Ordumuz müasir silahları hardan alıb? - ERMƏNİSTAN PANİKADA + ŞƏRH

“Ordumuz müasir silahları hardan alıb? - Ermənistan panikada + Şərh

Qarabağ cəbhəsində baş verən 4 günlük müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlardan Ermənistan ciddi narahatlıq keçirməkdədir.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə də Ermənistan prezidenti Serj Sarkisyan elə ilk günlərdə Almaniya kansleri Angela Merkellə görüşündə müttəfiqi Rusiyanın Azərbaycana silah satmasından narazılığını açıq-aşkar dilə gətirmişdi. Ötən gün isə məlum oldu ki, təkcə rəhbərlik yox, eyni zamanda Ermənistan əhalisi də Rusiyanın Azərbaycana silah satışını dayandırması üçün imzatoplama kampaniyasına start verib. Rusiya rəhbərliyinə göndərilən müraciətdə bildirilir ki, Ermənistanın müttəfiqinin Bakıya satıdığı silahlar İrəvana qarşı yönəlir. Həmçinin müraciətdə rəsmi Moskvanın bəyanatları "hiyləgər bəhanələr" adlandırılıb.

Rusiya baş nazirinin müavini Dmitri Roqozin müraciətə cavab olaraq bildirib ki, Rusiya Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satır: “Əgər Rusiya bundan əl çəksə, onun yerini ABŞ və digər ölkələr tutacaq”.

“Qafqazinfo” erməni siyasi rəhbərliyinin və xalqının təşviş içində olduğu bu günlərdə imzatoplama kampaniyası ilə bağlı keçiridiyi aksiyaya millət vəkillərindən və ekspertlərdən münasibət öyrənib.

Milllət vəkili Yevda Abramov Ermənistan əhalisinin imzatoplama kampaniyasının heç bir nəticə verməyəciyini qeyd edib: “Azərbaycanın silah aldığı ölkələrlə, eyni zamanda Rusiya ilə xüsusi müqavilələri var. Biz aldığımızı alacağıq. Ölkələr imza atdığı müqaviləni pozan deyillər. Hətta üç-dörd ildən sonra İran imzaladığı müqaviləni ortaya qoyaraq S-300 raketlərini alıb.

Ermənistan son günlər Azərbaycanın qazandığı uğurlardan qorxur. O bilir ki, biz hansı ölkələrin silahları ilə bu uğurları əldə etmişik. Ona görə də həmin ölkələrdən bizi məhrum etmək istəyir, amma bu imza toplamaqla mümkün deyil”.

Azərbaycanla müqavilələri var və bizə silah satacaqlar

Millət vəkili Rövşən Rzayev isə məsələnin bir neçə tərəflərinə toxunub. Onun sözlərinə görə, Ermənistan işğalçı qüvvələri mütəmadi olaraq Azərbaycanın dinc əhalisi yaşayan kəndlərinə atəş açırdı, bizim ordu da onları cavab atəşi ilə susdururdu: “Son dövrlərdə olan proses isə ondan ibarət idi ki, Ermənistanın işğalçı qüvvələri geniş maştablı təxribata əl atmaq istədilər. Bizim hərbçilər də bunu başa düşdülər, onlara layiqincə cavab verərək hərbi nöqteyi-nəzərdən Silahlı Qüvvələrimiz bir neçə yüksəkliyi ələ keçirdi. Bununla da Ermənistan Azərbaycanın Silahlı Qüvvələrinin nə qədər inkişaf etdiyini gördü. Azərbaycan xalqının, gəncliyinin əzmini gördükdən sonra başa düşdülər ki, münaqişəni uzatmaqla heç bir şey əldə etməyəcəklər.

Erməni təxribatçı qüvvələri bundan sonra Rusiyanı bizə silah satması ilə günahlandırmağa başladılar. Bu da mənasız aksiyadır. Daha yaxşı olar ki, onlar digər sülhməramlı düşüncələrlə bağlı hərəkətlər etsinlər. Ermənistanın siyasi hakimiyyətini işğal edən Köçəryan-Sarkisyan hakimiyyəti başqa düşüncə ortalığa qoya bilmirlər. Onlar Azərbaycan ərazilərində öldürülən erməni əsgərinin valideynlərinə cavab versinlər ki, hansı səbəbə onların övladları Azərbaycan torpağında həlak olub.

Rusiyanın rəhbərliyi açıq-aşkar söylədi ki, Azərbaycanla müqavilələri var və bizə silah satacaqlar. Bu artıq Ermənistana aid olan məsələ deyil. Ermənistan özü xalqını xilas etməyi bacarmalıdır və işğalçı siyasətdən də əl çəkməlidir”.

