab verir”.
Ekspertə görə, Türkiyənin regionda Azərbaycanın müttəfiqi kimi söz sahibi olması da onların maraqlarına cavab vermir: “Digər yandan, onu da nəzərə almaq lazımdır ki, İran və Rusiya bir çox sahələrdə, xüsusilə də enerji sahəsində rəqabət aparır. Yaxınlarda bu rəqabət kifayət qədər genişlənəcək. Çünki İran dünya bazarına çıxmağa hazırlaşır. Eyni zamanda öz qazını Avropa bazarına çıxardığı üçün Rusiyanın rəqibinə çevrilir”.
R.Mirqədirov Rusiya və Türkiyənin müttəfiqliyinin daha çox Qərbə mesaj xarakterli olduğunu vurğuladı:“Bu yaxınlaşmadan Qərblə öz oyunlarında istifadə etmək istəyirlər. Bundan əlavə, Rusiya ilə Türkiyə arasında Suriya, kürd problemləri var. Bu problemlərlə əlaqədar tərəflərin ümumi dil tapacağına ümidlər çox azdır. Digər tərəfdən, iqtisadi sahəyə baxanda tərəflər əməkdaşlığa məhkumdurlar. Çünki Türkiyə həm enerji istehlakçısıdır, Rusiya isə həm enerji ixrac edir, həm də Türkiyə ərazisindən tranzit kimi istifadə etmək istəyir. Siyasi şərhçilər bu amilə çox diqqət yetirirlər. Amma digər amili nəzərə almırlar ki, Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub və Qərbdən aldıqları Rusiyadan aldıqlarından dəfələrlə çoxdur. Yəni söhbət Avropa Birliyi ilə gömrük və ticarət sazişindən gedir. Türkiyənin həmin sazişlərdən aldıqları Rusiyadan ala biləcəklərindən dəfələrlə çoxdur. Bu mənada ümid etmək ki, Türkiyə Qərbdən aldığı iqtisadi üstünlüklərdən imtina edəcək, bu, sadəlövhlük olardı. Türkiyənin ticarət balansına, hara, nə satdığına baxmaq kifayətdir. Rusiya isə enerjidaşıyıcılarını satmağa məhkumdur. Türkiyə bazarı da bundan imtina etsə, ziyan çəkəcək. Hətta münasibətlərin ən kəskin dövründə belə, Rusiya Türkiyəyə qaz satmaqda davam edirdi. Bundan başqa, Türkiyənin regiondakı nüfuzu da onun NATO üzvlüyünə bağlıdır. Əgər regionda Ankara ilə hesablaşırlarsa və azdan-çoxdan Türkiyəni eşidirlərsə, bu, daha çox Türkiyənin Alyansın cənub cinahının əsas həlqəsi olması ilə bağlıdır. Yəni indiki bu yaxınlaşma taktiki xarakter daşıyır”.
R.Mirqədirov güman edir ki, bu yaxınlaşma daha çox zəiflərin yaxınlaşmasıdır: “Bu gün Rusiya, İran və Türkiyə müxtəlif səbəblərdən zəif vəziyyətdədir. Daxili vəziyyətlə bağlı problemlərin olması ilə yanaşı, Qərblə də ciddi problemlər var. Bu mənada taktiki yaxınlaşma Qərblə geopolitik oyunda bir təsir vasitəsi kimi istifadə olunur”.