Generalın İran bəyanatı həyəcan yaratdı – Hücum anonsu?

ABŞ İsrailin İran tərəfindən “hücum təhlükəsi” altında olduğunu, regional gərginliyi azaltmağa ehtiyac duyulduğunu bildirir.

“Biz hələ də hesab edirik ki, İsrailə hücum təhlükəsi mövcuddur və lazım gəldikdə İsrailin müdafiəsi, eləcə də hücuma məruz qaldıqda qüvvələrimizi qorumaq üçün yaxşı mövqedəyik”, – Pentaqonun sözçüsü, general-mayor Pat Rayder bildirib.

Bu bəyanat İrana hücumun anonsu sayıla bilərmi?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, İran İsrailə hücum etməyəcək:

“Söhbət total hücumdan gedir. Yəni genişmiqyaslı hücumun ya da dəhşətli müharibənin başvermə ehtimalı çox azdır. Ən yaxşı halda İran raket zərbələri endirib, “qisas aldıq” deyə məlumat paylaşa bilər.

O ki qaldı Pat Rayderin açıqlamasına, hesab edirəm, burada qeyri-adi heç nə yoxdur. ABŞ bənzər bəyanatları daha ciddi rəsmilərin ağzı ilə verib. Bu həm İranı geri addım atmağa hesablanan gedişdir, həm də İsrailə dəstəyinin növbəti elanı”.

Zaur Məmmədov

Politoloq qeyd edib ki, İsrail əslində vəziyyətdən istifadə edir:

“Yəni İranın bu ölkəyə hücum edəcəyi iddialarını arqumentləşdirib, ABŞ-dan külli miqdarda silah-sursat və maliyyə yardımı alır. ABŞ Konqresində İsraillə əlaqəsi olan senatorlar da vəziyyətdən istifadə edib, Təl-Əvivə silah yardımının ayrılması istiqamətində qərarları dəstəkləyirlər.

Yaxın Şərqdə dəyişiklik var və bu, İsrailin məqsədlərini həyata keçirməsindən ibarətdir. Heç bir ölkə İsrailə diş göstərə bilmir. İran da bu ölkələrdəndir. Reallıq ondan ibarətdir ki, İsrail istədiyini edir, region ölkələri isə susur”.






Fikirlər