Bu gün - fevralın 29-da Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının II iclası keçiriləcək. Paytaxtımızdakı toplantıya layihədə iştirakçı ölkələrin rəsmiləri, həmçinin, CQD-yə siyasi sponsorluq edən dövlət və təşkilatların (ABŞ və Avropa Birliyi) rəsmilərinin qatılacağı gözlənilir.
Xatırladaq ki, Xəzərdəki “Şahdəniz mərhələ-2" qazının 3500 km-lik kəmərlə Avropaya nəqlini nəzərdə tutan və qitənin, həmçinin, qardaş Türkiyənin Rusiyadan enerji asılılığını minimuma endirməyə hesablanmış CQD kəmərlər sisteminin 3 əsas seqmenti var: 1. Cənubi Qafqaz Boru Kəməri - CQBK (Azərbaycan və Gürcüstan ərazisindən keçən hazırkı CQBK yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək); 2. TANAP (Trans-Anadolu Qaz Kəməri - təbii qazı Türkiyənin şərqindən qərb sərhədinə daşıyacaq, inşasına artıq başlanılıb); 3. TAP (Trans-Adriatik Boru Kəməri - qazı Türkiyənin qərbindən Yunanıstan və Albaniyadan keçməklə Avropa bazarına çatdıracaq).
Qaz nəqlinə 2017-ci ilin sonunda başlamaq nəzərdə tutulur. CQD ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək böyük bir layihə sayılır və ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
***
Toplantı ərəfəsində diqqət çəkən geosiyasi əhəmiyyətli bir neçə mühüm faktı qeyd eləmək lazım gəlir. Onlardan biri Azərbaycanın energetika naziri Natiq Əliyevin ötən həftəsonu ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüdür. Xəbər verildiyi kimi, görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlığı məsələləri müzakirə edilib.
Maraqlıdır ki, Əliyev və Sekuta Azərbaycan-İran enerji əməkdaşlığına dair də fikir mübadiləsi aparıblar.
Səfir habelə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Bakıda keçiriləcək toplantı çərçivəsində Azərbaycana səfərindən bəhs edib, CQD layihəsinin gedişi ilə maraqlanıb, layihənin icrasının sürətləndirilməsinə kömək edəcək təkliflərin Məşvərət Şurasının iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.
Natiq Əliyev isə layihə ilə bağlı işlərin qrafikə uyğun aparıldığını və Azərbaycanın öz öhdəliklərini yerinə yetirdiyini söyləyib. Daha sonra o, CQBK-nin genişlənməsi layihəsi üzrə işlərin Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirildiyini diqqətə çatdırıb. Bəlli olub ki, indiyədək TANAP-ın inşası üzrə işlərin 20 faizindən çoxu yekunlaşıb. TANAP-ın davamı sayılan TAP layihəsi ilə bağlı tikinti işlərinə isə martda başlanması nəzərdə tutulur.
***
Daha bir mühüm detal: Natiq Əliyev TAP ətrafında müşahidə olunan çətinliklərdən söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib. Qeyd edib ki, CQD Məşvərət Şurasının II iclası bu layihələrin vaxtında yerinə yetirilməsinə və Azərbaycan qazının Avropaya çatdırılmasına lazımi dəstəyi təmin edəcək.
Göründüyü kimi, ABŞ-ın Rusiyadan yan keçən qaz layihələrinə diqqəti güclənib və onların vaxtında reallaşması üçün Vaşinqton hərəkətə keçmiş kimi görünür. Bunu Sekuta-Əliyev təmasından cəmi bir gün öncə ABŞ-ın nüfuzlu “Forbes” jurnalında sabiq amerikalı diplomat, Dövlət Departamentinin keçmiş əməkdaşı Adam Erelinin Türkiyə, Azərbaycan və Gürcüstanın ABŞ üçün geosiyasi, energetik və digər önəmindən bəhs edən məqaləsi də sübut edir.
Məqalədən sitat: “Rusiyanın sürətlə silahlandırdığı Ermənistan ABŞ-ın üç mühüm müttəfiqi ilə - Gürcüstan, Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Rusiya qüvvələri hazırda Gürcüstan ərazilərini işğal altında saxlayır. Azərbaycan daim Moskvanın şantajına məruz qalır və Rusiya enerjidaşıyıcılarının asılılığından Avropanı qurtarmaq üçün Bakı əsas elementdir.” Bu da Bakı toplantısının önəminə dəlalət edən növbəti vacib detal hesab edilə bilər.
