İSRAİL “ƏFSANƏSİ” ÇÖKDÜ, ABŞ-nin “OYUNLARININ” İFLASI BAŞLADI – İrana kiçik hücumun 3 böyük nəticəsi

Yaxin Şərqdəki müharibənin yaratdığı geopolitik qırılma ABŞ-nin qüdrətini sarsıdır

İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə ay öncə “Yaxın Şərq çox dəyişəcək” bəyanatını verərək bütün dəngələrin yəhudi dövlətinin lehinə dönəcəyini gur səslə bəyan etmişdi. Tel-Əvivin maksimum genişləndirməyə çalışdığı müharibənin pik nöqtəsi İsrail-İran toqquşması olmalı və bu hesablaşma Yaxın Şərqdə bütün kartları yenidən paylamalı idi. Lakin “pik nöqtəni” böyük səs-küy olmadan “yola verdik”.

Böyük Orta Şərqdə növbəti “danışılmış hücum” başa çatdı. Artıq neçəncı dəfədir ki, tərəflərdən biri “qisasımızı aldıq”, obirisi isə “heç nə edə bilmədilər” dedi və ən azı bu etapdakı “ölümünə savaş” tamamlandı. İrana qarşı “qisas hücumu” ən optimist gözləntilərdən də kiçik oldu.

Adətən belə kiçik ölçülü danışılmış hücumlar ciddi nəticələr doğurmur. Amma bu dəfə əsla belə deyil. Nəticə böyükdür və nəticənin böyüklüyünü İsrail hücumunun kiçikliyi aşkara çıxardı. “İrana hücum üçüncü dünya savaşını başladacaq” gurultusundan sonra belə dişsiz hücumun ortaya atdığı nəticələrə baxaq.

 

 

 

 

Birinci nəticə: Son bir ilə qədər “İsrail möhtəşəmdir, ordusu yenilməzdir, ona hücum edəni darmadağın edər, “Dəmir Qübbə”ni aşmaq mümkünsüzdür” və s. bu kimi alqılar var idi. İran İsrailə qarşı heç vaxt qaynar təmasa keçməyib və yəhudi dövlətinə qarşı yalnız vəkalət gücləri vasitəsilə vuruşub. İsrailin özü və başda ABŞ olmaqla bütün müttəfiqləri hər zaman bəyan ediblər ki, Tehran İsrailə ballistik raket zərbəsi endirsə, İranı yerlə-yeksan edəcəklər. İran bu tabunu pozdu və yəhudi dövlətini ballistik raketlərlə vurdu.

Üstəlik, bu hücum İsrailin ünlü “Dəmir Qübbə”sinin və digər müdafiə sistemlərinin ballistik raketlər qarşısında çarəsiz olduğunu bütün dünyaya nümayiş etdirdi.

Deməli, İsraili ballistik raketlərlə vurmaq olarmış və “Dəmir Qübbə” də daxil olmaqla, bütün müdafiə sistemləri belə hücumları dəf edə bilmir. Üstəlik, rəsmi Tel-Əviv və müttəfiqləri İsrailə raket yağdıran bir dövləti sərt şəkildə cəzalandırmağı gözə ala bilmədilər. Bu, İranın lehinə və İsrailin əleyhinə olan psixoloji qırılma nöqtəsidir.

 

 

İkinci nəticə: İranın İsrailə raket zərbələrindən sonra Netanyahunun sərt bəyanatlarını yada salaq: “İranın nüvə obyektlərini, neft sənayesini və bütün rəhbərliyini məhv edəcəyik, bu ölkədə rejim dəyişikliyi edəcəyik”.

 

Bayden nə demişdi? - “İranın nüvə obyektlərini və neft sənayesini vurmayın, hərbi obyektləri vurun”.

İrana hücumun hansı ssenari üzrə baş tutacağı ilə bağlı ABŞ-dəki yəhudi lobbisinin Ağ Evə hansı təzyiqlər etdiyini ən böyük media qurumları detallarına qədər araşdırıb və yayımlayıb. Lobbi İrana zəif hücumun İsrail düşmənlərini ruhlandıracağını və Birləşmiş Ştatların maraqlarına ciddi zərər vuracağını iddia edirdi. İranın həyati önəm daşıyan strateji obyektləri deyil, hansısa üçüncü-dördüncü dərəcəli hərbi qurumları vuruldusa, deməli, yəhudi lobbisinin maraqları deyil, ABŞ-nin milli maraqları üstün tutuldu və İsrail zəif hücumla kifayətlənməli oldu.

 

 

Bu yerdə ABŞ-nin milli maraqları məsələsini bir qədər açmağa ehtiyac yaranır. Ağ Evin Orta Şərqdəki ən vacib maraqları sırasına fars hakimiyyətli İranın bütöv dövlət kimi saxlanması və regiondakı münaqişələrin “kontrollu münaqişələr” olaraq qalmalarıdır. İsrail və müttəfiqlərinin İrana yönəlik sərt, dağıdıcı hücumları İrandakı rejimi devirə və vəziyyəti nəzarətdən çıxara bilərdi.

 

 

 

Üçüncü nəticə: İsrailə raket zərbələrindən sonra rəsmi Tehran regiondakı bütün dəngələri başdan başa dəyişə biləcək ciddi həmlələr etdi. Prezident Pezeşkian və İran XİN rəhbəri körfəzin sünnü ərəb liderləri ilə sözün əsl mənasında cox ciddi geosiyasi açılıma getdi. Oman, Qətər, BƏƏ, Səudiyyə Ərabistanı və Misir rəhbərləri ilə təmaslar quruldu, region problemləri açıq müzakirə masasına yatırıldı. Bu, Qərbin uzun müddətdir yürütdüyü Böyük Orta Şərq siyasətinin iflasının başlanğıcıdır. Bu iflasa start verən isə İsrailin genişlətdiyi müharibələrdir.

Yada salaq ki, Qərbin Orta Şərq oyununun ana xətti sünnü-şiə məzhəb düşmənçiliyidir. Bu gün İranla Səudiyyə Ərəbistanının hərbi dəniz qüvvələri Qırmızı dənizdə birgə hərbi təlimlər düzənləyir. Körfəzdə isə İran, Oman, BƏƏ, Rusiya və Çin birgə təlimlər keçirirlər. ABŞ və İsrailin İrana ağır zərbə endirməkdən çəkinmələri region dövlətləri arasında başlanan “problemlərimizi özümüz çözək” təşəbbüslərini stimullaşdıracaq.

Ağır kütləvi qətllər fonunda İsrail əfsanəsinin çökməsi, İsrailə ballistik raket atan İranın “cəzasız” buraxılması və sünnü Ərəb dövlətlərinin Ağ Evlə məsləhətləşmədən İranla təmasa keçmələri Orta Şərqdə başlanan geopolitik qırılmadır.

Dörd tərəfimizdəki bütün məkanlarda çox acımasızcasına yürüdülən geosiyasi oyunları görməyə alışmışıq. Artıq oyun içindən oyun çıxanda da, təəccüblənmirik. Əgər İranla ərəb monarxiyaları arasındakı buzların əriməsi də hansısa daha böyük oyunun bir parçası deyilsə, bu geopolitik qırılmada itirən tərəf Qərb və İsrail, qazanan tərəf isə region dövlətləri olacaq.

“AzPolitika.info”

 

 






Fikirlər