Tofiq Zülfüqarov: “Hərbi əməliyyatlar başlasa, təkcə Qarabağda olmayacaq”

Ermənistan ikili oynayır, Azərbaycanla sülh sazişi

Ermənistan çalışacaq ki, Avropa İttifaqının missiyası təkcə sərhədə yox, Qarabağ bölgəsinə də şamil olunsun”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a geniş müsahibə verib. Diplomat Avropa İttifaqının müşahidə missiyasının bölgəyə gəlişindən sonra hərarətin artmasından tutmuş, digər məsələlərədək bir sıra məqamlara münasibət bildirib, maraqlı proqnozlar səsləndirib.

- Tofiq bəy, Avropa İttifaqının emissarları, patrulları Ermənistana gələn kimi, sərhəd boyunca və Qarabağda atəş səsləri intensiv şəkildə eşidilməyə başladı. Bunların arasında əlaqə görürsünüzmü?

- Təbii, birbaşa əlaqə var. Birincisi, erməni ekspertlər deyirlər ki, bu missiya, onun səlahiyyətləri, hərbi imkanları onları qane etmir. Söhbət nədən gedir? Yəni konseptual olaraq ermənilər həmişə bu münaqişədə onların imkanları öz yerində, amma potensial şəkildə digər tərəflərin imkanlarından istifadə ediblər.  Bundan əvvəl  Rusiya hərbi baxımdan, Qərb isə maliyyə baxımından çox ciddi kömək edirdi. İndi isə görünür ki, Rusiya obyektiv səbəblərə görə zəifləyir.  Bəzi məqamlarda elə görüntü yaranır ki, Rusiya üçün Azərbaycan və Türkiyə ilə münasibətlər daha vacibdir, nəinki Ermənistanın maraqları. Belə vəziyyət yaranır ki, Rusiya onlara hərbi dəstək verməyəcək. 2020-ci ilə nəzər salsaq, görərik ki, onlara lazımi səviyyədə dəstək olmayıb. İndi isə gündəmə digər problem gəlir ki, Rusiya Ukrayna müharibəsindən sonra tamamilə bu rolu oynamayacaq. Bu halda ermənilər fikirləşirlər ki, Rusiyanı kiminlə əvəz etsinlər. İndi gələn missiyanın tərkibi, hərbi imkanları heç də o səviyyədə deyil ki, erməniləri qane etsin. İkincisi, hüquqi baxımdan da çox zəifdir. Yəni missiyanın Avropa İttifaqının hansısa qərarı əsasında bura gəlməsi və BMT-nin xüsusi qətnaməsinin olmaması məsələsi onu göstərir ki, ermənilər istədiklərinə nail olmayıblar. Burada müxtəlif səbəblər var. Fransanın əli ilə BMT-dəki cəhdlər onlara istənilən nəticəni vermədi, qətnamə əldə olunmadı. Bu baxımdan indi gündəmə digər mövzu gəlir ki, bəlkə təxribat vasitəsilə yeni bir böhran şəraiti əldə etmək və onun təbliğat dalğasının üstündə hansısa siyasi vəziyyət yaratmaq istəyirlər. Yəni yenə də məsələni böhran kimi adlandırsınlar. Artıq “humanitar böhran” mövzusu gündəmdən çıxır, indi isə hərbi böhran formalaşdırıb, onu BMT səviyyəsinə çıxarmaq istəyirlər.

- Bu, bizə nə vəd edir?

- Əslinə qalsa, burada bizim üçün təhlükəli vəziyyət yarana bilər. Çünki Rusiya yaxşı başa düşür ki, Azərbaycan mandatsız olan bu missiyanı öz ərazisində 2025-ci ildən sonra saxlamaq niyyətində deyil. Digər tərəfdən, Qərb də başa düşür ki, burada Rusiyanın imkanları aşağıdır. Bir var onları tamamilə çıxartmaq, bir də var özlərinə xidmət üçün onları hansısa formada burada saxlamaq. Yəni missiyanın başında duran Qərb olacaq, amma Rusiya sülhməramlı, yaxud digər formatda hərbçilərini burada saxlayacaq. Nəticədə hər iki tərəf burada məqsədinə nail olacaq. Atəşkəsin pozulması bir bəhanədir. Ondan sonra deyəcəklər gəlin, bunu BMT Təhlükəsizlik Şurasında müzakirə edək, qətnamə qəbul eləyək və stabillik yaradan missiya kimi fəaliyyət göstərsin. Çalışacaqlar ki, bu, təkcə sərhədə yox, Qarabağ bölgəsinə də şamil olunsun. Yəni ermənilərin istəklərini bu şəkildə təmin etsinlər. Ona görə də missiyanın gəlməsi ilə atəşkəsin müxtəlif bölgələrdə pozulmasının səbəbi budur.

