4 günlük müharibənin ardınca işğalçıya tərs şillə; Roqozin Bakıdan Ermənistanı pərt edəcək açıqlama verdi; Rusiya öz baş nazirini də prosesə qoşur; Medvedyev İrəvanda “Qarabağa hücum planı”nı açıb? – iddia...
4 günlük müharibədən sonra Dağlıq Qarabağ konflikti ətrafında maraqlı situasiya yaranıb. Bu situasiyanın özəlliklərindən biri də Rusiyanın təşəbbüsü öz əlinə almağa çalışmasıdır. Yeni atəşkəs haqda anlaşmanın Moskvada imzalanmasından sonra Bakı və İrəvana, ümumən regiona rus emissarlarının artan səfərindən bunu aydın görmək olar.
Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ardınca dünən baş nazir Dmitri Medvedyev böyük bir nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin tərkibində baş nazirinin müavini, prezident Vladimir Putinin ən yaxın adamlarından sayılan və hərbi-sənaye kompleksini kurasiya edən Dmitri Roqozin də olub.
Gözlənildiyi kimi, dünənki Bakı görüşlərində Qarabağ mövzusu mərkəzi yer tutub. Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra D.Medvedyev “Kremlin Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlı olduğunu” söyləyib. “Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır” deyən baş nazir Bakı-Moskva münasibətlərinin dostluq və qarşılıqlı hörmətə əsaslandığını xüsusi vurğulayıb.
O, Rusiyanın münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəklədiyini bildirib: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.
***
Dmitri Roqozinin Bakıda verdiyi açıqlama isə Qarabağ mövzusunda Bakıdan səslənən ən önəmli mesaj hesab oluna bilər. Belə ki, baş nazirin müavini jurnalistin “Son hadisələrdən sonra da Rusiya Azərbaycana silah satışını davam etdirəckəmi” sualına təsdiqi cavab verərək deyib: “Bəli, Azərbaycana silah satışını davam etdirəcəyik”. Onun sözlərinə görə, Moskva Azərbaycana öz strateji tərəfdaşı olaraq, müqavilələrə uyğun surətdə silah tədarükünü davam etdirəcək.
İstər Roqozinin açıqlaması, istərsə də bütövlükdə Rusiyanın Azərbaycanı strateji tərəfdaş ölkə sayaraq əlaqələri dərinləşdirmək əzmi nümayiş etdirməsi sözsüz ki, Moskvanın forpost Ermənistanı, 4 günlük savaşda ciddi itki vermiş erməni toplumunu, məxsusən də prezident Serj Sərkisyanı yüzdə yüz məyus və pərt edəcək, qəzəbləndirəcək, daha da təlaşlandıracaq.
Məsələ ondadır ki, hazırda Ermənistanda növbəti anti-Rusiya isterikası baş qaldırıb. Kremlə qarşı ittihamların qayəsində isə Moskvanın guya 4 günlük müharibədə onları müdafiə etməməsi, “Moskvanın öz müttəfiqinin düşməni Azərbaycana silah satması” kimi ənənəvi iddialar dayanır. Hətta işğalçı ölkənin Avrasiya İqtisadi Birliyi və KTMT-də üzvlüyünü dondurmaq çağırışları səslənməkdədir. Hərgah, son hərbi eskalasiya zamanı aparıcı Rusiya KİV-ləri yenə ermənilərin tərəfini saxlayıb.
***
Ermənistan heç cür qəbul edə bilmir ki, Rusiya müstəqil dövlət kimi kimə silah satmasında sərbəstdir və silahları Ermənistandan fərqli olaraq Azərbaycana nisyə və yaxud havayı vermir, ölkəmiz ondan ötrü sərfəli iqtisadi-ticari tərəfdaşdır, nəhayət, bununla üstəlik, öz kasad büdcəsini doldurur. Yəni imtina variantında Bakı öz hərbi parkını başqa dövlətlər, o cümlədən qardaş Türkiyə və İsrailin hesabına da komplektləşdirə bilər.
Yeri gəlmişkən, ermənilər son eskalasiya zamanı Ermənistanın hərbi uğursuzluğunun bir səbəbini də onunla izah edirlər ki, guya Rusiya Azərbaycana vaxtlı-vaxtında silah və hərbi texnika çatdırdığı halda, Ermənistana ötən il ayırdığı 200 milyon dollarlıq kredit dəyərində silahları hələ də verməməsi, hətta müqaviləni Bakının notasından sonra faktiki, dondurmasıdır. “Bu da hərbi cəhətdən Azərbaycanın daha üstün mövqeyini təmin edib” - iddia olunur.
“Medvedyevin Ermənistana səfəri zamanı faktiki şəkildə Azərbaycan qüvvələrinin aprelin 2-də Qarabağa hücum planı açılmış oldu. Bunu da baş nazir Ovik Abramyan elədi - ixtiyari və ya qeyri-ixtiyari olaraq Medvedyevdən 200 milyon dollarlıq kredit qarşılığında silah göndərilməsini tezləşdirməyi xahiş eləməklə. Bu silahlar hələ də gəlib çıxmayıb” - erməni nəşri “Lragir” yazıb.
***
Əlavə edək ki, Serj Sərkisyan bir neçə gün öncə Almaniya səfəri zamanı kansler Angela Merkellə görüşdə ilk dəfə olaraq Rusiyanın Azərbaycana silah tədarük etməsindən narazılığını sərt şəkildə dilə gətirmişdi. Ancaq belə görünür, Moskvanı vassal Ermənistanın nə düşünməsi az maraqlandırır - əgər ümumiyyətlə, maraqlandırırsa. Roqozinin Bakı bəyanatını bu mənada və 4 günlük müharibənin ardınca işğalçıya tərs sillə də saymaq olar.