CAVİD QURBANOV erməniləri necə QABAQLADI? – Bakı Yerevanı OFSAYTda saxlamaqda davam edəcək
Bu günlərdə Ermənistanda yenidən İrana dəmir yolu çəkilməsi və tranzit daşımaları layihələri, planları gündəmin əsas mövzularındadır. Ermənistan KİV-i nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın İran səfərinin nəticələri ilə bağlı Yerevanla Tehran arasında Hindistanı Avropa ilə İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu ilə birləşdircək yeni beynəlxalq nəqliyyat dəhlizinin yaradılması barədə razılıq əldə olunduğu barədə məlumat yayıb. Ermənilərin tranzit daşımaları planları: Azərbaycana alternativ yartamağa çalışırlar “Azadlıq” radiosuna açıqlamasında Beqlaryan bildirib ki, onların hesablamalarına görə, bu yol Azərbaycan və Türkiyədən keçən yoldan daha qısa və ucuz olacaq: “Biz İrandan keçən, Avropaya və Rusiyaya istiqamətlənən yükləri avtomobil nəqliyyatı ilə Erasxa qədər aparmağa cəhd edəcəyik, Erasxdan Potiyə isə qatarla daşınma həyata keçiriləcək. Potidən isə bərələrlə Avropaya çıxacağıq”. Onun sözlərinə görə, bu yolun Ermənistan üzərindən keçməsi üçün Şimal-Cənub avtomagistralının Sünik – Vayk – Yexeqnadzor hissələrinin tikintisi başlayacaq. Bu hissə İran sərhəddindəki Aqarakı Erasx dəmir yol stansiyası ilə birləşdirəcək. Erasx isə Gürcüstanın Qara dəniz limanları ilə dəmir yolu əlaqəsinə malikdir. Erməni nazir əlavə edib ki, bu planlar həyata keçə, aydın olcaq ki, “bizim yol daha yaxşıdır”. Beqlaryan bildirib ki, Yerevan və Tehran Mumbaydan Fars körfəzi, İran ərazisindən keçməklə Ermənistan-Qara dəniz – Avropanın hər hansı şəhəri marşrutu ilə iki konteyner aparılması və bunun neçəyə başa gəlməsinin aydınlaşdırılması barədə razılıq əldə ediblər. Eyni zamanda İran ərazisindən İraqa iki yük maşını göndərilməsi və tranzitin qiymtinin aydınlaşdırılması qərara alınıb. Bundan başqa, Yereven iranlılara iki ölkəni birləşdirən yeni dəmir yolu marşrutu təqim edib. Əvvəlki Mehri - Vayoçdzor - Sevan marşrutu əvəzinə Меhri - Ваyoçdzor - Ersax marşrutu təqdim olunub. Erməni nazir bildirib ki, İran tərəfi bu təklifə maraq göstərib və yeni marşrutun texniki sənədlərinin hazırlanması və layihələndirilməsində yardım vəd edib. Xatırladaq ki, Q.Beqlaryan 9 gün əvvəl Tehranda səfərdə olub, İranın vitse-prezidenti, nəqliyyat və rabitə naziri ilə danışılar aparıb. Danışıların nəticəsi barədə isə iki gün əvvəl açıqlama verilib. Göründüyü kimi, ermənilər Cənubi Qafqaz regionunda tranzit daşımaları sahəsində də Azərbaycan və Türkiyəyə alternativ layihələr ortaya qoymaq iddialarından əl çəkmirlər. Bəs ermənilərin tranzit planlarının həyata keçməsi nə dərəcədə realdır? Ermənilərin planları gerçəkləşə bilərmi? İlk növbədə qeyd edək ki, İran-Ermənistan dəmir yolunun çəkilməsi uzun illərdir müzakirə olunur və Yerevan nə qədər çalışsa da, bu layihə reallaşmır. 