ROQOZİNİN GİZLİ BAKI SƏFƏRİNİN SƏBƏBİ MƏLUM OLDU – Nazir problemləri açıqladı
Rusiya silahlarının Azərbaycana tədarükünə dair müqavilələr üzrə ödənişlərlə bağlı problem yoxdur, hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir. “Report” xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. AzerTaym.az
“Ümumilikdə bizim Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərimiz kommersiya prinsiplərinə müvafiq olaraq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir”, – deyə E.Məmmədyarov qeyd edib.
O əlavə edib ki, silah müqavilələrinin maliyyə dəstəyi ilə bağlı problem yoxdur.
Azərbaycanın XİN rəhbərinin sözlərinə görə, Bakı müqavilələrə uyğun olaraq bütün ödənişləri edir, lakin onların icrası ilə bağlı problemlər var: “O mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə qeyd olunan texniki parametrlərə uyğun olmalıdır”.
E.Məmmədyarov xatırladıb ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və ətraflı izah alıb, heç bir problem qalmayıb.
“Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, D.Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq”, - deyə nazir əlavə edib.