Ərəstun Oruclu: “Bütün təmizləmələrə rəğmən Rusiyanın Ermənistandakı mövqeyi yetərincə güclüdür. Odur ki, Moskva orada qiyam da törədə bilər, vətəndaş qarşıdurması da yarada və hətta sui-qəsdlərə də gedə bilər...”
"Belə düşünürəm ki, hazırda Kreml üçün Paşinyanı devirmək olduqca vacibdir. Yalnız ona görə yox ki, Paşinyan Rusiyanın bölgədəki siyasətinə mane olur. Həm də ona görə ki..."
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu birləşmələrə qarşı son təmizləmə əməliyyatından məharətlə yararlanan Putin rejimi var qüvvəsi ilə Qarabağdan köçmüş on minlərlə ermənini də özünün idarə etdiyi müxalifətə dəstək üçün yönləndirərək Qərbin adamı saydığı Nikol Paşinyanı devirməyə çalışır. Yalnız müxalifətdə, siyasi və biznes dairələrində deyil, Ermənistan ordusu içərisində də Rusiyanın agenturası, yəni bütövlükdə “5-ci kalonu” zəif deyil. Görəsən, belə bir durumda Paşinyan bu basqılara davam gətirib hakimiyyətdə qala biləcəkmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
“Putinin və ümumiyyətlə, Rusiyanın Ermənistana təsiri yetərincədir. Çünki unutmamalıyıq ki, Ermənistan adlanan dövlət özü Rusiyanın layihəsidir və bu imperiya onu bizim torpaqlarda qondarmaqla özü üçün Yaxın Şərqin qapısı üzərində, həmçinin Yaxın Şərqin, Böyük Orta Doğunun tərkib hissəsi olan Cənubi Qafqazda vacib siyasi və geo-siyasi alət yaradıbdır. Amma məsələ burasındadır ki, son illər baş verən hadisələr, xüsusən də SSRİ dağıldıqdan sonra Ermənistan və onun ətrafında tamam yeni bir şərait formalaşdırıb. Ermənistanın daxilində ciddi Qərb təsiri var. Və Qərb ölkələri də bunu iki kanal vasitəsilə həyata keçirir: birincisi, bilavasitə ölkənin daxilindən, yəni əlaqə qurduqları siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələrinin vasitəsilə, ikincisi isə erməni diasporu vasitəsilə. Bilirik ki, elə ən güclü erməni diasporu məhz Qərb ölkələrindədir: Fransada, ABŞ-da, Kanadada və s. İndi artıq Rusiya Ermənistanda birmənalı söz sahibi deyil. Lakin bu o demək deyil ki, Moskva hansısa metodlara əl atmaz, atmaya bilər və atmayacaq”.
Analitik hesab edir ki, Moskva bu dəfə Paşinyanı devirə bilməsə, yenə də həmin məqsədindən geri çəkilən deyil.
“Belə düşünürəm ki, hazırda Kreml üçün Paşinyanı devirmək olduqca vacibdir. Yalnız ona görə yox ki, Paşinyan Rusiyanın bölgədəki siyasətinə mane olur. Həm də ona görə ki, Rusiya kimlərinsə Moskvanın razılığı olmadan və ya başqa tərəflərlə sövdələşməyə gedərək hakimiyyətə gələ bilməsi kimi nümunələrə son qoymağa çalışır. Düşünürəm ki, Qarabağın dağlıq hissəsindəki ermənilərin həmin ərazini faktiki nəzarətdə saxlayan Rusiya sayəsində məqsədli çəkildə bu cür kütləvi buraxılması, əlbəttə, həm də bu məqsədə xidmət edir. Çünki Rusiya Ermənistanın resurslarına yaxşı bələddir və bilir ki, İrəvandakı hökumət o qədər qaçqını qarşılayıb yerləşdirə bilməyəcək. Nəticədə isə Ermənistanda onsuz da mövcud olan ictimai-siyasi böhran tədricən dərinləşəcək. Rusiyanın bu istəyi göz önündədir. Amma hətta bunun baş verməsi, Kremlin bu layihəni həyata keçirməsi o demək deyil ki, Rusiya mütləq uğur qazanacaqdır. Eyni zamanda Rusiya bu yolla uğur qazanmayacaqsa, bu da o demək deyil ki, o öz məqsədlərindən geri çəkiləcək. Hər şey mümkündür. Bütün təmizləmələrə rəğmən Rusiyanın Ermənistandakı mövqeyi yetərincə güclüdür. Odur ki, Moskva orada qiyam da törədə bilər, vətəndaş qarşıdurması da yarada və hətta sui-qəsdlərə də gedə bilər. Bu cür hallar Rusiya-Ermənistan münasibətləri tarixində olubdur. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi və orada ölkənin üç rəhbərindən ikisinin; parlament spikerinin və baş nazirin qətlə yetirilməsi bunun bir əyani sübutudur”,- deyə analitik diqqətə çatdırıb.
Sultan Laçın