Rusiya satmasa, Azərbaycan başqa yerdən silah alacaq

Hərbi ekspert Azad İsazadə də xatırladıb ki, Rusiya neçə illərdir münaqişədə olan iki tərəfə də silah satır: “Bu proses birinci Qarabağ müharibəsində də baş verib. Amma son illər silah satışında prinsipial keyfiyyət dəyişikliyi baş verdi. Əvvəllər Rusiya Ermənistanı gücləndirirdi ki, Ermənistan Azərbaycandan çox da geri qalmasın.

Son 5-6 il ərzində baş verən iqtisadi proseslər isə göstərdi ki, Azərbaycan sərbəst olaraq öz puluna silah ala bilər. Rusiya ona satmasa, Azərbaycan ayrı yerdən alacaq.

Ermənistana isə silahı faktiki olaraq satmır. Biz Rusiyadan daha güclü və müasir silahlar alırıq, Ermənistana isə daha ucuz və nisbətən köhnə silahlar satılır.

Sonuncu döyüşlərdə də bu fərq özünü göstərdi. Ordumuzun texniki hərbi potensialı Ermənistandan xeyli inkişaf edib”.

Onun sözlərinə görə, Ermənistan hazırda təkcə Rusiyaya deyil, həmçinin İsrailə də təpinib ki, Azərbaycana silah satmasınlar: “İsrailin keçmiş hərbçisi də cavab verib ki, biz satmasaq, ayrı yerdən alacaqlar. Ermənistan bütün istiqamətlərdə Azərbaycana mane olmağa çalışacaq. Çünki ordumuzun güclü olmasından təşvişə düşüb. Əsasən də bilir ki, indi regionda qeyri-sabit vəziyyətdir. Heç kim istəməz ki, regionda müharibə başlasın. Bunu istəməyənlər kompromisə getməyi tələb edəcəklər. Ermənistan isə faktiki olaraq çıxılmaz vəziyyətdə qalır. Ya kompromisə getməlidir, ya da Azərbaycan döyüşləri başlayıb silah gücü vasitəsilə torpaqları azad edəcək”.

Ermənilərin etirazları nəticə verməyəcək

Siyasi şərhçi Şahin Cəfərli qeyd edib ki, Rusiya rəhbərliyi son günlər Azərbaycana silah satışının davam etdiriləcəyini dəfələrlə bəyan edib: “Bu, heç də Azərbaycana sevgidən irəli gələn məsələ deyil. Sadəcə olaraq, Azərbaycan bu sahədə Rusiyanın etibarlı tərəfdaşlarından biridir və Moskva belə bir müştərini itirmək istətmir.

Rusiya rəhbərliyi çox gözəl anlayır ki, onların Azərbaycana silah satışını dayandırmasının hər hansı effekti olmayacaq və bundan Azərbaycan yox, Rusiya özü itirəcək. Çünki Rusiya Azərbaycan üçün yeganə silah təchizatçısı deyil, bizim üçün alternativ bazarlar da mövcuddur. İsrail kimi yüksək texnologiyalı silah və hərbi sistemlər istehsal edən tərəfdaşımız var. Qardaş ölkə Türkiyənin hərbi-sənaye kompleksi sürətlə inkişaf edir və artıq zirehli texnika, özüyeriyən artilleriya qurğuları, reaktiv atəş sistemləri və müxtəlif raketlər istehsal edir, “Altay” tankı və milli avtomat silahı da bütün sınaqlardan keçərək istehsala hazırdır. Bundan başqa, Rusiyadan aldığımız silah və hərbi texnikanın eynisini və ya analoqlarını dost ölkə Ukraynadan da asanlıqla ala bilərik, bu sahədə heç bir əngəl yoxdur. Rusiya təbii ki, bütün bunları başa düşür və bu səbəblə Azərbaycana silah satışını davam etdirməkdə maraqlıdır. Ona görə də ermənilərin etirazları nəticə verməyəcək”.

Nə almışıq?..

Sonda isə Ermənistanın bu qədər təşvişinə, müttəfiqi Rusiya ilə arasındakı münasibərlərin pozulmasına səbəb olan, Azərbaycana satdığı silahların bir neçəsinin adını xatırlatmaq yerinə düşər.

Beləliklə, son illər Rusiya Azərbaycana milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika satıb. Bura 100 ədəd “T-90S” tankı, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 PMU “Favorit” zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən qaubitsalar və s. silah sistemləri daxildir. Azərbaycan Rusiyadan “Bal-E” taktiki sahil raket komplekslərini almağa da maraq göstərir.

Eyni zamanda, Rusiya 2012-ci ildə Azərbaycana 8 ədəd zərbə helikopteri və 18 ədəd iri çaplı artilleriya sistemi çatdırıb. Bundan başqa, Azərbaycana 1200 ədəd daşınan zenit-raket kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışı gerçəkləşdirilib.






Fikirlər