“Region üçün hansısa yeni bir model hazırlandığı istisna olunmur...”
“Qərbin də elə bir istəyi yoxdur ki, ondan uzaq ölkələr də onun təsiri altında olsun. Əfqanıstandakı təcrübə də göstərdi ki, bəzi ölkələr Qərb modelini qəbul etməyə heç cür hazır deyillər...”
Bir sıra beynəlxalq analitik mərkəzlərin təhlilləri göstərir ki, Ukraynaya genişmiqyaslı təcavüzü fonunda korrupsiya bataqlığında üzən, insan haqları kütləvi şəkildə tapdanan Rusiya gec-tez kollektiv Qərblə rəqabətdə məğlub olacaq, çünki onun söykəndiyi avtoritarizm və totalitarizm dəyərləri tərəqqiyə yox, tənəzzülə aparır. Görəsən, bu halda Azərbaycanın Qərblə, hətta ABŞ ilə gərgin münasibətləri müqabilində Rusiya ilə strateji müttəfiq durumunda olması gələcəyimiz üçün təhlükə yaratmır ki? Nicatımız, tərəqqimiz nədədir; Rusiya ilə müttəfiqlikdədir, yoxsa Qərblə, Avropa, Amerika ilə?..
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Birincisi, biz bu məsələyə o aspektdən yanaşmalıyıq ki, qlobal təhlükəsizlik mövzusu hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl müzakirə olunub. Moskva tərəfdən danışıqlar barədə təkliflər edilib, Cenevrədə Rusiya-ABŞ görüşləri olub, amma, təəssüf ki, nəticəsiz başa çatıb. Bu mövzuya aid müxtəlif mənbələr deyirlər ki, təmaslar və bəlkə də danışıqlar davam edir. Hətta bəzi təhlilçilər iddia edirlər ki, artıq hansısa təmasların nəticəsində Rusiya və Ukrayna arasında müəyyən bir razılaşma ola bilər. Və burada Ukraynanın faciəsi daha aydın görsənir və bəlli olur ki, həmin ölkə bir faktor kimi bu oyunda istifadə olunub. Mən onu da istisna etmirəm ki, hansısa bir razılaşma əldə ediləndən sonra bəzi geopolitik bölüşmələrə dair hansısa qərarlar qəbul olunacaq. Görək, axırı necə olacaq? Bəlkə də alver davam edir. Hələ nəsə demək tezdir... Burada Çin mövzusu da bir faktor kimi öz rolunu oynayır. Biz görürük ki, rəsmi Pekin də, az da olsa, Qərblə gərginliyi saxlamaqda davam edir...
Belə bir durumda Azərbaycan üçün ciddi təhlükələr yaranacağına inanmıram. Çünki bundan əvvəlki model ona görə müzakirə olunur ki, onun bu və ya digər hissələri dəyişiləcək. Və indiki mərhələdə Azərbaycanın Türkiyə və Türk dövlətləri ilə müttəfiqliyi bizim geopolitik seçimimizdir. Hiss olunur ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi hələlik ən azı mənfi deyil. Bu da onu göstərir ki, region üçün hansısa yeni bir model hazırlandığı istisna olunmur... Mən prosesləri belə görürəm. Çünki Putinin sonuncu səfəri və dəfələrlə Azərbaycanın suveren hüquqları barədə bu və ya digər siqnalların olması yeni bir modelin olacağını göstərir. İkincisi də, Qərbin də elə bir istəyi yoxdur ki, ondan uzaq ölkələr də onun təsiri altında olsun. Əfqanıstandakı təcrübə də göstərdi ki, bəzi ölkələr Qərb modelini qəbul etməyə heç cür hazır deyillər. Ona görə də hələlik mən belə hesab edirəm ki, gələcək modeldə Qərb, Rusiya, Çin və qismən də Türkiyə və İranın mövqeləri müəyyən şəkildə öz əksini tapacaq..."