- Pənah bəy, sizin son dövrdə “Yeni Müsavat” qəzetində dərc olunan bir sıra müsahibələrinizdə müxalifətin nə üçün kütləvi aksiyalara başlamaması barədə suallara cavab olaraq əhalinin spontan aksiyalarının gözlənildiyini demişdiniz. Son iki gündə ölkənin dörd rayonunda baş verən etiraz çıxışlarını həmin aksiyaların artıq başlanması kimi dəyərləndirmək olarmı?
- Açıq söyləyək ki, əhalinin belə tezliklə, bu miqyasda, formada və şüarlarla aksiyalarının başlanmasında ən azı zahirən "gözlənilməz məqamlar ümumiyyətlə yoxdur", desəm, doğru sayılmaz. Baxın, ölkənin bir - birindən fərqli guşələrində yerləşən 4 rayonda yüzlərlə adam birdən birə toplanır, demək olar ki, eyni tələblərlə - bahalığa, işsizliyə, bank- kredit talançılığına və hakimiyyətin bu fəlakət qarşısında fəaliyyətsizliyinə etiraz və tədbir görülməsi tələbləri ilə eyni ünvana - icra hakimiyyətlərinə yönəlirlər. Sanki bir mərkəzdə hazırlanmış və idarəolunan kimi...
- O zaman yuxarıda dediklərinizdən belə çıxır ki, təşkilatçı müxalifət deyilsə, hansısa qaranlıq güclər bu vəziyyətdən yararlanmağa çalışır?
- Əvvəla onu deyim ki, iqtidarın və təəssüf ki, dövlətin bu çətinliklərlə üzləşməsinin səbəblərindən biri elə həmin iqtidarın özünün müxalifətsiz cəmiyyət yaratmaq, müxalifəti sıradan çıxarmaq , yox etmək kursunun nəticəsidir. İqtidar müxalifəti yox etməyinə edə bilməyib, lakin onu ciddi şəkildə zəiflədə bilib. Biz əslində öz nümunəmizdə “zəif müxalifəti olan dövlət zəifləyir” qanunauyğunluğunun əyani təsdiqi təcrübəsini müşahidə edirik və nə qədər paradoksal görünsə də, hakimiyyətin indiki vəziyyətdən çıxış yollarından biri siyasi müxalifəti, o cümlədən onu hakimiyyət qollarında təmsil olunmasına getmək yolu ilə gücləndirməkdən keçir. Əgər güclü müxalifət olsaydı dövlətin milyard manatlarla vəsaitini oğurlayıb talan etmək olmazdı. Mövcud böhranı Azərbaycanda dərinləşdirən də məhz bu analoqsuz oğurluq və talançılıqdır. Sualınıza gəldikdə isə, həqiqətən, zahiri müşahidələr belə versiyalara əsas kimi görünə bilər. Bakıda bu hadisələrə aid informasiyalar gəldikdən sonra ilkin təhlilləri zamanı "xalq etirazları başlandı" deyənlərlə yanaşı və onlardan az olmayaraq, "hadisələrin arxasında görünməyən dirijor və ya dirijorlar varmı" sualları da eşidildi. Bəziləri əsaslandırmağa başladılar ki, hazırda hakimiyyətdaxili hesablaşmalardan öz malları və canları üçün qorxu keçirən şəxslər və ya dairələr aranı qatmaq istəyir. Digərləri sübut etməyə, inandırmağa çalışır ki, bunlar hakimiyyətin təxribatıdır, hakimiyyət özü vəziyyəti süni şəkildə qızışdırmaq, bu yolla bir növ buxar buraxmaq, yaxud repressiyalar üçün bəhanə əldə edib pereventiv zərbələr vurmaq yolu ilə qorxu, xof mühiti yaradıb vəziyyəti nəzarətdə saxlamaq istəyir və s. Əslində isə biz sosial böhran dövrlərinin klassik və təbii kütlə reaksiyalarını, xalq etirazlarını müşahidə edirik və əlbəttə ki, yenə təbii olaraq bunlar ən tez bir zamanda idarəolunan, tənzimlənən siyasi məcrasını tapacaqdır. Yəni ya öz yeni liderlərini və təşkilati formasını yaradacaqdır, ya - ən çox ehtimal olan da budur - mövcud siyasi müxalifətin idarəçiliyi ilə davam edəcəkdir, yaxud da bunların hansısa şəkildə sintezi baş verəcək. Nəzərə almaq lazımdır ki, kəskin sosial böhranlar zamanı kimlərinsə öz maraq və mənafeləri üçün istifadə etməyə yönəlik hərəkət və halları səbəb yox, nəticədir. Əlbəttə ki, bu amil prosesə təsir edir, onu dəyişikliklərə uğradır, lakin davamlı proseslərin gedişi üçün həlledici deyil. Demək istəyirəm ki, bu hadisələri kimin təşkil etməsi, kimlərin bunlardan öz maraqları üçün yararlanmaq istəməsi, əlbəttə ki, əhəmiyyətsiz deyil, bəzən hətta çox əhəmiyyətlidir, lakin prosesin mövcudluğu baxımından ikinci dərəcəlidir.
