“XANKƏNDİYƏ YOLUMUZ ZƏNGƏZURDAN KEÇİR” - “Bu dəfə müharibə meydanı Ermənistan olacaq”
Sabiq nazirdən ilginc proqnoz: “Rusiya-Ukrayna müharibəsi bu cür davam etsə, həmin gün yaxındır, uzaqda deyil...” "Onlar “Qarabağ xalqı” deyirlərsə, biz nəyə görə Zəngəzur xalqı, Göyçə mahalı xalqı deməyək? Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a müsahibəsini təqdim edirik: - Tofiq bəy, hələ dəqiqləşməyən sərhəd boyunca erməni təxribatları davam edir. Atəşi erməni əsgərinə açdıran hansı qüvvədir sualı yenə də aktualdır. Bununla bağlı fikirləriniz necədir? - Gəlin əsas məsələni yaddan çıxarmayaq. Bu münaqişə fövqəldövlətlər tərəfindən ona görə yaradılıb ki, bölgəni idarə eləsinlər. Bu, aksiom bir fikirdir ki, onun əsasında istənilən vəziyyəti təhlil etməliyik. Vaxt var idi, Rusiyadan danışırdıq, deyirdik o da Qarabağ bölgəsində müharibənin olmasına çalışır. Yəni elə bir mühit yaratsın ki, uzun müddət ərzində separatçı qurumdan istifadə etsin. İndi isə görürük ki, Qərb də Ermənistan mövzusu ilə bağlı Rusiya ilə qarşıdurmada bəzi qeyri-məntiqli və sülhə gedən yola uyğun olmayan hərəkətlər edir. Hətta biz görürük ki, Ermənistana müxtəlif vədlər verilir və onların revanşist əhval-ruhiyyəsində dəstək göstərilir. - Necə ki, Baydenin İrəvana son məktubunda “dağlıq Qarabağ xalqı” ifadəsi yer almışdı... - Bəli. Tamamilə doğrudur. Həmçinin Pelosinin “biz sizin yanınızdayıq” mövqeyi... Digər oyunçuların, məsələn, İranın birdən-birə ərazi bütövlüyünə “sevgisi”. Yəni 30 il bundan qabaq belə bir sevgi yox idi, indi isə hər yerdə bunu nümayiş etdirirlər. Biz başa düşməliyik ki, sözdə sülhü istəyən əslinə qalsa öz maraqlarını güdür. Burda istər Rusiya, istər Qərb, istər İran hansısa məqamda eyni mövqeni sərgiləyir. Görürük ki, bəzi məqamlarda İranla ABŞ-ın mövqeləri üst-üstə düşür. Odur ki, buradakı təxribatların davamında əsas məqsəd ondan ibarətdir ki, birincisi, dünyada “ay-haray, Azərbaycan bizi işğal edib, ərazi bütövlüyümüzü pozmaq cəhdi edib” təbliğatını aparsınlar. İkincisi, bu və ya digər şəkildə məsələnin həllini istəməkdən söhbət gedə bilər. Yəni ya bizə kömək verin, ya da kömək verməklə yanaşı, elə bir beynəlxalq qurum yaradılsın ki, hansısa qüvvələr hansısa bayrağın altında bölgəyə yeridilsin. Bu, Ermənistanın strateji məqsədidir. Biz görürük ki, bəzi məqamlarda Qərb daha fəal çıxış edir. Ermənilər də özlərini buna uyğun aparmağa başlayıblar. Paşinyan birdən-birə BMT Baş Assambleyasında Azərbaycana müraciət bəyan edir ki, qoy Azərbaycan bizə göstərsin ki, Ermənistanın xəritəsi nədən ibarətdir! Biz niyə göstərməliyik? Özün bax, gör sənin ölkən hansı sərhədlərdən ibarətdir. Sənin fəaliyyətin bu xəritəyə uyğundurmu? Bəs sənin qoşunlarının Qarabağda yerləşməsi, oradakı Ermənistan büdcəsindən maliyyələşmə nədir? Yəni biz görürük ki, bunlar bizim taktiki fəallığın qarşısını almaq niyyətindədirlər. Diplomatik və siyasi istiqamətdə bizim taktiki fəallığımız nədən ibarətdir? Bu sual həm ermənilərə, həm də Baydenə yönəlib: siz Qarabağ məsələsini mövzu kimi saxlamaq isəyirsiniz? Onda biz də Zəngəzur mövzusunu gündəmə gətiririk. Yəni onlar “Qarabağ xalqı” deyirlərsə, biz nəyə görə Zəngəzur xalqı, Göyçə mahalı xalqı deməyək? Orda onların məntiqi bizim bu addımlar nəticəsində zəifləyir. Niyə bu dalğa qalxıb? Çünki biz onların planlarını