Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi

Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi

Ermənistandakı “Vətən naminə Tavuş” müxalifət hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyan hökumətinə qarşı mübarizənin yeni mərhələsinə başlayıb. Bu məqsədlə o, xalqa müraciət edərək, hamını etiraz aksiyalarına qoşulmağa çağırıb. Srağagün gün isə erməni keşişin başçılığı ilə İrəvanın respublika meydanında müxalifətin mitinqi keçirilib. Mitinqin hədəfi N.Paşinyanı istefaya göndərmək olub.
 

 

Mitinqinin başa çatmasından sonra arxiyepiskop B.Qalstanyan etirazçılara dağılışmamağı və İctimai Televiziyaya yürüş etməyi təklif edib. Yürüş baş tutub və erməni keşiş etirazçılar üçün öz mövqeyini səsləndirmək məqsədilə efir vaxtı tələb edib. İstəyinə çatan müxalifət hərəkatının lideri, arxiyepiskop B.Qalstanyan ölkənin İctimai Televiziyası ilə xalqa müraciət edərək, baş nazir N.Paşinyanın əleyhinə danışıb. B.Qalstanyan fürsətdən istifadə edərək, əhalini bazar günü respublika meydanına gəlməyə, yeni aksiyaya qoşulmağa çağırıb.

 

Ermənistanda baş verən ictimai-siyasi prosesləri Medianews.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Bakı və İrəvan arasında sərhədlərin müəyyənləşdirilməsi, eləcə də sərhəddə 4 kəndin Azərbaycanın nəzarətinə verilməsi fonunda “Vətən naminə Tavuş” hərəkatı meydana gəlib.

 

 

Onun sözlərinə görə, bu hərəkatla B.Qalstanyan həm hakimiyyət əleyhinə mitinqləri təşkil edir, həm də kəndlərin qaytarılmasına etirazını bildirirdi: “Həmin kəndlər Azərbaycanın ərazisi olduğu üçün bu gün bizim nəzarətimizdədir. Qalstanyanın hakimiyyət əleyhinə fikirləri də heç bir nəticəyə gətirib çıxarmadı, fiaskoya uğradı. Bu gün də sülh müqaviləsinin imzalanması ilə bağlı gərgin bir fəaliyyət icra olunduğu zamanda yenidən ayrı-ayrı beynəlxalq güc mərkəzləri Qalstanyanı ortaya atırlar. Müxtəlif nümayişlər təşkil edilir, çıxışlar icra olunur. Şübhəsiz ki, bu, regionda sülh əleyhinə fəaliyyətin tərkib hissəsi, Nikol Paşinyana olan təzyiqlərin bir göstəricisidir. Bununla regionda sülh istəməyən qüvvələr yeni planlar qurur, bundan irəli gələrək pozuculuq fəaliyyətlərini daha da genişləndirilər”.

 

Politoloq vurğulayıb ki, Ermənistanda sabitlik və ictimai asayişin qorunması regional təhlükəsizlik baxımından diqqət çəkir: “Hər zaman Ermənistanda hakimiyyətin devrilməsinə dair cəhdlər, üsyanlar, terror fəaliyyətləri regional sülhə mənfi təsir göstərib. Bu gün də biz onun növbəti mərhələsini görməkdəyik. Şübhəsiz ki, bu nümayişlər həm də Nikol Paşinyanın hakimiyyətini zəiflədir. Hadisələrə digər rakursdan baxsaq, bu nümayişlərin qarşısının alınması, xalq tərəfindən etimad qazanılmaması həm də Paşinyana siyasi legitimlik verir. Onun mandatını daha da gücləndirir. Hazırda Paşinyan hakimiyyət əleyhinə olan nümayişlərin dəf edilməsi fonunda sülhə maraqlı olduğunu ifadə edərsə, bu, yenidən prosesi daha da tormozlayacaq”.






Fikirlər