- O halda, bu aksiyaların AXCP və Müsavat fəalları və dini ekstremist dairələr tərəfindən təşkil olunması barədə Respublika Prokurorluğunun və DİN-in rəsmi məlumatları nə məqsəd daşıyır?
- Nə etsinlər? Desinlər ki, yaranmış vəziyyət o hala gəlib ki, dözümlü Azərbaycan xalqı daha dözə bilmir, daha dözmək istəmir , hakimiyyətin siyasətindən narazılıq o dərəcədə artıb ki, bu siyasətə qarşı səsini qaldırıb fəal formada etiraza başlayıb? Bu, artıq hüquq-mühafizə orqanlarının işi deyil. Bilirsiniz, siyasi müxalifətin bu tipli kütləvi aksiyaları hazırlamaq fəaliyyətini konspirasiya etməsi mümkün deyil axı. Diqqət etsəniz, hüquq-mühafizə orqanları hadisə baş verəndən dərhal sonra bunu Müsavat və AXCP partiyalarının tədbiri kimi qələmə verməyə çalışırlar, lakin nə qədər ciddi-cəhdlə çalışsalar da, ağlabatan sübutlar, dəlillər ortaya qoya bilmirlər. Bu aksiyalarda, əlbəttə, istisna deyil ki, orda yaşayan həmin partiyalara və ya siyasi-dini kəsimə məxsus şəxslər də iştirak etsin, görünür ki, iştirak da ediblər. Lakin bu halda da onlar orda mənsub olduqları qüvvələrin nümayəndəsi, təmsilçisi kimi yox, həmin əhalinin bir fərdi kimi iştirak ediblər.
- Pənah bəy, demək istəyirsiniz ki, siyasi müxalifətin mərkəzləşdirilmiş şəkildə bu proseslərdə təsiri, iştirakı, müdaxiləsi olmayacaq?
- Görünən budur ki, siyasi müxalifət yuxarıda dediyim kimi, ən azı, müəyyən dövr üçün proseslərə birbaşa müdaxilə etməmək taktikasını müəyyənləşdirərkən ondan çıxış edirdi ki, bir halda, hakimiyyət bu gün real problemlərlə və xalqla üzbəüz qalmışdır, müxalifətin vaxtından əvvəl meydana girməsi hakimiyyətə imkan verər ki, xalqın öz yaşam haqları uğrunda mübarizə məsələsini siyasilərin hakimiyyət uğrunda mübarizəsi kimi qələmə versin, bir növ, mübarizəni hakimiyyət-cəmiyyət müstəvisindən hakimiyyət-müxalifət müstəvisinə keçirsin, belə təqdim etsin. Buna yol vermək olmaz və odur ki, imkan vermək lazımdır proses təbii axarı ilə davam etsin. Mən özüm belə mülahizələrə heç də birmənalı yanaşmıram. Ancaq açığı, buna qarşı da daha inandırıcı və məntiqi opponentlik edə də bilmirəm və ya istəyirsiniz, belə qəbul edin ki, etmək istəmirəm. Lakin hakimiyyətin aksiyalara münasibətdə "bunu müxalifət və radikal islamçılar təşkil edir" əks-təbliğatı indiki vəziyyətdə bu etirazların daha sürətlə mütəşəkkil siyasi prosesə çevrilməsinə təkan verir. Məncə, ən yaxın günlərdə bunun təzahürləri görünəcək.
