Nazirlə Hacıbala Abutalıbov razılaşdı: Əlikram Əliyevin yerinə təyinat oldu
Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə Vüqar Zeynalov təyin olunub. Bu barədə Azərtaym.az nazirlikdən məlumat verilib. Məlumatda o da qeyd olunub ki, Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakultəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vüqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib. Məlumat üçün bildiririk ki, Mədəniyyət və Turizm İdarəsinin sabiq rəisi Əlikram Əliyev öz ərizəsinə əsasən işdən azad edilib.