Azərbaycan uğrunda geosiyasi rəqabət şiddətlənir; Roqozinin ardınca Rusiya XİN başçısının müavini Qriqori Karasin də ölkəmizə gəlir; Bakının Türkiyə və Qərblə yaxınlaşma xəttini gücləndirməsi Moskvada təlaş yaradıb; Kreml Azərbaycandan nə istəyir?..
Ötən həftə sonu Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putinin intensivləşən telefon danışıqlarının ardınca Rusiyadan ölkəmizə emissar axını başlayıb. Rusiya baş nazirinin müavini, ölkənin hərb-sənaye kompleksinə cavabdeh olan və prezident Vladimir Putinin ən yaxın silahdaşlarından sayılan Dmitri Roqozin Bakını tərk etməyə macal tapmamış dünən - martın 4-də xarici işlər nazirinin müavini Qriqori Karasin ölkəmizə təşrif buyurmalı idi.
İlkin məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə “geniş spektrli ikitərəfli və regional məsələlər” müzakirə olunmalı idi. “Bizim gündəliyimiz genişdir, ikitərəfli təmaslar, çoxlu məsələ var. Müxtəlif səviyyələrdı ikitərəfli görüşlərin perspektivlərini, regional problemləri, Cənubi Qafqazın problemlərini müzakirə edəcəyik. Danışmağa çox şey var”, - deyə səfər öncəsi Karasin bildirmişdi.
***
Söhbətin konkret hansı məsələlərdən gedəcəyi əslində aydındır. Mövzu həminkidir: Moskvanı öncəliklə Suriya məsələsi və Ankara-Kreml münasibətlərində, regionda Bakının tutduğu mövqe maraqlandırır. Bir sıra rusiyalı ekspertlərə görə, Putin telefon danışığı zamanı özünün azərbaycanlı həmkarı İlham Əliyevə bu yöndə hətta incə şəkildə çatdırışlar və təzyiqlər də edib ki, rəsmi Bakı Türkiyənin yanında qərar tutmasın, Suriya məsələsində Moskvanın yanında olsun.
Roqozinin təfərrüatları bir elə açıqlanmayan səfəri də Azərbaycan rəhbərliyinə konkret mesajların çatdırılması kontekstində şərh oluna bilər. Maraqlıdır ki, Rusiya hərbi-sənaye kompleksində ən önəmli fiqur olan Roqozinin gəlişindən bir gün öncə Azərbaycanla Türkiyə Hərbi-Hava Qüvvələrinin tezliklə (martın 7-də) 3 həftəlik birgə təlimlərinin başlanacağı haqda məlumat yayılmışdı.
Bundan bir neçə gün qabaq isə Azərbaycan paytaxtında Cənub Qaz Dəhlizinin II Məşvərət Şurasının toplantısı olmuş, Avropanın Rusiyadan qaz asılılığını minimuma endirəcək bu layihənin reallaşmasını sürətləndirmək, o sırada dəhlizin üçüncü mühüm seqmenti olan TAP-ın inşasına başlamaq qərara alınmışdı.
Qərbin enerji boslarının qatıldığı və Rusiya əleyhinə olan Bakı qaz sammitində Azərbaycan prezidenti İ. Əliyev bu layihənin xüsusi önəmini vurğulayaraq, onu iştirakçı ölkələrin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi adlandırmışdı. Eyni zamanda toplantı çərçivəsində ABŞ tərəfindən - onun nümayəndəsi, Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştaynın dilindən Rusiya əleyhinə açıq tənqidi fikirlər səslənmişdi - bu barədə informasiya iki gün sonra açıqlansa da...
***
Azərbaycanın Ermənistana 200 milyon (əslində 1 milyard dollarlıq) silah-sursat verməyə hazırlaşması ilə bağlı Rusiyaya verdiyi notanı da nəzərə alsaq, bu və digər amillərin Moskvada Azərbaycan sarıdan bir narahatlıq yaratdığını söyləmək olar. Mümkündür ki, Putin ən əvvəl bu və başqa nüanslara aydınlıq gətirmək, “vəziyyəti yerində öyrənmək üçün öz hərbi və siyasi emissarlarını Azərbaycana - həm də özünün mühüm silah alıcısı olan bir ölkəyə yollamağa ehtiyac duyub. Axı hər şeyi telefonda danışmaq da olmur - üstəlik, telefon danışığı dinlənilə bilirsə.
“Fakt budur ki, son vaxtlar Azərbaycanın qərbyönlü siyasəti xeyli fəallaşıb. ABŞ və Avropa Birliyi (AB) ilə münasibətlər, xüsusən də energetiki və iri regional (ortaq) layihələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir”. Bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hazırkı geosiyasi şəraitdə Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı yerli mətbuata danışarkən deyib.
Politoloq qeyd edib ki, Avropa Birliyi (AB) bir sıra enerji layihələrinin həyata keçirilməsində Azərbaycanı özünə ən etibarlı tərəfdaş sayır: “Azərbaycanın qərbyönlü siyasəti xeyli fəallaşıb. ABŞ və Avropa Birliyi ilə münasibətlər yüksələn xətlə gedir. Azərbaycan hazırda regionda enerji dəhlizi rolunu oynayır. Rusiya Ermənistanı silahlandırır. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağda sülh yaratma prosesində ciddi əngəllər meydana çıxır. Bütün bunlara rəğmən, Azərbaycanın Rusiya ilə münasibətləri qaydasındadır. Zənnimcə, tam səmimi olmasa da, Rusiya tərəfi bunu anlamış kimi görünür”.
***
O da artıq bəllidir ki, tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri Tehranda görüşəcəklər. Rusiya XİN başçısı müavininin Bakı səfəri yəqin ki, bu mövzuya da həsr olunacaq. İlham Əliyevin İran səfərinin ardınca 3 XİN rəhbərinin planlaşdırılan görüşü haqda məlumatın yayılması bəzi siyasi müşahidəçilərdə belə bir qənaət formalaşdırıb ki, artıq Moskva-Bakı-Tehran geosiyasi üçbucağı yaranmağa başlayır.
Bəs Bakının son vaxtlar Qərblə iqtisadi-siyasi sahələrdə intensivləşən əlaqələri fonunda belə bir geosiyasi “ox”un yaradılması mümkündürmü?
Qabil Hüseyni bunu istisna edir. Onun sözlərinə görə, Tehran görüş üçtərəfli əməkdaşlıqdan xəbər versə də, “Üçlər ittifaqı”nın yaradılmasını nəzərdə tutmur. “Qoşulmayanlar Hərəkatının üzvü və balanslı siyasi xətt yeridən ölkə kimi Azərbaycanın Rusiya və İranla bir ittifaqda yer almasından söhbət gedə bilməz. Bu görüşdə Azərbaycan Dağlıq Qarabağ problemini daha qabarıq surətdə meydana qoya bilər. Ona görə də rəsmi Bakıya hazırda məhz bu cür tarazlaşdırılmış siyasət lazımdır” - qeyd edib ekspert.
***
Ancaq qəlizləşən və getdikcə daha çox Rusiyanın əleyhinə işləyən regional şərtlər fonunda belə görünür, Bakının balanslı siyasəti də Moskvanı əvvəlki tək qane eləmir. Azərbaycan uğrunda Qərb-Rusiya rəqabətinin gücləndiyi aydın şəkildə sezilməklə bərabər, ölkəmiz təzədən geosiyasi intriqaların episentrinə gəlmədədir.
Bəs Kreml Bakıdan konkret nə istəyir? Bu suala yəqin ki, yaxın günlərdə daha dolğun cavab tapmaq mümkün olacaq.
AzerTaym.az