TRAMPI İranla düşmən edən üç MÜHÜM SƏBƏB
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidentini İranla nüvə anlaşmasını saxlamaq üçün yola gətirmək məqsədilə Vaşinqtona səfər etdi. Səfər nəticə verib, ABŞ prezidenti İranla yeni nüvə sazişinin hazırlanmasına razılıq verib. Ancaq BBC-nin xəbərində deyilir ki, Tramp şərt qoyub ki, İranla bağlı narahatlıqları yeni sazişdə əksini tapmayacağı təqdirdə anlaşmadan tamamən çəkiləcək. Trampın şərti isə İranla nüvə anlaşması bu ölkənin nüvə fəaliyyətlərini çərçivəyə almaqla yanaşı, bölgədəki aktivliyini təsirinin azalmasıdır. Tramp Makronla Ağ Evdə verdiyi brifinqdə bir daha 2015-ci il anlaşmasını sərt şəkildə tənqid edib. Tramp onu da deyib ki, yeni anlaşma onu qane etməyəcəyi təqdirdə mayın 12-də anlaşmadan tamamən çəkiləcək və İrana qarşı sərt iqtisadi sanksiyalar qəbul edəcək. Konqresdə hər iki palatanın üzvləri qarşısında çıxış edən Makron isə deyib ki, köhnə müqavilə İranın nüvə fəaliyyətinə az da olsa nəzarətə imkan verib, amma yenisinə ehtiyac var. Eyni zamanda o da yeni anlaşmanın İranın ballistik raket proqramı və regional siyasətinə də təsir etməli olduğunu vurğulayıb. Fransa prezidenti həmçinin yeni müqavilənin hazırlanması prosesinə Rusiya və Türkiyənin də daxil edilməsini istəyib. Makron ən azı yeni müqavilə imzalanana qədər qanunvericiləri nüvə müqaviləsindən imtina etməməyə çağırıb.
Xatırladaq ki, BMT TŞ-nin 5 daimi üzvü və Almaniyanın da daxil olduğu “altılıq” ölkələri ilə İran arasında 21 ay davam edən müzakirələrdən sonra İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması, sadəcə, dinc məqsədlər üçün uranın zənginləşdirilməsi proqramına icazə verilməsi və bunun əvəzində İrana qarşı sanksiyaların götürülməsini nəzərdə tutan anlaşma 2015-ci ildə imzalanıb. Bu müqavilə ABŞ-ın o, zamankı prezidenti Barak Obamanın ciddi dəstəyi nəticəsində mümkün olub və böyük bir hadisə kimi qarşılanıb. Ancaq Vaşinqtonun bu siyasəti Trampın dönəmində dəyişib. Yeni ABŞ prezidenti İrana qarşı daha sərt məhdudiyyətlərin tətbiq olunması, nüvə fəaliyyətləri ilə yanaşı ballistik raket fəaliyyətləri, o cümlədən İranın Yaxın Şərq regionundakı hərbi-siyasi aktivliyinin qarşısının alınması üçün addımların atılmasını istəyib. Ötən ilin oktyabrında Tramp anlaşmanın müddətini uzatmaqdan imtina edib və sənədi Konqresə göndərib. Ancaq Avropa Birliyinin aparıcı ölkələri, o cümlədən Rusiya, Çin və AB Trampın bu addımını tənqid ediblər. İran isə ABŞ anlaşmadan çəkiləcəyi təqdirdə uranın zənginləşdirilməsi proqramının davam edəcəyini bildirib.
