“Hansısa təyyarədə Azərbaycan türkcəsində “Xoş gəldiniz” deyilməsinin İran rəhbərliyində müzakirəsi doğru deyil...”

“Hansısa təyyarədə Azərbaycan türkcəsində “Xoş gəldiniz” deyilməsinin İran rəhbərliyində müzakirəsi doğru deyil...”

“Bu ölkənin rəhbərliyi Azərbaycan türklərinin təzyiqi olmadan da anlamalıdır ki, artıq regionda güc mərkəzi Türk Dövlətləri Təşkilatı -Birliyidir...”
 
Son vaxtlar bəzi siyasi şərhçilər İranın da gələcəkdə Türk Dövlətləri Birliyinə daxil ola bilməsi haqda danışırlar. Görəsən, bu nə dərəcədə məntqiqlidir? İranın indiki forma və mahiyyətdə bu təşkilata üzv ola bilməsi nə dərəcədə mümkündür?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:
 
“Öncə onu deyim ki, bu gün hətta Türk Dövlətləri Birliyinin gücünü görən və həmin gücdən yararlanmağa çalışan qeyri-türk dövlətləri də var. Belələrindən Macarıstan, Əfqanıstan və Tacikistanı göstərmək olar. Belə ölkələr aydın və açıq şəkildə bu təşkilatla bir yerdədirlər... 
 
Konkret İrana gəldikdə, məlumdur ki, bu ölkənin əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Və orada hazırda daha da dərin türkləşmə prosesi gedir. Bu, bir tərəfdən Azərbaycan türklərinin təzyiqi ilə baş verir. Digər tərəfdən isə İran rəhbərliyi başa düşməlidir ki, bu gün onlar artıq bütün dünyadan təcrid olunublar, onlar farsdilli dövlətləri bir araya gətirə bilmədilər. Hazırda farsdilli dövlət, demək olar ki, yoxdur. Əfqanıstan qismən farsdilli dövlət hesab olunsa da, o əsasən türkdilli dövlətlərə inteqrasiya olunur. Tacikistan da daha çox Orta Asiyanın türk dövlətləri, eləcə də Azərbaycan və Türkiyə ilə yaxınlaşmağa, birləşməyə meyil göstərir. Ona görə də İran ölkə daxilində fars şovinizmi siyasətini yeritdikcə bir az da çox təcrid olunur...
 
Bu günlərdə İranda bir ibrətamiz hadisə baş verdi. Təbriz-Tehran təyyarə reysində bələdçilər hava gəmisinin heyətinin, yaxud sadəcə öz təşəbbüsləri iləmi, sərnişinləri fars, ingilis dilləri ilə yanaşı, Azərbaycan türkcəsində də salamlayıblar.  Ölkə daxilində uçan hansısa təyyarədə bir kəlmə “Xoş gəldiniz” deyilməsinə görə bu məsələ Tehranda ali rəhbərlik səviyyəsində müzakirə olunub. Nəticədə bunu edən bələdçilərin, uçuş heyətinin cəzalandırılmasına qərar verilib. Eyni zamanda bütün istiqamətlərdə hərəkət edən uçuş heyətlərinə, digər iri ictimai nəqliyyat vasitələrinin: qatar və gəmilərin heyətlərinə qəti şəkildə tapşırıq verilib ki, sərnişinlərə yalnız fars dilində və zərurət olduqda əlavə olaraq ingilis dilində müraciət edilməlidir. Bu bir daha onu göstərir ki, İran rəhbərliyi ölkənin ictimai məkanlarında Azərbaycan türkcəsində bircə kəlmənin işlənməsindən də ehtiyat edirlər. Bu, təbii ki, yanlış bir mövqedir... 
 
Bununla belə, bilirsiz ki, hazırda İran rəhbərliyində müəyyən gözlənilməz  proseslər gedir. Azərbaycan türkü olan Məsud Pezeşkianın seçkilərlə hakimiyyətə gəlməsi və öz milli mənsubiyyətini açıq şəkildə göstərməsi İranın Azərbaycan mahiyyətinin özünə qayıtmasının təzahürüdür. Yəni burada iki amil var. Bir tərəfdən, İranda Azərbaycan, Türk amili güclənir. Və bunun təsiri altında İranın Türk Dövlətləri Birliyinə qoşulması zərurəti yaranır. Digər tərəfdən isə, İran rəhbərliyi Azərbaycan türklərinin təzyiqi olmadan da anlamalıdır ki, artıq regionda güc mərkəzi Türk Dövlətləri Təşkilatı -Birliyidir... Əgər İran da öz dövlət maraqlarını həyata keçirmək istəyirsə, Azərbaycanla, Türkiyə ilə digər türk dövlətləri ilə, Türk Birliyi ilə bir olmalıdırlar. Ona görə də İranın da gec-tez bu prosesə, bu güc mərkəzinə qoşulması ehtimalı böyükdür və ciddidir. Yəni bu şəkildə proseslər gedir. Həmin prosesləri kimlərsə müsbət qarşılayaraq onun içərisində olmağa çalışırsa,  onlar özlərinin dövlət maraqları baxımından gələcəkdə udacaqlar. Bu güc mərkəzinə qarşı hansısa qərəzli və qısqanc mövqe tutanlar isə dövlət maraqları baxımından çox şeyi itirəcəklər...” 
 






Fikirlər