pozmuşuq və pozmaqda davam edirik. “Sülh göyərçinləri”, siyasətdən heç bir xəbəri olmayanlar Zəngəzur mövzusunu ya başa düşmürlər, ya da başa düşmək istəmirlər. Bəzən deyirlər ki, Azərbaycan üçün əsas mövzu Qarabağ olmalıdır. Bir dəfə demişəm, yenə təkrar edirəm: bizim Xankəndiyə yolumuz Zəngəzurdan keçir. Kimsə bunu dərk etmirsə, onun öz problemidir. - Böyük qüvvələrin maraqları bəlli. Bəs fəlakətli durumda olan Ermənistan niyə hələ də anlamaq istəmir ki, revanş cəhdləri bu ölkənin tam məhvinə apara bilər? - Görürsünüz, onlar yüksək dərəcədə xoşbəxtdirlər ki, Pelosi gedib haradasa ağlayıb, ya onlara söz deyib. Onlar elə düşünürlər ki, sabah ya Fransa, ya ABŞ gəlib bunları müdafiə edəcək. Bu baxımdan onlar qismən də olsa, Ukraynanı xatırladırlar. Fövqəldövlətlərin arasında kim haqlıdır, haqlı deyil, bu, başqa məsələ, amma müharibə meydanı orda olacaq. 30 il ərzində müharibə meydanı bizim ərazimizdəydi, Qarabağdaydı. İndi isə açıq şəkildə bəyan edirik ki, əgər Qarabağdan əl çəkməsən, Zəngəzur və digər yerlər müharibə meydanına çevriləcək. Bax, belə çox sadə məntiqdir. Özü də bu taktikanı, sərt davranışı biz seçməmişik, ermənilər seçib, biz sadəcə, özümüzü müdafiə edirik. Müdafiə zamanı isə Azərbaycan bəzən güc tətbiq etmək məcburiyyətində qalır. - Daxilində ağır vəziyyət hökm sürən İranın bu mövzu ilə bağlı davranışları da anlaşılmazdır. Hətta Paşinyan və Rəisi arasında isti görüş oldu, İran parlamenti xüsusi müzakirə keçirdi, təhdidlər eşidirik. Baxmayaraq ki, Azərbaycan İranla alternativ yolun, körpünün təməlini qoydu. Belə olan halda biz hansı İranı seçməli, bu ölkə ilə necə davranmalıyıq? - İranı ən əsas narahat edən Zəngəzur dəhlizi deyil. Onları narahat edən Türkiyə-Rusiya əməkdaşlığıdır. Həmçinin Azərbaycanın həm Rusiya, həm də Türkiyə tərəfindən bu məsələdə dəstəklənməsi, mövqelərin üst-üstə düşməsi Tehranı narahat edir. Keçən ilin payızında da onlar bölgədə hərbi təlimlər keçirdi, gərginlik var idi. Amma bu gərginlik İran XİN başçısının Moskvaya səfərindən sonra azaldı. - Bəli, o vaxt İran Rusiyadan Azərbaycan əleyhinə təzyiq siyasətinə dəstək ala bilmədi... - Doğrudur. Yenə deyirəm, biz indi geopolitiik oyunlardan öz vəziyyətimizə uyğun olaraq manevrlər etməliyik. - Bakı ilə Tehran arasında Araz çayı üzərindən atılacaq körpünün və Naxçıvana çəkilən yolun təməlini qoyduğu bir vaxtda ABŞ-ın “beyin mərkəzi” Ağ Evin Zəngəzur dəhlizinə dəstək verməli olduğunu təklif etdi... - Bu da var. Bir çox hallarda onların açıq bəyan etdiyi mövqe ki var, hərdən bir məntiqə zidd olan hansısa addımlar atırlar. Məsələn, KTMT missiyası sərhədə gəlib. Ona aid Qərbin reaksiyasına diqqət etmisiniz? Heç bir ciddi tənqid olmayıb. Başqa yerdə KTMT-nin fəaliyyəti olsaydı, tənqid edəcəkdilər. İndi bu, ermənilərə lazımdır deyə, heç bir fikir səsləndirmirlər. Biz bir şeyi başa düşməliyik: bizim bölgədə çox gərgin bir dövrdür. Azərbaycan geopolitik dəyişmələrdə artıq güclü oyunçu kimi görünür. Çünki bir neçə il qabaq mümkün olmayan dəstəkləri alıb. İlk növbədə Türkiyəni nəzərdən tuturam. Qismən də olsa, taktiki baxımdan Rusiyadan da dəstək var. Bu baxımdan biz bunu istifadə edirik. Ona görə ermənilər qaçıblar o biri tərəfdə özlərinə dəstək axtarırlar. Onlar hələ axtarışdadırlar, amma artıq biz bəzi məsələləri həll etmişik. Baxaq görək bu oyunun axırı nə olacaq. Hər halda mən hesab edirəm ki, Azərbaycanın hücum taktikası ən doğru seçimdir. - Prezident Laçın şəhərinə səfər edən ilk dövlət başçısı oldu və həm də çox vacib mesajlar, bəyanatlar verdi. 