“KÖHNƏ QVARDİYA” VƏ YAP-ın SİYAHISI... – Kimlər “QURBAN” veriləcək?
Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədlər siyahısı göstərir ki, hakim partiyada mühafizəkar kəsimin təsir gücü hələ də yüksək olaraq qalmaqdadır. İdarəetmə, kadr və struktur islahatlarının bəyan edildiyi bir dönəmdə ortaya qoyulan bu siyahını ölkədəki islahat, yenilik ab-havası ilə uyğunlaşdırmaq kifayət qədər çətindir. Belə ki, siyahıda artıq dəfələrlə mandat almış, cəmiyyətdə qıcıq yaradan, öz fəaliyyətləri, açıqlamaları və mövqelərilə Milli Məclisin, ümumilikdə qanunvericilik institutunun nüfuzdan düşməsində “müstəsna xidmətləri” olan şəxslərin də təmsil edildiyini görürük. Belə namizədlər sırasına Hadı Rəcəblidən, Siyavuş Novruzovdan, Hüseynbala Mirələmovdan, Eldar İbrahimovdan tutmuş, lap elə Oqtay Əsədovun özünə qədər, bir çox deputatları aid etmək olar. Əslində, partiya mənsubiyyətindən asılı olmayaraq, özünü islahatlara uyğunlaşdıra bilmədiyini etiraf edərək istefaya gedən bir parlamentin təmsilçilərinin yenidən namizədliklərini irəli sürmələrinin özü cəmiyyətdə birmənalı qarşılanmırdı. Digər tərəfdən, yüksək səviyyədə qanunverici orqanın yenilənməyə ehtiyacı olduğu bəyan edildiyi halda, bu yenilənmənin yuxarıda adlarını qeyd etdiyimiz şəxslərlə həyata keçirilməsinin mümkünlüyü, yumşaq desək, inandırıcı görünmür. Bu adamlar yenidən parlamentdə təmsil olunacağı təqdirdə cəmiyyətin idarəetmənin bütün sferalarında elan edilən islahatlara ümidi ciddi zədə almış olacaq. Hadı Rəcəblini zalda, Oqtay Əsədovu isə rəhbərlikdə görən vətəndaşın islahata inamı qalarmı?... Lakin burada bir məqamı nəzərdən qaçırmaq olmaz. Məsələ ondadır ki, YAP-ın siyahısı hələ Milli Məclisin siyahısı demək deyil. Ötən illərin təcrübəsi göstərir ki, hakim partiyanın namizədlərinin təqribən yarıdan bir qədər çoxu deputat mandatına layiq görülürlər. Son 2015-ci il parlament seçkisində irəli sürülən 117 namizəddən 71-i mandat ala bilmişdi. Təbii ki, bu dəfə də YAP-ın siyahısına düşüb, parlamentə düşə bilməyənlər olacaq. Hətta ehtimal etmək olar ki, belələrinin sayı ötən seçkilərlə müqayisədə xeyli çox olacaq. Çünki cəmiyyətə YAP-dan kənarda, nisbətən müstəqil, bitərəf, hətta hakimiyyətə müxalif kimi təqdim olunan şəxslər və siyasi təşkilatlar var ki, onlar hakimiyyətin elan etdiyi islahat kursuna “köhnə qvardiyaya” aid bir çox YAP-çılardan daha çox uyğun gəlirlər. Və hakimiyyətin də belə namizədlərin parlamentə düşməsində maraqlı olduğunu söyləmək olar. Ona görə də YAP-ın siyahısında təmsil olunan “köhnə qvardiyaçıların” bir qismi də daxil olmaqla, çoxlarının həmin namizədlərə “qurban verilməsi” ehtimalı olduqca yüksəkdir. Bütün bunlarla yanaşı, məyusedici hal odur ki, hətta gələcək parlament özü nisbətən islahatçı olacağı təqdirdə belə, YAP, demək olar ki, yenə də yerində saymış olacaq. Kimlərin parlamentə düşəcəyindən asılı olmayaraq, ortaya qoyulan siyahı göstərdi ki, hakim partiyanın özünün də ciddi islahatlara ehtiyacı var. Ancaq hər şey sonda, fevralın 9-da keçiriləcək seçkinin nəticələri elan olunandan sonra bəlli olacaq. Əgər yenə də Hadı Rəcəbli, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Oqtay Əsədov, Naqif Həmzəyev və digər bu qəbildən olan şəxsləri parlamentdə görəcəyiksə, deməli “köhnə qvardiya” doğrudan da öz gücünü və nüfuzunu saxlayır, özü də təkcə YAP-da yox... AzPolitika.info