Sarkisyandan Putinə ETİRAZ: "Bu, ƏXLAQSIZLIQDIR!"

Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinə münasibət bildirib.
Nazirliyin mətbuat katibi Artsrun Ovanisyan bildirib ki, bütün bu baş verənlərdən sonra silah satışının davam etdirilməsi əxlaqsızlıqdır.
"Cəbhə xəttində baş verən gərinlikdən sonra silah satışının davam etdirilməsi əxlaqsızlıqdır", - Ovanisyan deyib.
Bu gün Bakıda səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.  
"Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o, vurğulayıb.
Artsrun Ovanisyan - Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi 
Bunun bilavasitə ötən gün Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündə Rusiyanın Azərbaycana silah satmasından dolayı narazılığına cavab olduğunu söyləmək olar.
 "Rusiya Azərbaycana silah satmağa davam edəcək"
2015-ci ilin əvvəllərindən məlum olub ki, Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın"Rosoboroneksport” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.
Bir müddət əvvəl Rusiya Ermənistana silah alması üçün 200 milyon kredit ayırıb. Kredit üç illik güzəşt dövrü və illik 3 faiz dərəcəsi ilə növbəti 13 il müddətinə ödənilməlidir. Vəsait 2015-2017-ci illər dövründə güzəştlə Rusiya silahlarının alınmasına sərf olunacaq.  Azərbaycan tərəfi isə kreditin ayrılmasına görə Rusiyaya etirazı notası bildirmişdi. 
Həmin vaxt Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistan Rusiyanın tərəfdaşıdır. "Müqavilə şərtlərinə uyğun olaraq silah satışı davam etdiriləcək”, - deyə Zaxarova bildirmişdi. (ans)






Fikirlər