Azərbaycan torpaqlarının işğalı BMT-də müzakirə olundu

 

98588“Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq,Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən davam edən hərbi işğalı beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqda davam edir”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin dünənki zirvə toplantısında çıxışı zamanı deyib. O həmçinin qeyd edib ki, sülhə və təhlükəsizliyə qarşı çağırışlar inkişafa və əməkdaşlığa maneələrdən biri olub və olmaqda davam edir.
“Fundamental insan hüquqlarının kobudcasına pozulması yolu ilə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində bir milyon azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə onlar qaçqın və məcburi köçkün olublar”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi regionumuzda davamlı inkişaf gündəliyinin icrası üçün başlıca ilkin şərtdir.
Bir neçə gün əvvəl Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla da görüşüb.


Elmar Məmmədyarov və Eduard Nalbandyan

Elmar Məmmədyarov Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib, Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib.
Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü diqqətə çatdıran azərbaycanlı nazir Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu qeyd edib.
Elmar Məmmədyarov bir daha vurğulayıb ki, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.
ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik,Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişikin iştirakı ilə baş tutan görüşdə Elmar Məmmədyarov işğalçı və təcavüzkar dövlət kimi atılacaq hər hansı addımın bütün məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

E.Məmmədyarov və E.Nalbandyanın həmsədrlərin iştirakı ilə Fransa görüşü

 






Fikirlər