19-20-ci əsrlərin xəritələrinə istinad sıradan məsələ deyil. Hesab etmirsiniz ki, bu həm də Ermənistana “odla oynama, yoxsa mövcudluğun da sual altına düşə bilər” xəbərdarlığı idi? - Bəli. Hələ o bölgəyə Türkiyə Prezidenti də səfər edəcək, bu da çox ciddi mesajdır. Yəni biz görürük ki, bu məsələdə kim kimin tərəfindədir, kim kimə dəstək verir. Mənzərə hazırda bir az aydın görünür. Amma hər bir məsələdə ayıq olmalıyıq. Ona görə də dediyiniz təxribatlar heç də boşuna deyil. - Tofiq bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 77-ci sessiyasında Azərbaycan Prezidentinə müraciət edərək, “Siz Ermənistanın ərazi bütövlüyünü tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistan xəritəsini göstərə bilərsinizmi?” deyib. Necə bilirsiniz, danışıqların növbəti raundunda 113.9 min kv. km-lik Azərbaycanın və 9 min kv.km-lik Ermənistanın xəritələri masaya qoyulacaqmı? - Gələcək sərhədlərin haradan keçməsi məsələsi diskussiya və danışıqlarda qismən həll olunacaq. Çünki artıq vəziyyət onu göstərir ki, Azərbaycan bu məsələdə Ermənistanın bizə qarşı münasibətini görərkən, onların Qarabağa aid bəyanatlarını nəzərə alarkən Zəngəzur mövzusundan istifadəyə ciddi şəkildə hazırdır. Artıq rəsmi Bakı açıq şəkildə də bunu gündəmə gətirir. Bu, onu göstərir ki, hələlik danışıqlar üçün mühit hələ formalaşmayıb. Görürsünüz də, Ermənistanın bu məsələyə reaksiyasını... Hər halda danışıqların aqibətinə optimistik baxmağa əsaslar yoxdur. - Qarabağdakı separatçıların bir araya gəlməsini, Ermənistanın keçmiş prezidentləri ilə görüşlər, həmçinin terrorçu Arayikin davranışları ölkə daxilində sərt cəza tədbirlərinə əl atılmasını sürətləndirə, eyni zamanda Azərbaycanın Laçın dəhlizinə nəzarət istiqamətində addım atmasını gündəmə gətirə bilərmi? Yeri gəlmişkən, elə avantürist erməni milyarderin Qarabağa qanunsuz olaraq köçməsinə rəvac verən sülhməramlıların şərait yaratmasıdır... - Burda da qəribə bir məsələ var. Belə məlumat yayılıb ki, bu avantürist Pelosinin İrəvana gətirilməsi ilə də məşğul olub. Kremlin adamı ola-ola bu və ya digər şəkildə o, bu səfəri gerçəkləşdirib. Biz burda Moskvanın ikili oyununu görə bilərik. Çünki erməni spiker Alen Simonyanın “biz gözləyirik ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunacaq” deməsi diqqət çəkir. Burada çox maraqlı məqama gəlib çıxırıq. Vardanyan Pelosini gətirir, Pelosi də Azərbaycana qarşı sanksiyaların olmasını istəyir. Bu sanksiyalar hansı mövzuya aid olacaq? Təbii ki, neft və qazın ixracına aid. Deməli, Kreml burda öz məqsədlərinə nail olmaq istəyir. Bəli, Azərbaycanın Avropaya qaz ixracı tam şəkildə Rusiyanın ixracını əvəz edə bilməz. Amma Avropa üçün yaranan fəsadları qismən azalda bilər. Amma Pelosi sanksiyaların tərəfdarıdır. Qəribə bir konfiqurasiya yaranıb. Bu mənada biz fövqəldövlətlərin maraqlarını nəzərə almalıyıq. - Bəs separatçılara qarşı tədbirlərin zamanıdırmı? - Bu suala cavab vermək üçün mənzərəni tam görmək lazımdır, mən hələ buna hazır deyiləm. Amma hiss olunur ki, əgər Rusiya-Ukrayna müharibəsi bu şəkildə davam etsə, həmin gün yaxındır, çox uzaqda deyil..