YAP-da yeni dövr başlayır - “Köhnə qvardiya”nın ağlasığmaz planı...

YAP-da yeni dövr başlayır - “Köhnə qvardiya”nın ağlasığmaz planı

Son illər siyasi proseslərə təsir imkanlarını xeyli itirən hakim Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinin elan olunması ilə təkrar ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. YAP seçki marafonuna qoşulan üzvlərinin adını açıqlayandan sonra bu müzakirələr yenidən qızışıb. 

 Gözləntilərin əksinə olaraq, stajlı YAP-çıların əksəriyyəti hakim partiyanın yekun siyahısında yer ala bildi. Hətta son illər məmur kimi fəaliyyət göstərdiyi üçün aktiv siyasətdən uzaq düşən Əli Əhmədov, Mübariz Qurbanlı, Heydər Əsədov, Asif Əsgərov kimi qocaman YAP-çı və sabiq məmurlar da deputat olmaq şansı qazandılar. 

Siyasi müşahidəçilər YAP ətrafında cərəyan edən son hadisələrdən ciddi nəticələr çıxarmağa başlayıblar. Ümumi rəy bundan ibarətdir ki, “köhnə qvardiya” asanlıqla təslim olmaq niyyətində deyil. Əksinə, son 4-5 ildə itirdiyi mövqeləri geri qaytarmağa iddialıdır. 

Məlumat üçün bildirək ki, YAP müxtəlif səbəblərdən son illər siyasi proseslərdən uzaq qalmışdı. Hətta kadr seçimində belə, bu partiyanın potensialına nadir hallarda müraciət olunurdu. Bunun əvəzinə YAP üzvü olmayan, amma xaricdə təhsil almış gənc kadrlara üstünlük verilirdi. Təyinatlarda YAP üzvü olmaq əsas faktor hesab edilmədiyi üçün bu təşkilata üzvlük üçün müraciət edənlərin sayı da nəzərəçarpacaq dərəcədə azalmışdı. 

YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri saytımıza bildirib ki, hakim partiya “kölgə”də qalmaqla heç vaxt barışmayacaq. Onun sözlərinə görə, Əli Əhmədov, Mübariz Qurbanlı, Heydər Əsədov və Asif Əsgərovun yenidən vitrinə çıxarılması bunun anonsu sayıla bilər. Mənbə deyib ki, YAP əvvəlcə parlamentə tam nəzarəti ələ keçirməyi hədəfləyir. Qocaman YAP-çıların deputat kimi qanunverici orqana qayıtması məhz buna xidmət edir. Bu proses Əli Əhmədovun vitse-spiker seçilməsi ilə yekunlaşacaq. Onun sözlərinə görə, YAP-ın hədəfləri daha böyükdür. Partiya qanunverici orqan üzərində nəzarəti təmin edəndən sonra hakimiyyətin digər qollarında da öz kadrlarını yerləşdirməyə başlayacaq. 

Son vaxtlar cərəyan edən hadisələri hakimiyyətdəki “islahatçı”larla “mühafizəkar”lar arasında mübarizənin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirənlər də var. /Yenisabah.az






Fikirlər