Ortaq Rusiya təhlükəsi qarşısında iki qonşunun seçim şansı; SOCAR-ın Tiflisə əlavə yarım milyard kub metr qaz və aşağı qiymət təklif eləməsinin sirri; Ermənistanın tranzit ölkə olmaq ümidləri basdırılır; Kaxa Kaladzenin kritik Bakı səfərində bütün kartlar açıla bilər, əgər...
Azərbaycan prezidentinin İran səfəri bir çox sənədlərin imzalanması baxımından yadda qaldı. Gözlənilirdi ki, İran təbii qazının Ermənistan və ya Azərbaycan vasitəsilə Gürcüstana verilməsi mövzusu da diqqətdə saxlanılacaq. Lakin bu yöndə müzakirələr getdiyini hələlik söyləmək çətindir. İstisna deyil ki, məsələ prezidentlər səviyyəsində də öz konkret həllini tapmayıb.
Hər halda, məsələ ilə bağlı nə İran tərəfindən, nə də rəsmi Bakıdan açıqlama olmadı. Mümkündür ki, müzakirələr sırf konfidensial xarakter daşıyır və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin fevralın 29-da Bakıya edəcəyi səfər bütün “i”lərin üzərində nöqtə qoyacaq.
Bu arada Gürcüstanın Azərbaycan tərəfdən yeni təklif aldığı haqda maraqlı məlumat yayılıb. Məlumatı “Tabula” telekanalı yayıb. Xəbərdə Gürcüstanın neft-qaz şirkətinin adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsinə istinadən bildirilir ki, SOCAR Gürcüstana qaz tədarükünü 500 milyard kub metr artırmağı və aşağı qiymət təklif edib və bunu “Şahdəniz” qaz kəməri vasitəsilə təmin edəcəyinə boyun olub.
Gürcüstanın Energetika Nazirliyi hələ ki bu təkliflə bağlı susur. Ancaq bəllidir ki, Tiflislə Bakı arasında qazla bağlı danışıqları davam edir. Bu məqsədlə həm SOCAR prezidenti Rövnəq Abdullayev, həm də Kaxa Kaladze qısa fasilələrlə Gürcüstan və Azərbaycanda səfərdə olublar. Gürcü nazir bu ay - prezident İlham Əliyevdən öncə İrana da baş çəkib.
Bundan əlavə, Gürcüstan Rusiyanın “Qazprom” monopolist şirkəti ilə neçə vaxtdır əlavə qaz tədarükü yönündə danışıqlar aparır. Hərçənd siyasi müxalifət, ictimai dairələr, o sırada sabiq prezident Mixail Saakaşvili Rusiya qazından asılılığı haqlı olaraq, ölkənin suverenliyi və müstəqilliyinə real təhlükə sayırlar - xüsusən də Kremlin bölgədə hərbi cəhətdən gücləndiyi indiki məqamda.
Bu mənada Kaladzenin qarşıdakı Bakı səfəri kulminasiya nöqtəsi sayıla bilər. Nazirin özü də səfərlə bağlı bildirib ki, bu və digər məsələlərə məhz Bakıya ziyarətindən sonra aydınlıq gələ bilər.
“Fevralın 29-da mən Azərbaycana səfər edəcəyəm. Bakıda SOCAR rəhbərliyi və ”Şahdəniz" konsorsiumunun nümayəndələri ilə görüşəcəyəm. Biz “Şahdəniz” qaz kəməri ilə əlavə qaz almağın mümkünlüyü üzərində fəal şəkildə işləyirik. Çox nikbin ovqatdayıq və düşünürük ki, müəyyən anlaşma əldə edəcəyik. Yalnız bundan sonra tam mənzərə üzə çıxacaq ki, “Qazprom”la danışıqları necə yekunlaşdıraq. Fikrimcə, danışıqları sürəkli başa vurmağı bacaracağıq" - deyib nazir.
Bu xüsusda SOCAR-ın təklifi bir yandan siyasi və coğrafi mənada “Qərb qapımız” sayılan Gürcüstanı Rusiya asılılığından qurtarmaq üçün “xilas kəməri” təsiri bağışlayırsa, başqa yandan, işğalçı Ermənistanın Gürcüstana İrandan qaz tədarükü üçün tranzit ölkə olmaq ümidlərini birdəfəlik basdırır.
Yeri gəlmişkən, Tehran üzərindın beynəlxalq sanksiyalar götürüldükdən sonra İrəvan son vaxtlar bu qaz kəmərinin gələcəkdə genişlənidirilməsi hesabına İran qazının Avropaya nəqlində də tranzit ölkə olmaq arzularını gizlətmir. Bakı bu ümidləri də basdıra bilər.
Odur ki, Azərbaycanın Gürcüstana atmaq istədiyi “xilas kəməri” qonşu ölkə ilə yanaşı, şübhəsiz, özünün də strateji maraqlarına uyğundur və təqdiredicidir. Hər halda, “Qərb qapısı” bağlansa, Azərbaycanın da Rusiyadan asılılığı məsələsi dərhal gündəmə gələcək, Qərbə istiqamətli bütün strateji kəmərlər və layihələr təhlükə altına düşəcək. Ortaq təhlükə Azərbaycan və Gürcüstandan indi heç vaxt olmadığı qədər bir yerdə olmağı tələb edir.
***
Xatırladaq ki, hazırda Gürcüstanın təbii qaza olan ehtiyacının təxminən 90 faizi Azərbaycan qazı hesabına ödənir. Yerdə qalan həcm isə Rusiya qazının Ermənistana nəqlinə görə alınan tranzit xərcləri qarşılığında “Qazprom”dan alınır.