Hansı Azərbaycan nazirlərinin ikinci iş yeri var?

235942Azərbaycanda bəzi məmurların və millət vəkillərinin birdən artıq vəzifə tutduğu, iki və daha çox iş yerinin olduğu heç kimə sirr deyil. Bu hətta bizim ölkənin reallığında adi hal sayılır. Həmin sırada hətta nazir postu tutanlar da az deyil.

Qaynar.info nazirlərimiz də daxil olmaqla, azərbaycanlı məmurların və deputatların ikinci iş yerlərini araşdırıb.

Baş nazirin müavini Əli Əhmədov həmçinin hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin birinci müavini və partiyanın icra katibidir. Baş nazirin digər müavini Əli Həsənov isə eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.
2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.

2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilən Səlim Müslümov isə həm də Bakı Biznes Universitetinin kafedra müdiridir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev həmçinin Tarif (qiymət) Şurasının sədridir. YAP-çı millət vəkilləri Aydın Mirzəzadənin və Hadı Rəcəbli isə həm də Dövlət İdarəçilik Akademiyasında dərs deyirlər. Başqa bir deputat Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektorudur.

Millət vəkili Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrə mühazirə deyir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiridir.

“Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov isə həm də millət vəkili olaraq maaş alır. Millət vəkili Nizami Cəfərov isə deputatlıq maaşı ilə bərabər, Azərbaycanda Atatürk Mərkəzinin müdiri və BDU-nun ümumi dilçilik kafedrasının müdiri kimi də əməkhaqqı alır.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov həm də BDU-nun konstitusiya hüququ kafedrasının professorudur. ARDNŞ prezidenti Rövnəq Abdullayev eyni zamanda millət vəkilidir.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev həm də BDU-nun Psixologiya kafedrasının müdiridir. Digər millət vəkillərindən – Əhliman Əmiraslanov Tibb Universitetinin rektoru, İsa Həbibbəyli Elmlər Akademiyasının vitse-prezidenti, Yaqub Mahmudov 2004-cü ildən etibarən AMEA-ın Tarix İnstitutunun direktoru, həmçinin BDU-nun Tarix fakültəsinin kafedra müdiri, Gövhər Baxşəliyeva AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Musa Qasımlı AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, həmçinin BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru vəzifələrində çalışır

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov həmçinin deputat kimi maaş alır. Millət vəkili Ağalar Vəliyev həm də “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidentidir.






Fikirlər