Sabiq maliyyə naziri: "Bu, Azərbaycanın tam müstəqilliyini bərpa etmək üçün əsas addımlardan biri idi"

Sabiq maliyyə naziri:

"Bu gün Azərbaycan ordusunun yaranma günüdür. Ölkənin bütün fəaliyyəti çərçivəsində ən yüksək qiymətləndirilə bilən sahə ordu quruculuğudur. Həm beynəlxalq səviyyədə, həm ölkə daxilində birmənalı yüksək qiymətləndirilən də ordu quruculuğudur". 
 
 Moderator.az xəbər verir ki, bunu sabiq maliyyə naziri, professor Saleh Məmmədov qeyd edib. Bildirib ki, Sovet dövründə Azərbaycanda ordu quruculuğuna imkan verilməmişdi və Azərbaycanlı əsgərlər əsasən qara fəhlə kimi istifadə olunmuşdu. Bu dövrün zor şəraitində, əsgərlərimiz öz torpaqlarını müdafiə etmək üçün böyük qəhrəmanlıq göstəriblər:
 
"Sovet əsarətindən azad olduqdan sonra Rusiyanın diktəsi ilə Ermənistanla müharibə başladı və Azərbaycan məğlubiyyətə düçar oldu. Bu dövr ərzində Azərbaycanın müstəqilliyini qorumaq üçün böyük mübarizələr verildi. Buna baxmayaraq, Azərbaycan əsgəri parakəndə halda olsa da qəhrəmanlıq nümunəsi göstərdi. 
30 il ərzində Azərbaycan ordusu daimi təkmilləşdirildi və öz torpaqlarını Rusiya - Ermənistan işğalından  azad etdi. Bu, Azərbaycanın tam müstəqilliyini bərpa etmək üçün əsas addımlardan biri idi.
Azərbaycan ordusu dünya hərbi ekspertləri tərəfindən ən mükəmməl və texnoloji rəqəmsal ordu kimi qiymətləndirilmişdir. Hər hansı alternativ qiymətləndirmə ilə rastlaşmadım.  Bu, təlimat, strategiya və texnologiyada böyük nailiyyətlər əldə etdiyimizi göstərir.
 Ordu quruculuğu, iqtisadiyyat, siyasət və təhsil sahələrində ən mükəmməl quruculuq elementi kimi nümunədir. Bu, Azərbaycanın müstəqilliyini qorumağa olan inamımızı və iradəmizi təsdiqləyir. Bu gün Azərbaycan ordusu bütün beynəlxalq və regional səviyyələrdə Azərbaycanın müstəqilliyini qoruma gücünə malikdir. 
Bununla bərabər demək istəyirəm ki, dünya virtuala keçir, əməliyyatların daha çoxu virtualda həyata keçirilir. Süni intellekt həyatımıza daxil olmuş, insansız idarəetmə sistemi qurulur. Klassik ordu nə qədər qüdrətli olsa virtual müdafiə sistemini, hipertəhlükəsizlik elementlərini əvəz edə  bilməz. Virtual dünyada müdafiə sisteminin qurulması klassik  dünyanın ordusu, təhlükəsizlik sistemindən daha vacibdir. Həm kadr hazırlığı, həm proqramlaşdırma və hipertəhlükəsizlik elminin yaradılması, sistemin qurulmasında gecikmək əsarət altına düşmək qədər təhlükəlidir. 
Azərbaycan ordusunu, bu ordunu qurmuş Ali Baş Komandanı və bütün Azərbaycan xalqını bu möhtəşəm ordu quruculuğu, ordu günü münasibətlə təbrik edirəm, şəhidlərimizin ruhu şad olsun!".






Fikirlər