Əliyev Putin və Ərdoğanı barışdırmasa... - TƏHLİL

Əliyev Putin və Ərdoğanı barışdırmasa...

Saatlar “Bakı vaxtı”na qurulacaq, mesajlar Gəncədən veriləcək; Türkiyə prezidentinin ölkəmizə ziyarəti mürəkkəb bir dönəmə təsadüf edir; ekspertlərə görə, bəzi məchulların həlli asanlaşa, Ankara-Moskva barışığı üçün unikal şansa malik ölkə kimi Azərbaycanın vasitəçiliyi gündəmə gələ bilər... 

 

Bir neçə gündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayacaq. Səfər, heç şübhəsiz, həftənin ən ciddi siyasi hadisəsi kimi yadda qalacaq. Artıq xəbər verildiyi kimi, ziyarət çərçivəsində Gəncədə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək, regional və qlobal əhəmiyyətli bir sıra problemlər, təhlükəsizlik məsələləri, habelə iki ölkənin iştirakçı olduğu mühüm enerji və nəqliyyat layihələri ətrafında müzakirələr aparılacaq.
Yaxın və Orta Şərqdə, Güney Qafqaz və Xəzər hövzəsi regionundakı həssas durum, həmçinin, Moskva-Ankara münasibətlərində davam edən gərginlik və maraqlar toqquşması nəzərə alınarsa, səfərə həm Rusiyada, həm də Qərbdə və bölgədə diqqətin böyük olacağı şübhə doğurmur.
 
Türkiyənin regional supergüc kimi Suriya məsələsində oynadığı rol və son zamanlar Azərbaycanın da hansısa formada Yaxın Şərq böhranının həllinə cəlb edilməsi yönündə edilən cəhdlər səfərin əhəmiyyətinə əlavə siyasi ağırlıqlar qatır. 
Bu xüsusda öncəliklə cənab Ərdoğanın Gəncədən verəcəyi bəyanat və açıqlamalar, önəmli ünvanlara göndərəcəyi mesajlar yetərincə mühüm dəyərdə olacaq - xüsusən də bölgədə yeni böyük savaşın alovlanıb-alovlanmayacağına bu mesajlarla xeyli dərəcədə aydınlıq gələcəyini və ya gətiriləcəyini gözləməyə dəyər. 
Siyasi analitiklər bu mesajlarla həmçinin, Azərbaycanın xarici siyasətdə vaxtı çatmış strateji seçimini hansı səmtə edə biləcəyi haqda fikir yürütməyin mümkünlüyünü ehtimal edirlər. Onların fikrincə, Bakı üçün seçim heç də asan olmayacaq - ələlxüsus da indiki Ankara-Moskva münasibətləri və daxildə pisləşən iqtisadi-sosial durumdan dolayı Qərbdən artmış maliyyə asılılığı fonunda. 
Bəzi türkiyəli təhlilçilərə görə, Ərdoğanın səfəri zamanı unikal imkanlara malik ölkə kimi Azərbaycandan Rusiya-Türkiyə barışığı üçün vasitəçilik istənilə bilər. Şübhəsiz ki, rəsmi Bakı qarşısında duran strateji seçimin çətinliyi onu bu vasitəçilikdə ikiqat maraqlı edir. Amma vasitəçilik uğurla sonuclanarmı - Kremlin ənənəvi sərt ritorikası və Putinin dəyişməz şərti ciddiyə alınarsa, nikbinlik üçün əsaslar elə də güclü görünmür.
*** 
Rusiyalı analitiklər də artıq qarşıdakı səfərin bu və digər aspektlərinə diqqət yönəltməyə və maraqlı, bir qədər də fərqli proqnozlar verməyə başlayıblar. Məsələn, tanınmış politoloq Qriqori Trofimçuk hesab edir ki, görüşlər zamanı aparıcı mövzulardan biri Türkiyənin dəstəyi ilə Azərbaycan xammalının, bütövlükdə Cənubi Qafqaz marşrutlarının hamısının Avropanın təchizatına keçirilməsi olacaq.
Sitat: “Əlbəttə ki, bütün bunlar Rusiya əleyhinə olaraq ediləcək. Azərbaycana, belə desək, çoxşaxəli xarici siyasəti üçün faktiki surətdə imkan saxlanılmayıb. Bakı birmənalı seçim etməli olacaq”. Onun sözlərinə görə, istənilən halda Qərb Azərbaycanı Rusiya ilə siyasi və iqtisadi bağlardan qoparmağa çalışacaq. Azərbaycanın özünün birbaşa maraqlarına gəlincə, ekspertə görə, Bakı izolyasiyada qalmağa hazırlaşmır.
Başqa bir rusiyalı ekspert Vladimir Jarixinin fikrincə isə Bakı sonadək hansısa koalisiyaya girməkdən yayınmağa çalışacaq. “İlham Əliyev - öz atasının layiqli oğlu kimi, balans yaratmağı və öz siyasətini aparmağı bacarır” -deyə,  əlavə edib o.  
 
