“Siyasət real fəaliyyətdir. Real fəaliyyəti bacaran qalib gəlir. Reallıqdan kənarda özlərinə xəyal dünyası qurub orada yaşayanlar isə elə orada da qalır...”
“Suriyada son baş verənlərdə iştirak edən tərəflərin hər birinin davranışlarını əsaslandıran kifayət qədər obyektiv səbəblər var. Çox təəssüf ki, bizim cəmiyyətdə, yəni Azərbaycanda bir çox mövzulard olduğu kimi, bu mövzuda da bütün mülahizələr, ehtimallar daha çox konspiroloji və ya uydurma xarakteri daşıyır. Və ya kimlərsə manipulyasiya məqsədilə xüsusi dezinformasiyalar yayır”.
Bunu Moderator.az-a açıqlamasında “Rusiya Bəşər Əsəd rejimini doğrudan qoruya bilmədi, yoxsa bəzilərinin iddia etdiyi kimi, sadəcə “kiminləsə, hansısa sövdələşməyə görə” onu qurban verdi” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Birinci ondan başlayaq ki, Bəşər Əsəd rejimii niyə məğlub oldu. Çünki o, məğlub olmalıydı. Onun ordusunun, idarəçiliyinin vəziyyəti Bəşər Əsəd diktaturasına başqa şans qoymurdu. İkincisi, Əsəd ona görə məğlub oldu ki, müxalifət həm hərbi, həm də siyasi cəhətdən daha yaxşı hazırlaşmışdı. Artıq öz sıralarında filtrasiya aparıb öz sıralarını müəyyənləşdirmişdi. Və belə görünür ki, hərbi taktikanı da seçmişdi”, -deyə davamında analitik diqqətə çatdırıb.
“Əslində Rusiya Bəşər Əsədi xilas etməyə çalışdı. İndi dövriyyəyə müxtəlif yanlış məlumatlar, dezinformasiyalar buraxırlar ki, guya Kreml Əsədi məqsədli şəkildə qurban verdi, guya kiminləsə anlaşdı. Yalan söhbətdi. Üsyançıların hücumları qarşısında Rusiyanın ilk addımı nə oldu; İdlibi, Hələbi bombalamaq. Amma sonra dayandı- başa düşdü ki, bu bombardmanların heç bir əhəmiyyəti olmayacaq. Çünki Əsəd ordusu tam olaraq mənəviyyatsızlaşıb, psixoloji məğlubiyyətə uğrayıb, rejimin də heç döyüşmək, mübarizə aparmaq qabiliyyəti yoxdur. Nəticədə Rusiya geri çəkildi və artıq özünü xilas etmək haqda düşündü", - təhlilçi belə deyib.
Ekspert İran və Türkiyənin də sözügedən proseslərdəki roluna da toxunub.
“İran nə etdi? İran “HƏMAS”-ın İsrailə hücumu ilə başlayan və bir ildən artıq çəkən müharibədə özünün proksi qüvvələrini xeyli zəiflətdi və itirdi. Yəni “HƏMAS” da, “Hizbullah” da ağır itkilər verdi. Düzdü, “HƏMAS” heç vaxt Suriya prosesinə qarışmayıb, amma “Hizbullah” orada əsas oyunçulardan biri idi. İranın da gücü bura qədər idi...
Türkiyə isə ötən müddətdə intensiv iş aparmışdı və Suriyadakı silahlı müxalifətin bir hissəsi ilə əlaqələr qurmuşdu. Elə həmin əlaqələrdən də yararlanaraq prosesləri nəzarətə götürdü...
Xülasə, biz bütün bu obyektiv-subyektiv səbəbləri kənara qoyub nəyə görə kimlərinsə yanlış mülahizələrini, dezinformasiyalarını, məqsədli, pis niyyətli şayiələrini şərh etməliyik? Reallıq budur. Siyasət real fəaliyyətdir. Real fəaliyyəti bacaran qalib gəlir. Reallıqdan kənarda özlərinə xəyal dünyası qurub orada yaşayanlar isə elə orada da qalır. Hər şey bu qədər sadədir”, - deyə Ərəstun Oruclu vurğulayıb.
Sultan Laçın