İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev parlamentin ilk iclasında milli təhlükəsizliyə olan təhdidlərdən bəhs etdi. Azərbaycana qarşı əsas təhlükə yaradan amillər nələrdir?

- Bölgə üçün təhdidlər var. Xüsusən də Ermənistanın silahlandırılması fonunda bu real görünür. Erməni revanşizmi hansısa mərhələdə Azərbaycana qarşı öz təxribatlarını gücləndirərək, yeni oyunlar oynaya bilər. Sözsüz ki, buna görə alacaqları cavab da sarsıdıcı olacaq. Sadəcə olaraq heç nəyə qadir olmayacaqlar. Bu gün ermənilərin aldıqları silahlar da zəruri səviyyədə deyil. Belə silahlarla müasir döyüş əməliyyatları aparmaq onlar üçün çətin olacaq. Görünən isə odur ki, Ermənistan bu gün Qərblə Rusiya arasında oyunlar aparır. İrəvan bu oyunlarını rəsmi Tehranla da həyata keçirir. Məqsəd isə Azərbaycanla mümkün sülh sazişindən yayınmaqdır. Hansısa ölkələrdən maliyyə dəstəyi qazanmaq istəyirlər. Sülh olsa, ermənilərə ayrılan maliyyə bəs etməyəcək. Ona görə də, Ermənistan sülhü pozmaq üçün müxtəlif gedişlər edir. ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Nikol Paşinyan yenə də sülhdən danışdı. Amma hamı bilir ki, onun bütün bəyanatları boş və mənasızdır. İndiki halda onlar nə sülh istəyir, nə də yeni müharibəyə qadirdilər.

- Zəngəzur dəhlizi ətrafında müzakirələr getsə də, real nəticə yoxdur. Prosesi qəlizləşdirən nədir?

- Hətta iddia edirlər ki, Zəngəzur dəhlizinin açılması Qarabağ müharibəsindən daha çətin bir məsələdir. Bu ancaq iranpərəstlərin mövqeyidir. Əslində dəhlizin açılması regionda hamının maraqlarına xidmət edir. Rusiya, Qərb və Türkiyə bu dəhlizin açılmasında maraqlıdır.

- İran niyə buna qarşı çıxır?

- Rəsmi Tehranın istəyi odur ki, regionda olan bütün kommunikasiya xətləri onların ərazisindən keçsin və nəzarəti bunlar həyata keçirsin. Ona görə də, Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir.

- Dəhlizin açılması İrəvana nə verə bilər?

- Ermənistan dəhliz açılsa çox ciddi qazanc əldə edər. Sadəcə olaraq İrəvan indi nə istədiyini və haradan nə qazanacağını bilmir.

- Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi durmadan artır. Qərbin belə sanksiya tətbiq etdiyi ölkə ilə İrəvanın artan ticarəti əlaqələri nə ilə bağlıdır?

- İrəvan hazırda Rusiyaya qarşı Qərbin təqbiq etdiyi sanksiyalar fonunda qazanc əldə edir. Sanksiya altında olan mallar məhz Ermənistan vasitəsi ilə Rusiyaya çatdırılır. Bu gizlin bazarlıqdan ermənilər yaxşı qazanc əldə edib. Nəticədə Rusiya ilə Ermənistan arasında olan ticarət dövriyyəsinin həcmi 30 dəfə artıb. Bütün bunlar Moskvaya Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyalardan sonra olub.

- Bu faktlar bilindiyi halda niyə göz yumulur?

- Qərbin bəzi şirkətlərinin Rusiyadan qazanc əldə etməsində də Ermənistan vasitəçi rolundadır. Fakt bu gün İrəvan hər iki tərəf arasında əsas rolda çıxış edərək qazanc götürür. Özlərini isə yazıq obrazda təqdim edirlər.

- Son zamanlar Bakıya qarşı hansısa əsassız təzminat məsələləri gündəmə gətirilir. Azərbaycana işğal dövründə vurduğu zərərə görə, beynəlxalq hüquq müstəvisində Ermənistanı hansı cəza gözləyir?

- Ermənistan işğal dövründə Azərbaycana çox ciddi zərər vurub. İşğal altında saxladığı ərazilərdə ermənilər demək olar ki, hər şeyi məhv edib. Bununla yanaşı Qərbi Azərbaycanlılara qarşı da Ermənistanın vurduğu zərərin qarşılığı ödənilməyib. İndiki halda başqa-başqa yerlərdə Qarabağdan könüllü getmiş ermənilərlə bağlı Azərbaycana qarşı əsassız təzminat məsələlərini gündəmə gətirməyin məqsədi isə başqadır. Onlar məhz Azərbaycana qarşı əsassız əks-arqumentlə çıxış etmək iddiasına düşüblər. Amma bütün hallarda beynəlxalq hüquqa görə, vurduğu bütün zərərlərə görə, Ermənistan məsuliyyət daşıyır.






Fikirlər