Ermənistanda çevriliş olsa, kapitulyasiya sənədindən imtina edə bilərlərmi... - GƏLİŞMƏ
44 günlük müharibədən az sonra Azərbaycan ictimaiyyətində belə fikir səslənirdi ki, Ermənistanda Nikol Paşinyanın devrilməsi bizə sərf etmir. O vaxt Ermənistanda siyasi-hərbi durum çox gərgin idi. İndi yenə Ermənistanda vəziyyət gərginləşib. Hətta bəzi ekspertlərin proqnozuna görə, düşmən ölkədə hakimiyyət dəyişikliyi ola bilər. Hakimiyyət dəyişikliyi isə hərbi canilərdən ibarət revanşistlərin iqtidara gəlməsi demək olar. Bəs, Paşinyanın devrilməsinin Azərbaycana sərf etmədiyi fikri yenə qüvvədə qalırmı?
Siyasi ekspert Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibədən sonra Nikol Paşinyanı devirməyə çalışan birləşmiş müxalifət faşizm ideyalarının daşıyıcıları olan, Xocalı canilərinin liderlik etdiyi qüvvələr idi. Onlarla müqayisədə nisbətən kompromisə meyilli olan siyasi qüvvə Nikol Paşinyan görünürdü. Bu baxımdan da Azərbaycan cəmiyyətində, siyasi ekspertlər camiəsinə belə bir fikir hakim idi ki, Paşinyanın devrilməsi və Robert Köçəryan tipli revanşist hərbi canilərin hakimiyyətə gəlməsi bölgədə vəziyyəti daha da gərginləşdirə bilər.
Ona görə də belə fikirlər səslənirdi ki, Paşinyanın hakimiyyətdə qalması Azərbaycana sərf edən variantdır: “Amma bu fikirlə yanaşı bəzi siyasi analitiklər, siyasətçilər o fikirdəydilər ki, Ermənistanda nə baş verməsindən, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycan hər cür vəziyyətə hazır olmalıdır.
İyun ayında keçirilən seçkilərdə qələbə qazanan və hakimiyyətini qoruyub saxlayan Nikol Paşinyanın bu seçkilərdən sonra mövqeyində dəyişikliklər baş verməyə başladı. Sərhədlərin delimitasiya və demarkasiyası və digər vacib məsələlərlə bağlı Paşinyan qeyri-konstruktiv yol tutmağa, sərhədə Rusiya sülhməramlılarını yerləşdirmək məsələsini ortaya atmağa başladı. Görünən odur ki, Paşinyan 10 noyabr anlaşmasının şərtlərinə görə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən yayınmaq istəyir. Ona görə də vaxtı uzatmağa çalışırlar. Həmçinin ermənilər son zamanlar hər gün müxtəlif istiqamətlərdə atəş açır, təxribatlar törədirlər. Bütün bunlar göstərir ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu ölkənin siyasəti dəyişən deyil. Amma ümumən götürdükdə, hazırda müxalifətdə olan qüvvələrlə müqayisədə Nikol Paşinyan və onun komandasının bir sıra üzvləri nisbətən daha ilımlı münasibət sərgiləyirlər. Ermənistanda revanşist qüvvələr Paşinyanı devirib hakimiyyətə gələcəklərsə, bu, ilk növbədə Ermənistanın, eyni zamanda Rusiyanın özünün də maraqları üçün uyğun vəziyyət yaratmaz. Azərbaycan, inanıram ki, bütün variantlara hazırdır".
Siyasi ekspert Əli Orucov isə bildirdi ki, Ermənistanda kimin iqtidarda olmasından asılı olmayaraq Azərbaycana düşmən münasibət qalmaqda davam edəcək. Çünki bu yanaşma erməniyə körpəlikdən təbliğ edilir. Onların imkanları olsa yer üzündə bir türkə aman verməz: “Paşinyanla özündən əvvəlki iqtidarların fərqi ondadır ki, real durumu, ortada olan səhnəni tədricən anlamağa çalışır. Kompromislərə getməyin və geri adım atmağın vacib olduğunu dərk etməkdədir. Və bunu müvəqqəti manevr kimi də qiymətləndirmək olar. Ermənistanda yenidən siyasi vəziyyətin gərginləşməsi Qarabağ üzərindən aparılır və opponentləri Paşinyanı bu kartla vurmaqda göründüyü kimi israrlıdır. Lakin irəvanın siyasi ab havasını Moskva müəyyənləşdirir. Rusiya müxaliflərin əli ilə Paşinyanı daha çox sıxmaqla və onu tam idarəsinə salmaqla manevr yollarını bağlayır. Çünki Qərbdə bəzi dairələrin Paşinyana simpatiyası və dəstəyi var. Erməni baş nazir də özünü qərbyönlü kimi göstərir. Eyni zamanda Rusiyanın məqsədi ümumilikdə regionda qeyri-stabillik yaratmaqdır. Cənubi Qafqazın bir ölkəsində vəziyyət gərginləşə, digərlərinə də təsiri olur. Mən düşünmürəm ki, Paşinyan iqtidardan yaxın müddətə getsin. O hələ bizə də, Rusiyaya da, Qərbə də lazımdır. Çünki cənubi Qafqazda daha böyük proseslər və layihələr qabaqdadır. Supergüclərin geopolitik maraqları burada yeni düzən formalaşmasdırmasına köklənib”.
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistanda siyasi vəziyyətin daha da kəskinləşməsi mümkündür. Amma bunun hakimiyyətin dəyişilməsinə gətirib çıxaracağı ehtimalı çox azdır. Çünki Nikol Paşinyan müharibədə məğlub olsa da xalqın səsi ilə növbəti dəfə hakimiyyətə gəlib. Yeni proqramlar qəbul edib və islahatlar vəd edib. Ona görə də ümumiyyətlə müxalifətin parlamentdə davaları və bu kimi təxribatlara cəhd etməsi nəticə verməyəcək: “Bundan əlavə Nikol Paşinyan hələ də sülhdən danışır və əməkdaşlıq əlaqələrini önə çəkir. Prosesi əngəlləyən məhz Rusiyadır və Paşinyan buna mane ola bilmir. Paşinyana alternativ qüvvələr revanşist Qarabağ klanıdır və onların hakimiyyəti isə Azərbaycanla növbəti hərbi eslakasiyaya gətirib çıxara bilər. Düşünürəm ki, Paşinyanın sürüşkən siyasətinə baxmayaraq, onun hakimiyyətdə qalması Azərbaycanın müəyyən mənada maraqlarına cavab verir. Hazırda Paşinyan ən optimal variant olaraq qalır”.
“Yeni Müsavat”