Rusiyanın hərbi sənaye sahəsinə cavabdeh olan Dmitri Roqozinin Kreml başçısının xüsusi mesajını gətirdiyi də istisna edilmir
Rusiya baş nazirinin birinci müavini, hərbi sənaye sahəsini kurasiya edən Dmitri Roqozin martın 2-dən 3-nə keçən gecə Bakıda olub. Rusiyanın “Kommersant” qəzeti səfərin “əvvəlcədən planlaşdırılmayan və xüsusi məqsəd daşıyan səfər” olduğunu yazıb.
Dmitri Roqozin öz növbəsində Azərbaycan paytaxtında olduğunu Bakıya enən andan təsdiq edib. “Bakıda havanın temperaturu gecə 9°C, gündüz 14°C-dir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!”-deyə o cümə axşamına keçən gecə öz facebook səhifəsində yazıb.
Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından sayılan Roqozinin Azərbaycana gələcəyi barədə əvvəlcədən heç bir rəsmi və qeyri-rəsmi informasiyanın verilməməsi onun Bakı səfərinin həqiqətən də əvvəlcədən planlaşdırılmayan qəfil və xüsusi məqsəd daşıyan səfər olduğunu söyləməyə əsas verir.
Dmitri Roqozinlə yanaşı, Rusiya silahlarının xüsusi ixracatçı şirkəti olan “Rosoboroneksport”, həmçinin Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti rəhbərliklərinin nümayəndələrinin də Bakıya gəldikləri bildirilir. “Kommersant”ın xəbərinə görə, qəfil səfərə yüksək səviyyədə həll edilməli olan ixrac müqavilələri ilə bağlı çətinliyin yaranması səbəb ola bilərdi.
“Neftin qiymətinin düşməsi hamıya təsir edib və bizim azərbaycanlı tərəfdaşlarımız da istisna deyil. İş o yerə çatıb ki, onların sifariş etdiyi texnika hazırlanıb və göndərilib, lakin hələ ki boşaldılmadan limanda hərəkətsiz qalıb və vəziyyətin yoluna qoyulmasını gözləyir”- deyə qəzet mənbələri izah ediblər.
Dünən prezident İlham Əliyev Azərbaycana səfərə gəlmiş D.Roqozini qəbul edib. Bu barədə twitter-dəki mikrobloqunda yazmış Roqozin görüşün dostluq şəraitində keçdiyini deyib və görüşdən fotoşəkil paylaşıb.
Onun həmçinin Azərbaycanın Nazirlər Kabinetində də görüşlər keçirdiyi barədə xəbərlər yayılıb.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə hesab edir ki, Dmitri Roqozin Rusiya silahının istehsalına və satışına faktiki olaraq cavabdehlik daşıyan, rəhbərlik edən şəxsdir. Bu baxımdan onun Bakıya qəfil səfərinin əsasən Azərbaycanla silah alveri ilə bağlı hansısa məsələlərin həlli məqsədi daşıdığı şübhəsizdir.
Nəzərə alsaq ki, Roqozin Rusiya baş nazirinin birinci müavini, Putinə ən yaxın fiqurdur, onun Bakıda geosiyasi məsələləri müzakirə edəcəyi, Kremlin Azərbaycanla Qərbin son vaxtlar münasibətlərində istiləşmədən dolayı hansısa narahatlıqlarını çatdırması da istisna deyil.
Bəzi ekspertlər Rusiya prezidentinin Azərbaycan prezidentinə fevralın sonlarında iki dəfə zəng etməsindən az sonra Roqozinin Bakıya gəlməsinin təsadüfi olmadığına da diqqət çəkməyi lazım bilirlər.