Fransa prezidentinin səfəri məhz ABŞ administrasiyasını İran məsələsində yola gətirmək məqsədi daşıyır. Yeri gəlmişkən, BBC bu həftənin cümə günü Almaniya kansleri Angela Merkelin də Vaşinqtonu eyni məqsədlə ziyarət edəcəyini bildirib. Merkelin də Trampdan nüvə anlaşmasından çəkilməməsini istəyəcəyi gözlənilir. Ancaq ikinci bir müqavilə sənədi Trampın dediyi müddəaları özündə əks etdirərsə, güman ki, İranın bunu qəbul etməsi çətin olacaq. Çünki söhbət yalnız İranın nüvə fəaliyyətindən deyil, eyni zamanda raket istehsalı və Yaxın Şərqdəki fəaliyyətlərinin məhdudlaşdırılmasından gedir. İran isə heç bir halda buna getməz. Çünki hətta 2015-ci ildə imzalanmış nüvə sazişinin özü belə İranda “mühafizəkar” camiədə, xüsusən də orduda ciddi etiraza səbəb olmuşdu. İndi isə yeni təklif olunan anlaşma detallarında İranın birbaşa İnqilab Keşikçilərinin nəzarətində olan raket istehsalı və Yaxın Şərqdəki fəaliyyətləri məhdudlaşdırıla bilər. Belə bir anlaşmanın nəinki “mühafizəkar” qanad, hətta Ruhani hökumətinin özünün də razı olması inandırıcı deyil. Tramp isə inad edir. Əgər Merkel də yola gətirməsə, sazişin özünün taleyi təhlükəyə düşə bilər. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi və digər uyğun qurumlar İranın nüvə anlaşmasına riayət etdiyini təsdiqləyir. Tehrana qarşı Trampın bu şəkildə inadının arxasında heç şübhəsiz ki, nüvə məsələsi dayanmır. Trampı İran mövzusunda bu qədər kəskin davranmağa vadar edən bir neçə xüsusi amil var.
Birincisi amil, ABŞ-ın strateji maraqlarıdır. Məsələ ondadır ki, ABŞ-ın Yaxın Şərqdəki maraqları İranla toqquşur. İran son illərdə Yaxın Şərqdə aktiv siyasət yürüdür və istər Suriya olsun, istər İraq, Yəmən, Fələstin olsun, bütün regionda İranın maraqları ABŞ-la toqquşur. İkinci mühüm amil, məşhur idarə olunan xaos nəzəriyyəsidir. Yaxın Şərqdə İranla gərginlik ərəb ölkələri üçün ciddi təhlükə və narahatlıq yaradır. Yəni Tehran təhlükəsi olmasa, ərəblərin daha güclü himayədara ehtiyacı olmayacaq, eləcə də ən müasir silah və texnikaya. Son 10 ildə region ölkələri 500 milyard dollar dəyərində silahlanmaya pul xərcləyib. Təkcə 2017-ci ilin mayında Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı 110 milyard dollarlıq silah anlaşması imzalanıb. Eyni şəkildə Qətər və Səudiyyə Ərəbistanı arasında böhran yarandıqdan sonra Vaşinqtonun dəstəyinə ehtiyac duyan Qətər hökuməti tez-tələsik 12 milyard dollarlıq qırıcı satışı müqaviləsi imzaladı. Bir mənada bölgədəki gərginlik, İran şəxsində təhlükəli düşmən ABŞ üçün əlverişlidir.
Və nəhayət, üçüncü mühüm amil, İsrail faktorudur. İran İsrailə qarşı gizli savaş aparır, yəhudi dövlətini yox etmək istəyən silahlı qrupları dəstəkləyir. Vaşinqton isə İranın, Trampın dili ilə desək, Aralıq dənizi sahillərinə çıxması, İsrail üçün təhlükə törətməsinə imkan verə bilməz. Bu səbəbdən də Tramp və onun komandası üçün indi Yaxın Şərqdə ən “ideal” düşmən İrandır. İslam Respublikası istənilən halda raket istehsalından və Yaxın Şərqdəki fəaliyyətlərindən imtina etməyəcək. Deməli, ABŞ-a hələ uzun müddət ehtiyac duyulacaq.ABŞ prezidentinin Tehrana qarşı bu şəkildə inadının arxasında heç şübhəsiz ki, nüvə məsələsi dayanmır