***
Digər önəmli məqam beynəlxalq sanksiyalar götürüldükdən sonra İranın CQD-yə qoşulmasının mümkünlüyü ilə bağlıdır. Sekuta-Əliyev görüşündəki mesajlardan da bəlli olur ki, Amerika artıq bunda maraqlıdır, çünki nəhəng qaz ehtiyatlarına malik, lakin Avropaya yönəlik yetərli və keyfiyyətli qaz kəmərləri sistemi olmayan İran CQD layihəsinə qoşulmaqla həm sonuncunun rentabelliyini, etibarlığını artırar, həm də dünya bazarında yeni qaz oyunçusu kimi öz layiqli dollar payını götürərdi. Yəni qarşılıqlı fayda və maraq məsələsi. Yeri gəlmişkən, rəsmi Tehran da layihəyə qoşulacağını istisna eləmir.
Qeyd edək ki, CQD kəmər sistemi elə layihələndirilib ki, gələcəkdə əlavə qazın nəqli üçün onun ötürücülük gücü ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Ehtimal eləmək olar ki, prezident İlham Əliyevin sonuncu İran sfərində bu mövzuya da toxunulub. Hər halda səfərdən dərhal sonra səfir Sekutanın Natiq Əliyevlə görüşüb İranla energetik əməkdaşlıq mövzusunda müzakirə aparması diqqətdən yayına bilməz.
***
Son gəlişmələr fonunda Moskvanın artan narahatlığı isə anlaşılandır. Elə təkcə Rusiya prezidenti Vladimir Putinin ötən həftə həmkarı İlham Əliyev Tehrandan qayıtdıqdan sonra ona iki gündə iki dəfə zəng etməsi özlüyündə az şey demir. Azərbaycan-Rusiya münasibətləri tarixində bu, ilk belə faktdır.
Özü də Putin ikinci dəfə Bakıya Əliyev-Sekuta görüşünün keçirildiyi gün telefon açıb və bu dəfə rəsmi məlumatlara görə, Suriya mövzusu yox, “iki ölkə arasında əməkdaşlığa dair aktual məsələlər, ilk növbədə də iqtisadi-ticari məsələlər müzakirə edilib”.
Böyük ehtimalla, Kreml başçısı ikinci zəngi zamanı təhlükəsizlik məsələlərini müzakirə eləməklə yanaşı, hazırda Rusiyanı ən çox narahat edən strateji məsələlərlə əlaqədar Bakıya incə şəkildə bəzi mesajlarını da çatdırıb. Hər necə olmasa, sözügedən layihələr Rusiyanın Avropa energetik bazarlarında, - həm də İranın köməyi ilə, - sıxışdırılmasına hesablanıb.
O da diqqətçəkicidir ki, Putnin Bakı zənglərindən bir gün sonra İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə telefon açıb, Tehrana səfərinin nəticələrindən məmnun qaldığını bildirib və “qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb”.
***
Rusiya üçün Azərbaycanla bağlı daha bir neqativ məqam Gürcüstanın Rusiyadan qaz asılılığına məhz Azərbaycan qazı hesabına son qoyulması ilə ilgilidir. İş ondadır ki, bu gün Gürcüstanın energetika naziri Kaxa Kaladze də Bakıda olacaq. Ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək nazir isə səfəröncəsi belə demişdi: “Biz ”Şahdəniz" yatağından əlavə həcmdə qaz almaq üçün danışıqlarımızı davam etdiririk. Çox nikbinik və müzakirələrin müsbət nəticələnəcəyini düşünürük. Yalnız bundan sonra “Qazprom”la danışıqların aqibəti bilinəcək".
Siyasi analitiklərə görə və Kaladzenin özünün də bildirdiyi kimi, onun Bakı səfəri Tiflisin “Qazprom”dan əlavə qaz alıb Rusiyadan daha güclü asılılığa düşüb-düşməyəcəyi məsələsinə birdəfəlik aydınlıq gətirə bilər. Azərbaycanın (SOCAR-ın) belə bir asılılığa imkan verməyəcəyi proqnozlaşdırılır...
Və ən son detal: bu gün AŞPA prezidenti Pedro Aqramunt və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Federika Moqerinin də ölkəmizə gələcək. Bir sözlə, bu günlər bölgənin siyasi nəbzi Bakıda vuracaq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş tutmayan səfərinin ardınca nəzər-diqqət yenidən ölkəmizə yönələcək.
Siyasət şöbəsi