 
“Azərbaycanda yəqin ki, belə bir əminlik möhkəmlənib ki, ağır zamanlarda Rusiyaya bel bağlamağa dəyməz, o üzdən Türkiyə timsalında öz müttəfiqlərindən, xüsusən də Avropa Birliyi tərəfindən qəfil edilə biləcək köməkdən imtina etmək olmaz. Maliyyə məsələsi indi AB-nin əlində Bakıya qarşı əsas kozırdır”.Bunu isə Rusiya nəşrlərindən biri prezident Ərdoğanın səfərinin mümkün nəticələrini şərh edərkən yazıb.
***   
Qərb təhlilçiləri də, təbii ki, səfərə xüsusi diqqət ayırır. Xəbər verdiyimiz kimi, nüfuzlu “Foreign Affairs” səfərlə bağlı bəzi təxminlərini ortaya qoyub. Nəşrin yazdığına görə, prezident Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirməyə çalışacaq. 
 
Sitat: “Bu ittifaq Rusiyanın tamamən Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni öz təsir dairəsinə almasına gətirə bilər”. Nəşrin analitikləri zənn edirlər ki, Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində məhz bu və digər mühüm məsələlər diqqət mərkəzində olacaq. 
Maraqlıdır ki, Ərdoğanın səfəri ərəfəsində NATO-nun 4 gəmisi ötən cümə günü ilk dəfə olaraq Batumi (Gürcüstan) limanına yan alıb və hələ də oradadır...
*** 
Ekspert rəylərinin müxtəlifliyinə rəğmən, bir şeyi indidən əminliklə söyləmək olar: Ərdoğanın kritik dönəmə təsadüf edən Azərbaycan səfəri ən əvvəl iki qardaş ölkənin strateji müttəfiqliyinin və sarsılmaz dostluğunun daha geniş müstəviyə adlaması, saatların “Bakı vaxtı”na qurulması və Türkiyə-Azərbaycan siyasi tandeminin güc faktoru olaraq bölgədəki vazkeçilməz rolunun təsbiti ilə yada qalacaq. 
Başqa sözlə, hazırkı mürəkkəb dönəmdə bu səfərlə Türkiyə Azərbaycanın, Azərbaycan isə qardaş ölkənin gücünə yeni güc qatacaq. Bu isə Bakı və Ankaranın əzəli müttəfiq-tərəfdaşları ilə yanaşı, əzəli rəqib-düşmənlərinə də qiymətli mesajlar sayıla bilər. Görüş və toplantının cümhuriyyətimizin ilk paytaxtı Gəncədə nəzərdə tutulması isə ortaq türk düşmənlərinə, o sıradan işğalçı Ermənistana və onun havadarlarına qəlizləşən Qarabağ məsələsi kontekstində məxsusi xəbərdarlıq mesajı olacaq...  
 
***
 
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Bakıda ötən il iyunun 12-də olmuşdu. O vaxt o, Rusiya prezidenti Vladimir Putinlə birgə I Avropa Oyunlarının açılış mərasiminə qatılmışdı. İki prezident arasında Bakıda bağlı qapılar arxasında görüş də keçirilmişdi. 
Həmin vaxt prezident Putinin saxta erməni “soyqırmı” iddialarının 100-cü ildönümü ilə bağlı İrəvan tədbirlərinə qatılması qardaş ölkədə haqlı narazılıq və ikitərəfli münasibətlərdə soyuqluq yaratmışdı, Bakı görüşü və Azərbaycanın vasitəçiliyi bu soyuqluğu xeyli dərəcədə aradan qaldıra bilmişdi. 
Bakının vasitəçiliyinə, deyəsən, yenidən ehtiyac yaranıb.  (musavat.com)
Analitik xidmət   






Fikirlər