- Belə çıxır ki, hakimiyyət özü öz əleyhinə işləyir?
- Əvvəla, hakimiyyətin idarəçilik böhranı ortadadır. Mən sizə bunu göstərən bir neçə faktı sadalayım. Mətbuatda, fiziki şəxslərə xaricdən 10 min manatlıq rüsumsuz mal gətirmə hüququ verən, elə sizin ekspertlərin də İlham Əliyevin gömrük inqilabı adlandırdığı keçənilki oktyabr fərmanı nə oldu? Heç icraya yönəlməmiş dünən ləğv edildi. Heç bir ay deyil spirtli içkilərin nəğdsiz satışı barədə qərar verilmişdi, yanvarın birindən icra edilməli idi, iki gün əvvəl ləğv edildi. Manatın dekabr devalvasiyasından sonra valyuta dəyişmə məntəqələri qarşısına polis qoyuldu ki, müəyyən olunmuş rəsmi məzənnə çərçivəsi keçilməsin, sonra elan edildi ki, banklar mübadilə kursunu özləri sərbəst müəyyən edəcəklər, bir gün sonra başqa bir sərəncam gəldi ki, rəsmi məzənnədən 4 faizlik kənara çıxma qaydası müəyyən edilir və s. Yəni idarəçiliyin beyni pozulub. Belə vəziyyətdə düzgün strategiya və taktika necə müəyyən edilsin? Ancaq bir məsələ də var ki, “nə edirsən et, zərərinə işləyir” halı sistem böhranının əlaməti olub, bu cür mərhələlərdə hakimiyyətlər üçün ən dəhşətli vəziyyətdir.
- Müxalifət kütləvi etirazları kütlələrin öz öhdəsinə buraxmaqla, özünü kənarda saxlamaqla onun üçün əlverişli olan fürsəti əldən buraxmazmı?
- Mən əvvəl bir neçə dəfə demişəm, yenə təkrar edim: Azərbaycan müxalifəti, əvvəla, fürsətcil deyil. İkincisi, mən hər halda o cür düşünənlərdənəm ki, bu fürsət, - əgər bunun altında indiki iqtisadi, sosial çətinliklər və onun iqtidar qarşısında qoyduğu problemlər, çağırışları nəzərdə tutursunuzsa, - bu dəfə heç yerə gedən deyil, kardinal dəyişikliklər, o cümlədən birinci növbədə siyasi dəyişikliklər baş verməyənə qədər günbəgün artacaq və dərinləşəcək. Sadəcə, bir çoxlarını, məni də narahat edən və düşündürən odur ki, iqtidar nəyəsə ümid edib, “əvvəllər ötüb keçib, bu dəfə də bəlkə də keçdi” xəyalı ilə bu böhranın daha da dərinləşdiyini fərqində olmaya bilər. Lakin bu dəfə proses məntiqi sonluğuna qədər davam edəcəkdir. Əsas vəzifə bu böhrandan mümkün qədər daha tez və daha az zərərlə çıxmaqdır. Bu isə siyasi müxalifətin proseslərə müdaxiləsini zəruri edir. Bilmək istəyirsinizsə, bu şəraitdə müxalifətin missiyası və milli borcu da bunu tələb edir. Yəni bu gün siyasi müxalifət həmin problemlərin həlli üçün məsuliyyəti bölüşə bilər, - yeri gəlmişkən mənim hakimiyyətə “məsuliyyəti bölək” təklifim bunu ifadə edirdi, - ya da kütləvi xalq etirazlarının başında duraraq, onu siyasi inqilaba çevirə bilər.
