Prezidentlər Gəncədə nəyi müzakirə edəcəklər?


 

Xəbər verdiyimiz kimi, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Ərdoğan bu dəfə paytaxt Bakıya yox, Gəncəyə təşrif buyuraraq Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

 

Ərdoğanın səfərini şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov tədbirin Gəncədə keçirilməsinin təsadüf olmadığı deyib.

AzVision.az-a açıqlamasında deputat bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının Gəncədə keçirilməsi şəhərin Qarabağa yaxın olması ilə əlaqədardır.

“Ərdoğanın Gəncəyə səfər etməsi, rəsmi görüşlərin bu şəhərdə keçirilməsi normal haldır. Hesab edirəm ki, Qarabağa yaxın ən böyük şəhər Gəncə olduğundan iclasın orada keçirilməsinə qərar verilib. 

Prezidentlərin görüşündə təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq. Bildiyimiz kimi, hazırda Suriyada gərgin vəziyyət hökm sürür. Bundan əlavə Rusiya-Türkiyə qarşıdurması dərinləşir. Qarşıdurmanın genişləndiyi məqamda bölgə üçün təhlükələr artır. Bu baxımdan Azərbaycanla Türkiyə arasında ciddi müzakirələrə ehtiyac var”,-deyə deputat bildirib.

Politoloq Zərdüşt Əlizadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərə gəlməsinə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan çalışır ki, dost münasibətində olduğu dövlətlərin münaqişəsinə qarışmasın: "Azərbaycan tərəfi Türkiyə ilə Rusiyanı barışdırmaq istəyir. Amma reallığı nəzərə alsaq deyə bilərik ki, hazırda belə bir imkan mövcud deyil. Rusiya Türkiyə münasibətlərində Azərbaycan bir rol oynaya bilməz".

Politoloqun fikirincə, Türkiyə prezidentinin Azərbaycana gəlişi bir sıra sektorların və maliyyə məsələlərinin müzakirəsi ilə əlaqəli ola bilər: "Burada maliyyə, enerji və başqa sahələr üzrə əməkdaşlığı daha da artırmaq nəzərdə tutula bilər. Türkiyə prezidentinin Azərbaycana gəlişini isə Rusiya pis qarşılaya bilməz. Çünki dövlət mövcuddur, onun əlaqələri var və digər dövlətlərlə də münasibəti özü tənzimləyir".

Qeyd edək ki, Türkiyə prezidenti ötən ilin iyun ayının 12-də Bakıda səfər edib. Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyata, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edib.

Ərdoğan Bakıda Rusiya prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə diqqət çəkən məqam ondan ibarət idi ki, danışıqlar bağlı qapı arxasında keçirilib.






Fikirlər