- Rusiya Müdafiə Nazirliyi növbəti gün də atəşkəsin pozulduğunu elan etdi, amma atəş açan tərəfi açıqlamadı. Rusiya bunu niyə gizli saxlayır?

- İndi həm sərhəddə, həm Qarabağ bölgəsində bu missiyaları birləşdirmək istəyirlər. Əsas məqsəd bilirsiniz nədir? Bəzən bizdə deyirlər ruslar imkan verməz avropalılar gəlsin... Avropanın gəlməsi onlara imkan yaradır ki, beynəlxalq mandat əldə etsinlər. Qərb də buna razıdır. Çünki əsgərləri göndərmək, böyük xərc çəkmək, təhlükə altında hərbçilərini qoymaq lazım deyil. Sadəcə olaraq, ruslar deyəcəklər ki, həmin işi biz görəcəyik. Bəli, üstündə bir-iki “importnı” hərbçi qoyacaqlar, amma mahiyyət baxımından əsas kontingent ruslardan ibarət olacaq. Sinay yarımadasında (Misir) olduğu kimi, 70 ilə yaxındır orada BMT müşahidəçiləri var, ya da Livanda, o şəkildə davam edəcəklər. Orada həm ruslar, həm qərblilər birgə xidmət edirlər, sovetlərin vaxtından.

- Bəs bu təhlükəli plandan necə sığortalanmaq olar? Görünən budur ki, prosesin uzanması Azərbaycanın xeyrinə deyil və hərbi əməliyyatların növbəti, antiterror dalğasının başlanması zərurəti də gündəmin əsas mövzusudur.

- Bu, istisna olunmur. Əslinə qalsa, hərbi əməliyyatların başlanması Ermənistan üçün lazımdır ki, bunu bəhanə eləsinlər. Amma bunun nəticəsi nə olacaq, o da sual altındadır. Yəni tamam fərqli nəticə ola bilər.

- Qarabağdakı 10 minlik separatçı-terrorçu silahlı dəstələr silaha əl atırsa, Azərbaycanın artıq beynəlxalq hüquqa da istinad edib, antiterror əməliyyatlarına başlamaq hüququ var, elə deyilmi?

- Bəli. Tamamilə doğrudur. Özü də hərbi əməliyyatlar başlasa, bu, təkcə Qarabağda olmayacaq. Misal üçün, sərhəddə də bizə təhlükə yaradan hansısa mövqelər də nəzarət altına alına bilər. Biz başa düşməliyik ki, böhran dövründə Naxçıvanda heç bir hərbi toqquşmalar olmayıb. İndi isə vəziyyətin davamı başqa cür ola bilər. Azərbaycanın orada gücü, birbaşa Türkiyə ilə bağlantısı var və sair. Əslinə qalsa, hərbi baxımdan Ermənistan üçün ən böyük təhlükələrdən biridir.

- Sədərək istiqamətindən atəşkəsi pozmaqla sanki Azərbaycan Ordusunu təhrik edirlər...

- Hər halda, onlar hesab edirlər ki, indiki halda ən sərfəli vəziyyət böhrandır... Qarabağ mövzusuna gəldikdə, biz başa düşməliyik ki, Ağdərə-Kəlbəcər yolu bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Kəlbəcərə qışda təhlükəsiz kommunikasiyamız mütləq olmalıdır. Strateji baxımdan bizə o yol lazımdır ki, Kəlbəcərdəki müdafiə qüvvələrimizlə əlaqələrimiz olsun. Çünki hələlik Murovdağın altından çəkilən tunel hazır deyil. Hərbi tələblər nədirsə, biz ona əsaslanmalıyıq, kim nə deyəcək, o, sonranın işidir. Onsuz da hansısa dairələr bizim xeyrimizə bir söz deyən deyillər. Heç BMT qətnamələrini yada salan yoxdur, amma bir kilsəyə mərmi dəyən kimi hay-küy salırlar. Bu baxımdan, Azərbaycan ilk mərhələdə strateji məqsədinə, hədəfinə çatacaq. Təbii, hərbçilər bu məsələləri bizdən yaxşı bilirlər. Hiss olunur ki, ermənilər həmişə olduğu kimi, yenə də təxribat yolunu seçiblər. 2020-ci il müharibəsi ərəfəsində də belə olmuşdu.

- Tofiq bəy, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarın hansı təsirləri ola bilər?

