RUSİYA KƏŞFİYYATININ İRƏVAN XƏBƏRDARLIĞI – “Paşinyan da, Putin də erməniləri yaxşı tanıyır...”

“Rusiya bu yolu kəssə ermənilərin Paşinyana qarşı üsyanı qaçılmaz ola bilər...”

“Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsinə ilyarım vaxt qalır. Əlbəttə, əgər növbədənkənar seçkilərin keçirilməsi zərurəti qaçılmaz olmayacaqsa... Hər iki varianta yalnız Ermənistanın deyil, Qərbin də, Rusiyanın da indidən ciddi şəkildə hazırlaşıdığı barədə məlumatlar yayılmağa başlayıb. Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatdan bunu aydın görmək olar”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistanda mövcud durumu şərh edərkən bildirib.

“Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton Ermənistandakı hakimiyyəti “kifayət qədər etibarlı” hesab etmir və onu Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika adına”, Tiqran Xzmalyanın “Avropa Ermənistan Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat Partiyası” partiyalarının əhəmiyyətini artırmaqla gücləndirməyi planlaşdırır”, - ekspert xatırladır.

İ.İsmayıl xatırladır ki, adları çəkilən partiyalar və liderləri Ermənistan cəmiyyətində ciddi nüfuza və reytinqə malik deyillər, elektorat bazaları da çox aşağıdır. Onun sözlərinə görə, hətta, bu partiyaların birləşib içərilərindən birinin namizədliyini verməsi də uğur gətirməz.

“Bu mənada onların birləşib Paşinyana və ya onun komandasının populyar üzvlərindən birinə dəstək verməsi daha real nəticə verə bilər. Görünür, Ermənistandakı vəziyyəti dəyərləndirərkən Birləşmiş Ştatlar bu partiyaların “gücləndirilməsi” istiqamətində hərəkətə keçib və bu da Rusiya kəşfiyyatının diqqətindən qaçmayıb”, - o, əlavə edib.

Qərb Paşinyana etibar etmir, yoxsa bu siyasəti yürütməklə Rusiyanın Paşinyana olan təzyiqlərinin hakimiyyət çevrilişi ilə nəticələnməməsi üçün onu hədəfdən yayındırır?

 

 

Ekspert sualı belə cabalandırır: “Qərb bilir ki, Qarabağ məğlubiyyətindən sonra Paşinyan hakimiyyətini nə qədər qorusa da, cəmiyyətin əksəriyyəti onu məğlub olmuş rəhbər kimi qəbul edir. Bu günədək hakimiyyətdə qala bilməsi, ona müxalif olan keçmiş prezidentlərə xalqın böyük nifrətindən qaynaqlanır. Ona görə də, Rusiyanın əsas dayaq qüvvələri olan Koçaryan və Sarkisyanın hakimiyyət uğrunda apardıqları mübarizələr iflasa uğrayıb. Rusiyanın təzyiqini azaltmaq və ya neytrallaşdırmaq üçün Paşinyan da ABŞ ilə razılaşdırılmış manevrlər edə bilərmi? Mümkündür. Qarşıdakı müddətdə Paşinyanın Rusiya ilə yaxınlıq görüntüləri nümayiş etdirməsinin şahidi ola bilərik. Təbii, bu fundamental yaxınlaşmalar olmayacaq, sadəcə Rusiya ilə bu ərəfədə gərginlik Paşinyana baha başa gələ bildiyindən situativ manevrlər edə bilər. Üstəlik, Paşinyan öz millətinin “zəif bəndini” yaxşı bilir, elə Rusiya da”.

İlham İsmayıl xatırladır ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın məqsədinin “Ermənistanı tamamilə tabe etmək” olduğunu deyib:“Eyni zamanda, Rusiya kəşfiyyatı hesab edir ki, Dövlət Departamenti unudur ki, “pul hesablamağı bilən” ermənilər son nəticədə onları təhdid edən zərəri dərk edəcəklər və ənənəvi regional əlaqələrin kəsilməsini qəbul etməyəcəklər. “Pul hesablamağı bilən”, yəni puldan ötrü, şəxsi mənafeləri naminə kasıb vətənlərini tərk edib dünyanın dörd bir tərəfinə, xüsusilə Rusiyaya səpələnən bu milləti Paşinyan da, Putin də yaxşı tanıyır. Bu sətirlər yazılarkən Lars yolunda Ermənistana məxsus 600 yük maşınının hava şəraiti ilə əlaqədar dayandığı barədə erməni mediasında xəbər yayılmışdı. Sabah hava yox, Rusiya bu yolu kəssə ermənilərin Paşinyana qarşı üsyanı qaçılmaz ola bilər. Ona görə də, Rusiyanı qıcıqlandıracaq hərəkətlərə yol verməmək üçün Paşinyan bu ərəfədə maksimum korrektli davaranarsa, bunu Qərbdən üz döndərmək kimi yox, ehtiyatlı manevr kimi qiymətləndirmək olar”.

Təhlilçi bildirir ki, həm rusiyalı, eyni zamanda bizim də bəzi siyasi təhlilçilər Gürcüstanda Qərbin uğursuzluğu ilə Ermənistandakı mümkün perspektivi müqayisə edirlər, Ermənistanın Qərb yolundan dönəcəyini və ya Ermənistanda Paşinyan hakimiyyətini əvəzləyəcək yeni Qərb yönümlü siyasi düşərgənin formalaşdıracağını vurğulayırlar: “Şərhlərin tonundan da hiss olunur ki, müəlliflər belə bir perspektivə sevinclərini gizlətmirlər. Rusiya yönümlü müxalifətin və ya onlara loyal yanaşan sözdə qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi nə dərəcədə Azərbaycanın maraqlarına uyğundur ki, bəzi şərhçilərimiz proseslərə təqdiredici aspektdən yanaşırlar? Ermənistanın İvanişvilisi hələ ki, yoxdur.Vardanyanın simasında belə bir “milli qəhrəman” yetişdirmək istəyən Rusiyanın planları suya düşdü. İndi kimə “stavka” edə bilər Kreml? Parlaq, xarizmatik müxalif lider yoxdur. Qatil Koçaryanın oğlu Levon Koçaryanı deputatlığa yerləşdirməklə ondan lider düzəltmək istəyirlər, amma bu, quyuya su tökmək effektindən o yana olmadı. Keşişdən də bir şey çıxmadı”.

Ekspert vurğulayır ki, Rusiya kəşfiyyatının bu xəbəri yaymaqda məqsədi Paşinyan hakimiyyəti ilə ABŞ arasında nifaq salmaq, inamsızlıq, etimadsızlıq yaratmaqdır.

“İstinad etdiyi qüvvələrin zəifliyini nəzərə alıb mövcud hakimiyyəti özünə tərəf çəkmək məqsədi güdür. Qərb də, Paşinyan da bu gedişin əsl məqsədinin fərqindədirlər”, - o, əlavə edib.






Fikirlər