“Biz arzu edə bilərik ki, heç olmasa, zərbələr yalnız hərbi obyeklərə vurulsun ki, dinc, mülki insanlar zərər çəkməsinlər...”
“Siyasi baxımdan yanaşdıqda bu, iki dövlətin arasında olan bir problemdir. Və həmin problem əvvəla, terrorla, bir sıra terror təşkilatlarının İran tərəfindən müdafiə olunmasıyla bağlıdır. Eləcə də İranın təsiri altında olan qüvvələrin onun göstərişi ilə Suriya, Livan, Yəmən ərazilərində təhdid yaratmasıyla əlaqədardır. Və İran da neçə ilərdir ki, açıq-aşkar bəyan edir ki, biz İsraili bir dövlət kimi məhv edəcəyik”.
Bunu Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lderi, istiqlalçı deputat Etibar Məmmədov “Bildiyiniz kimi, İran-İsrail gərginliyi getdikcə artmaqdadır. Əgər, Allah eləməmiş, İsrail 50 milyondan çox soydaşımızın – Azərbaycan türkünün yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verərsə, rəsmi Bakı siyasi baxımdan hansı mövqeni tutmalıdır?” sualını cavablandırarkən söyləyib.
“Əlbəttə, biz də Azərbaycan olaraq istərdik ki, bu münaqişə silahsız, savaşsız, qan-qadasız, insan itkiləri olmadan ötüşsün. Ancaq son dövrlərdə bu iki dövlətin bir-birlərinə qarşı olan hərəkətləri, tədbirləri ona gətirib çıxarıb ki, ümumi sərhədləri olmasa da, bir-birlərinə zərbə endirməyə qərar veriblər. Biz arzu edə bilərik ki, heç olmasa, zərbələr yalnız hərbi obyeklərə vurulsun ki, dinc, mülki insanlar zərər çəkməsinlər”, -deyə davamında siyasətçi bildirib.
“Yəni İrana kütləvi zərbələr endirələcəyi halda, qeyd etdiyimiz kimi, 50 milyondan artıq soydaşımızın taleyindən də söhbət gedir...” fikrinə cavab olaraq isə istiqlalçı deputat belə deyib:
“Bəli, təbii ki, o problem də var... Biz də istəmirik ki, hərbi münaqişə bizim soydaşlarımız üçün böyük narahatlıqlar yaratsın. Ancaq olacağa çarə yoxdur...”