İRANIN PARÇALANMASINI TƏTİKLƏYƏCƏK ADDIM – “Bataqlıq sindromuna” yaxalanan Tehran səhvlər edir
Bütün dünyada inkar edilməsi mümkünsüz olan proses başlanıb: iyirminci yüzildə qurulmuş düzən dağılır. Yeni yaranacaq düzəndə özünə ciddi yer tutacaq güc mərkəzlərindən biri sürətlə böyüyən Türk Birliyidir. Bu yeni güc bütövlükdə Avrasiya materikində dəngələri yenidən düzür. Avropa, ərəb dünyası, Rusiya, Çin və digər gonşularımız sanki gözlənilmədən və ildırım sürəti ilə meydana çıxmış çox təsirli geosiyasi faktorla üz-üzə qalıblar. Kartlar yenidən dağıdılır və bütün tərəflər yeni yaranan reallığı necə həzm edəcəklərini götür-qoy edirlər. İran da istisna deyil. Tehran hakimiyyəti böyüyən türk gücünü özü üçün ən böyük təhlükə sayır və əslində haqlıdır. Qurulacaq Boyük Turanın İranı udacağı fars hakimiyyətinə gün kimi aydındır. İstər ayrı-ayrı fərdlər, istərsə də böyük toplumlar çıxılmaz vəziyyətə düşdükdə ˝bataqlıq sindromuna˝ yaxalanır, daha çox cabalayır, daha dərinə batırlar. Fars hakimiyyəti də türk təhlükəsi ilə baş etmək üçün ziddiyətli addımlar atır və vəziyyəti düzəltmək əvəzinə daha qəlizləşdirir. Belə ziddiyətli addımlar həm daxili, həm də xarici siyasətlə bağlıdır. Daxili siyasətdə fars hakimiyyətinin düzgün hesablaya bilmədiyi ˝Pezeşkian səhvinə˝ diqqət yetirək. İranda ˝Mən türkəm, evdə uşaqlarımı farsca danışmağa qoymuram˝ deyən adamı prezident edirlər. O İranda ki, türk dilində qəzet, kitab yazanlar, türk bayrağı qaldırılanlar həbsə atılır. Türk sözünün özünü belə həqarətə çevirən fars rejimi, uşaqlarını farsca deyil, türkcə danışdıran Pezeşkianı prezident edirsə, türklərin qılığına girdiyini, onları ələ aldığını hesab edir. Həqiqətdə isə iş tərsinə dönüb. Ağır basqı altında saxladığı turklərə qarşı rejimin heç zaman xoş niyyətli güzəştə getməyəcəyini İran türkləri bal kimi bilirlər. Pezeşkian addımının da xoş niyyətdən deyil, güclənən türk faktoru qarşısındakı rahatsızlıqdan doğan məcburi oyunbazlıq olduğunu türk fəalları gözəl anlayır. Bu istiqamətdə effektli təbliğat gedir və İran cəmiyyətində ˝rejim türkdən qorxdu˝ fikri yayğınlaşır. Belə vəziyyət basqı və qorxu üzərində qurulmuş rejim üçün həyati təhlükədir. Xarici siyasətində isə fars rejiminin ən böyük səhvi ˝Zəngəzur dəhlizi açılmayacaq, Böyük Turan qurulmayacaq, gücümüzü qarşınızda görəcəksiniz˝ bəyanatları ilə Azərbaycan və Türkiyənin üzərinə getməsidir. Həm Azərbaycanın, həm də Türkiyənin İran siyasətində bir ehtiyatlılıq müşahidə olunur. Hər iki türk dövləti fars hakimiyyətinə qarşı təmkinini pozmur, İranın iç siyasəti və antitürk basqıları üzərində sanki bir tabu varmış kimi davranırlar. Lakin İranın türk dövlətlərinin üzərinə getməsi və güc tətbiqi ilə hədələməsi adıçəkilən tabunu aradan qaldıra bilər. Təsəvvür edin ki, həm Azərbaycan, həm də Türkiyə İrandakı 45 milyonluq türk toplumuna hər cür dəstək verir və İran türklərinin rejimə qarşı mübarizəsini mümkün olan bütün vasitələrlə dəstəkləyirlər. Onda gəlin görün İranın halını... Türk qorxusu qarşısında səndələyən fars hakimiyyəti Rusiya və Qərbə qarşı siyasətində də ziddiyətli addımlar atır. Bir tərəfdən Rusiya ilə strateji müttəfiqliyini sürdürür, amma dəhliz məsələsi ilə bağlı rus tərəfini diplomatik etiketə sığmayan təhdid və təhqirlərə məruz qoyur. Digər tərəfdən isə, Qərblə, ABŞ ilə yaxınlaşmağa çalışır, eyni zamanda Rusiyaya ballistik raketlər verir. Nəticədə həm Rusiya ilə münasibətləri korlanır, həm də Qərb dövlətləri İranı Rusiya və Şimali Koreya ilə birlikdə Qərbin ən şiddətli üç düşmənindən biri elan edir. Başdan-başa ziddiyyətlərlə dolu ziqzaqlar. Bütün bu ziqzaqlar İranın daxili və xarici siyasətini çökdürür. Bununla belə, fars hakimiyyəti İranın parçalanmasını tətikləyəcək öldürücü bir addım ata bilər. Enində-sonunda hansısa istiqamətdə belə bir addım atılacaq. Fars hakimiyyəti tələsərsə, bu öldürücü addım İranın Zəngəzur məsələsində gücə əl atması olacaq. İran KİV-lərində bu istiqamətdə təbliğat gedir. Rəsmi Tehranın Ermənistanın razılığı və ya susqunluğu şərti ilə Zəngəzura qoşun yeritməsi nəzəri cəhətdən mümkündür. İranı ilk baxışdan cəlbedici görünən bu addıma kənar güclər də təhrik edə bilər. Dünya dəyişir, oyun çox böyükdür və hansı qlobal gücün hansı ˝at gedişi˝ edəcəyini bəri başdan hesablamaq çətindir. Namiq Bilal