18 yanvar 2013-cü ildə Ermənistan Nəqliyyat Nazirliyi Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” QSC, Dubayda yerləşən transmilli “Rasia” investisiya şirkəti ilə üçtərəfli memorandum imzalamışdı. Bu memoranduma görə, iki dəmir yol xəttinin “Ermənistan Cənub yüksəksürətli yolu” və “Ermənistan Cənub Dəmir Yolu”nun texniki-iqtisadi əsaslandırması və tikintisinin nəzərdən keçirilməsini nəzərdə tutulurdu. Birinci yolun uzunluğu 110, ikinci yolun uzunluğu isə 316 km planlaşdırılırdı. Hər iki layihə üçün 3 milyard ABŞ dolları maliyyələşmə tələb olunurdu. Təxmin edilirdi ki, İran-Ermənistan dəmir yolunun uzunluğu 450 km təşkil edəcək. Bunun da cəmi 60 km İran ərazisinə düşürdü. İran öz ərazisinə düşən 60 km yolu tikməyə razılıq vermişdi, Ermənistan isə Rusiyanın köməyinə ümid etsə də, Moskva bu layihədən imtina etmişdi. Ruslar açıq şəkildə qeyd edirdilər ki, bu dəmir yolunun heç bir perspektivi yoxdu. Çünki 3 milyard investisiya tələb edən bu layihənin heç bir iqtisadi əsası yoxdur. İranla-Ermənistan arasında ticarət dövriyyəsi son illər heç 400 milyon dollara çatmır. Bunun da 80%-i İrandan idxaldır. Digər tərəfdən, Türkiyə Qars-Gümrü dəmir yolunu bağlayıb. Gürcüstan isə Abxaziyadan keçən dəmir yolunu qapadıb. Beləliklə, Ermənistan faktiki olaraq dalanda qalıb. Ermənistan üçün “həyat pəncərəsi” vaxtı ilə Azərbaycandan alınıb Ermənistana hədiyyə edilən Zəngəzur ərazisindən İranla olan 22 kilometrlik sərhəddir. Baxmayaraq ki, İran Ermənistana hərətəfli dəstək verir, bununla belə ümidsiz layihəyə 3 milyard investisiya qoyulması, ümumiyyətlə, ağılabatan görünmür. Rusiya barədə isə heç danışmağa dəyməz, ağır iqtisadi böhranla üzləşən rusların növbəti erməni xülyasını maliyyələşdirəcyi heç gözlənilmir. Təsadufi deyil ki, "Rusiya Dəmir Yolları" ASC-nin keçmiş prezidenti Vladimir Yakunin bildirmişdi ki, bu layihənin heç bir perspektivi yoxdur: "İran-Ermənistan dəmiryolu xətti layihəsi heç bir effekti olmayan layihədir. Bu, divarda dalana - qonşunun divarına doğru dəlik açmaqdır”. Ermənilərin təklif etdiyi yeni marşrut da innovativ heç nə təklif etmir. Burada hədəf Cənubi, Cənubi-Şərqi Asiyadan gələn yüklərin Ermənistan üzərindən Qara dəniz limanlarına çatıdırılmasıdır.Amma 3 milyardlıq investisiyanın özünü doğrultması və layihənin gəlirli olması üçün ildə bu marşrut üzrə 10 milyonlarla ton yük daşınmalıdır. Hələ heç bir infrastrukturu, texniki-iqtisadi əsaslandırması olmayan marşrutla bağlı belə optimist proqnoz vermək çox qeyri-ciddi yanaşma olardı. Ermənilərin İran üzərindən keçən yüklərin avtomobillə Erasxa daşınması və oradan da dəmir yolu ilə Qara dəniz limanlarına çatdırılması da, hələ ki, xülyadır. Nəzərə almaq lazımdır ki, bu marşrutda yol hələ çəkilməlidir. İran ərazisindən yüklər çox böyük məsafə qət etməklə Erasxa avtomobillə çatdırılmalıdır. Bunun üçün də heç bir infrastruktur, anbarlar, tariflərin razılaşdırılması həyata keçirlməyib. Mehridən Fars körfəzindəki Bəndər-Mahşəhr limanına avtomobil yolu ilə təxminən 1700 km, Bəndər-Abbas limanına isə təxminən 2400 km məsafə var. Yüklər, demək olar ki, bütün İran ərazisindən keçməlidir. Mehridən Erasxa qədər isə dağlardan keçən, təxminən 300 km avtomobil yolu qət olunmalıdır. Bu yüklərin çeşidlənməsi, saxlanması, qatarlara yüklənməsi üçün anbarlar və zəruri infrastruktur da yoxdur. Bu baxımdan bu variant da real görünmür. Azərbaycan erməniləri ofsaytda saxlamaqda davam edəcək