- Demək istəyirsiniz ki, indiki siyasi status - kvonun saxlanması mümkün deyilmi?
- Mümkün deyil. Nə etrazçılara divan tutulması, nə təqib, nə həbslərlə bunun qarşısını almaq olmaz. Bu dəyişikliyi şərtləndirən dərin səbəblər var. Bizdə bu gün Azərbaycanda baş verən hadisələri daha çox regional və dünya böhranı, daha konkret, neftin qiymətinin ucuzlaşması kontekstində təhlil aparıb ümumiləşdirmələr edib nəticələr çıxarırlar. Bu, əlbəttə ki, yanlış deyil, lakin yalnız qismən doğrudur. Məsələ burasındadır ki, hətta neftin qiyməti belə sürətlə ucuzlaşmasaydı da, Azərbaycanda böhran labüd idi. Bu böhranın dərin səbəbi siyasi və iqtisadi güc ayrılığının olmamasındadır. Yəni Azərbaycan cəmiyyətinin bundan sonrakı inkişafı iqtisadi və siyasi gücün və üstqurum olaraq iqtisadi və siyasi hakimiyyətin ayrılmasını tələb edir ki, sonra da bu güclər arasındakı sağlam rəqabət ölkənin demokratik siyasi və rəqabət qabiliyyətli iqtisadi inkişafını və optimal sosial rifahı təmin etsin. Korrupsiyaya və qeyri-qanuni monopoliyanı korrupsioner və monopolistlər vasitəsilə aradan qaldırmaq olarmı? Hakimiyyətin, - mən bilə-bilə hökumət demirəm, - ilin yekunlarına həsr olunmuş müşavirəsinin elə şəklinə baxanda ilk ağla gələn budur. Bundan böyük absurd olarmı? Bizdə indi cəmiyyətə bu absurdu sırımaq istəyirlər. Diqqət edin, gömrükdə monopoliyalara və korrupsiyaya qarşı müharibə elan edilib, qanun, fərman, sərəncamlar qəbul edilib. Ölkəyə mal gətirmək və çıxarmaq asanlaşıb, yoxsa çətinləşib? Çətinləşib. Alınan bac - xərac azalıb, yoxsa artıb? Artıb. Mal bolluğu yaranıb, yoxsa qıtlıq əmələ gəlib? Qıtlıq əmələ gəlib. Digər sahələrdə də elə. Maliyyə “islahatları” o imiş ki, dolların "qara bazarı" yaradılsın! Struktur islahatları nə imiş: iş yerlərini bağlamaq və kütləvi işsizlik? Odur ki, vəziyyətdən çıxmaq idealda indiki iqtidarın hakimiyyətdən birdəfəlik və bütünlüklə getməsini tələb edir. Lakin bu, siyasi inqilab vasitəsi ilə mümkündür ki, bu da fəsadlarla, sarsıntılarla müşayiət oluna bilər. Odur ki, müəyyən dövrdə güclü ictimai təzyiq faktoru və adekvat mexanizmlər yaratmaqla siyasi islahatlardan ibarət keçid modeli daha arzuolunandır. Faktiki olaraq, biz "siyasi inqilab" və "siyasi islahatlar" işarələri yazılmış yolayrıcındayıq. Bundan nə özümüz vahiməyə düşməliyik, nə də digərlərini vahiməyə salmalı deyilik. Ən azı ona görə ki, bunun işə bir faydası yoxdur. Soyuq başlar və cəsarətli ürəklər birləşib bu vəziyyətdən çıxmağı bacarmalıdır və mən şəxsən inanıram ki, bacaracaqlar. İndi ən müxtəlif ideyalar, təkliflər, təşəbbüslər ortaya atılır ki, bu, cəmiyyətimizin yaşamaq potensialının göstəricisidir. Yeri gəlmişkən, bu təşəbbüslərdən biri də ictimai siyasi qüvvələrin yanvarın 24-də toplanıb vəziyyəti müzakirə etmək və hansısa və çıxış yolları istiqamətində birgə qərarlara gəlməyə cəhd etməkdir. (Musavat.com)