Elkaponi də Azərbaycan prezidenti olmaq İSTƏYİR
Frenk Elkaponi adı ilə məşhur olan biznesmen Fizuli Məmmədov da Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək arzusunu bəyan edib. Virtualaz.org bildirir ki, biznesmen “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində "Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz" sualı ilə onlayn-səsvermə keçirib. Orada prezidentliyə namizədlərdən biri kimi Fizuli Məmmədov özü göstərilib. Frenk Elkaponi – keçən əsrin haylı-küylü 90-cı illərinin klassik nümayəndəsidir. Ordubad sakini olan F.Məmmədov 90-cı illərin əvvəllərində Rusiyaya gedib və özünə yaxşı gün-güzəran qurmağı bacarıb. İtalyanla evlənəndən sonra adını "Frenk Elkaponi" ilə əvəz edib və bununla 30-cu illərin qəhrəmanı olmuş Amerika qanqsteri Al Kaponeyə heyranlığını gizlətməyib.
90-cı illərin sonlarında F.Elkaponi Bakıya qayıtdı və burada öz siyasi partiyasını yaratdı - "Azərbaycan — XXI əsr". Siyasi partiya ilə yanaşı o eyni adlı qəzet də təsis etdi. Amma... Öz uğursuz siyasi fəaliyyətinə nəhəng pullar xərcləyən biznesmen Rusiyaya qayıtdı və orada bir neçə dəfə həbs olundu. F.Elkaponinin adı fırıldaqla bağlı bir sıra qalmaqallarda, hətta narkotik alverində hallanır. Sonuncu dəfə biznesmen məhz narkotiklərin dövriyyəsində ittiham üzrə saxlanılmışdı. Onu da qeyd edək ki, son illər F.Elkaponi Azərbaycana yalnız hərdən baş çəkir.