11.09.2014- Yavər Camalov açılış etdi
“ADEX 2014 sərgisi dost və qardaş ölkələrlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”
"AzerTaym.az" Trendə isinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov Baku Expo Mərkəzində 1-ci Azərbaycan “Müdafiə sənayesi” sərgisinin (ADEX 2014) açılış mərasimində bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda güclü müdafiə sənayesi yaradılıb.
Onun sözlərinə görə, Azərbaycanın güclü hərbi potensialı formalaşıb: “Azərbaycanın hərbi qüdrəti durmadan artır, Azərbaycan Ordusu döyüş qabiliyyəti, silah-sursat, təchizat baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevrilib”.
Y.Camalov deyib ki, Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmək də daxil olmaqla, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirəcək.
Nazir əlavə edib ki, bu sərgidə 34 ölkədən 200-dən çox şirkət iştirak edir: “Bu, onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb”.
Y.Camalov sərginin keçirildiyi müddətdə də tərəfdaş ölkələrin sayının daha da artacağına ümidini ifadə edib: “Bu gün hərbi texnika, döyüş sursatları istehsal edən müəssisələrimizin sayı artıb. Müəssisələrimiz dünya standartlarına uyğun, rəqabətədavamlı məhsullar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi dost və qardaş ölkələri əməkdaşlığa dəvət edir. Ümid edirəm ki, sərgi bu əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”.
Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) açılıb.
Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.
Sərgi sentyabrın 13-dək davam edəcək.