Digər tərəfdən, Ermənistanın tranzit daşımaları ilə bağlı planlarının üstündən xətt çəkəcək əsas amil Azərbaycanın zamanında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun, yəni Azərbaycan ərazisindən keçən hissəsinin işə salınması ilə bağlı atdığı addımlardır.“Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü və Azərbaycan hökumətinn təşviqi ilə Azərbaycan-İran dəmir yol şəbəkəsinin birləşməsi, bu məqsədlə İran istiqamətində 8,4 km dəmir yolu xəttinin çəkilməsini və Astaraçay üzərində dəmiryolu körpüsünün salınması ilə bağlı qərar qəbul olunub. Bu işlərin maliyyələşməsini Azərbaycan öz üzərinə götürüb. Azərbaycanın təşəbbüsü ilə İranın Bəndər-Abbas limanı ilə Gürcüstanın Poti limanı arasında işlək və məhsuldar dəhliz açılır. Artıq İran, Gürcüstan, Azərbaycan bu marşrutun işə salınması üçün müvafiq İşçi Qrup yaradılması barədə razılığa gəlibər. Digər tərəfdən, Azərbaycan Gürcüstan üzərindən Çindən və Qazaxıtan gələn yüklərin, həmçinin Ukrayna və Avropadan, Türkiyədən gələn yüklərin daşınmasını təklif edir. Gürcülərin Azərbaycanın bu çox sərfəli təkliflərini ermənilərin qeyri-müəyyən vədlərinə dəyişəcəyi də, yumşaq desək, inandırıcı görünmür. Baxmayaraq ki, İranın üzərindən sanksiyaların götürülməsi ermənilərə müəyyən ümidlər verib. Amma bu perspektiv Azərbaycan tərəfindən öncədən nəzərə alınmışdı. Məhz Azərbaycanın və «Azərbaycan Dəmir Yolları» QSC-nin fəal təşviqi ilə indiki mərhələdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycandan İran ərazisinə dəmir yolunun çəkilməsi gündəliyə gəldi və reallaşması üçün konkret işlər görüldü. Bununla Azərbaycan hələ nə zaman bitməsi bilinməyən Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsindən əvvəl İrandan dəmir yolu vasitəsilə tranzit daşımaları həyata keçirmək imkanı qazandı. Xatırladaq ki, bu xəttin çəkilişinə 2006-cı ildən başlanılıb. Son məlumatlara görə, 205 kilometrlik Qəzvin-Rəşt dəmir yolu xəttinin çəkilməsi ilə bağlı əsas işlər görülüb. Gələn ilin sonunda bu xəttin istifadəyə veriləcəyi gözlənilir. Rəştdən-Astaraya qədər hissənin çəkilməsinin nə zaman yekunlaşacağını isə təxmin etmək belə, çətindir. Cənubi Şərqi Asiyadan gələn yüklərin, həmçinin İranın öz yüklərinin Azərbaycan üzərindən, Azərbaycan dəmir yolları ilə daşınmasıvTehran üçün prioritetdir. İran Astarasında çox böyük yük anbarı tikilir. Bəndər-Abbas - Poti marşrutunun reallaşmasına Tehran çox böyük maraq göstərir. Bütün bunların fonunda Tehranın ermənilərə yalnız təsəlli verdiyini söyləmək olar... Sonda qeyd edək ki, ermənilərin təşəbbüsü fonunda Azərbaycanın zamanında strateji qərarlar verməsi və bunların həyata keçirilməsinin necə vacib olması bir daha aydınlaşır. Məhz zamanında Azərbaycanın, “Azərbaycan Dəmir Yolları” QSC-nin tranzit daşımaları ilə bağlı strateji təşəbbüsləri indi erməniləri oyundankənar vəziyyətə salmağa imkan verib. (Strateq.az )