- Heç bir təsiri ola bilməz. Ümumiyyətə,  biz başa düşməliyik ki, orada hansısa siyasi məqsədlərə gətirib çıxaran qərarı heç vaxt əldə eləməmişik. Bu baxımdan, bəzən bizə deyirlər ki, müraciət etmək lazımdır və sair. Mən hesab edirəm ki, ora müraciətin heç bir mənası yoxdur.

- Beynəlxalq Ədalət Məhkəməsinə?

- Bəli. Sadəcə olaraq, ermənilərə təbliğat üçün hansısa əsaslar verir.

- Yəni erməni faktoru hələ də güclüdür?

- Erməni yox. İndi vəziyyət ondan ibarətdir ki, bir çox oyunçuları Türkiyə-Azərbaycan tandemi, Türkiyənin güclənməsi narahat edir. Həmçinin digər geopolitik oyunlar gedir. Bu baxımdan, ermənilər həmişəki kimi təxribatçı rolunu oynamaqdadırlar. Onlara verilən dəstək Türkiyəyə qarşı istifadə olunmaları üçündür. Bu baxımdan, ermənilər geopolitik böyük oyunun alətidirlər. Lazım olsa, elə bir qərar qəbul edərlər ki, Ermənistanı biabır edərlər. Yəni burada hər şey maraqlarla bağlıdır. Biz başa düşməliyik ki, Azərbaycan və Türkiyənin güclənməsi bir çox oyunçuların xeyrinə deyil. Düzdür, digər bir qrup da var, hansı ki, bunu istəyirlər və dəstək verirlər. Böyük bir oyun gedir, baxaq, görək bu oyunun axırı nə olacaq. Amma indiki böyük oyunda Azərbaycanın böyük imkanları var. Çünki bu bölgədə Azərbaycan və Türkiyə böyük imkanlara malikdir, bir çox hallarda öz xeyrinə hansısa addımlar ata bilirlər. Ən azı 2020-ci ildəki müharibə bunu göstərdi. Baxaq, görək gələcəkdə nə olacaq. Bu gərginləşmə düşmənlərin seçimidir. Bizə bir şey qalır: necə deyərlər, siyasi çağırışlara lazımi şəkildə cavab vermək.

- Rəsmi İrəvanın mövqeyindən belə aydın olur ki, onlar Laçın yolunun istisnasız olaraq açıq saxlanılması, Zəngəzur dəhlizindən isə heç bir halda maneəsiz keçidə imkan verməyəcəkləri qənaətindədirlər. Belə olduğu halda nələr baş verə bilər?

- Mən hesab edirəm ki, birmənalı olaraq Azərbaycan yaxın zamanda dövlət qurumlarının nəzarətinin Laçın yolunda nəzarətini bərpa edəcək. O ki qaldı ermənilərin istəklərinə, onların istəkləri ilə olsa, istəyərlər ki, erməni ordusu gəlib Bakının mərkəzində otursun. (Gülür) Ermənilərin istəklərinin həddi-hüdudu yoxdur. Yadınızdadırsa, vaxtilə sizinlə söhbətdə belə bir söz demişdim, Ermənistan Qərbə gedəcək, amma Zəngəzurla, yoxsa yox...

- Siz də hesab edirsinizmi ki, Laçın yolundakı dinc aksiyanın növbəti mərhələsinin zamanı çatıb?

- Bəli. Yeganə yol budur. Görünür ki, Rusiyanın bəzi dairələri bu böhranın yaranmasında maraqlıdırlar.

- Necə bilirsiniz, Sergey Lavrov Bakıya bölgədə sakitlik yaratmağa gəlir, yoxsa ocağın üstünə yanacaq səpməyə?

- Lavrovun qarşısında bir neçə məsələ var, açıq və ya bağlı şəkildə. Açıq şəkildə bəyanatlar belə olacaq ki, Ermənistanın bəzi dairələri Qərbyönlü siyasət yürüdürlər və vəziyyəti gərginləşdirirlər, bunun nəticələri məhz onların üzərində olacaq. Bu, açıq bəyan olunan mövqe olacaq. Amma qapalı məqsədlər barədə artıq yuxarıda dedim. Hələ ki Qərb və Rusiya arasında alver gedir. Yəni hansısa şəkildə vəziyyət yaratsınlar və ona uyğun hansı beynəlxalq qurumlar burada fəaliyyətini davam etdirsin. Vaxt gəlib çatıb ki, Rusiyanın sülhməramlı qüvvələri yeni formata keçsinlər, söhbət bundan gedir...

 






Fikirlər