İsa Qəmbər 2018-də prezidentliyə NAMİZƏD OLACAQMI?

Razim Əmiraslanlı: “Seçkiöncəsi siyasi şəraitdən asılı olaraq, Müsavat ən düzgün bildiyi qərarı verəcək”

Gələn il ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı artıq müzakirələr başlayıb. Heç şübhəsiz ki, müzakirələrin əsasını seçkilərdə prezidentliyə kimlərin iddiaçı olacağı ilə bağlı fikirlər təşkil edir. İndiyəqədərki prezident seçkilərində namizəd olan siyasətçilər daha çox önə çəkilir.Həmin şəxslərdən hələ ki açıq şəkildə iddiasını sürəcəyini bəyan edən yoxdur. Amma bununla belə, bir müxalifət lideri var ki, onun 2018-ci ildə prezidentliyə namizəd olacağı ehtimalları kifayət qədər yüksəkdir. Bu, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir. 2003-cü il seçkilərində iştirak edən və müxalifətin əsas namizədi olan İsa Qəmbərin 2018-də də namizəd olma ehtimalı böyükdür.İsa Qəmbər başqanlıqdan getsə də, Müsavatın son qurultayının qərarı ilə onun adı partiyanın qarşıdan gələn seçkilərdə namizədi kimi hələ 2014-cü ildə təsdiq olunub. Bununla bağlı qurultayın rəsmi qərarı da var. Amma bununla belə, MSDM rəhbərinin seçkilərdə iştirak etməyəcəyi ehtimalları da var. Buna səbəb də Müsavat və digər öndə gedən siyasi qurumların seçkiləri boykot edə biləcəkləri ilə bağlı səslənən iddialardır.

Müsavatın Divan üzvü, partiyanın təşkilat şöbəsinin sədri Razim Əmiraslanlı səslənən iddialarla bağlı dedi ki, Müsavat Partiyası son qurultayında 2018-ci ildə keçiriləcək prezident seçkilərində İsa Qəmbərin namizədliyini rəsmən təsdiq edib: “Partiyamız nəinki bu qərardan imtina edə bilər, əksinə, öz namizədini sona qədər müdafiə edəcək. Amma seçkilərə hələ uzun zaman var. İlin sonu və ya gələn ilin əvvəllərində müzakirələr aparıb, ondan sonra hazırlıq işlərinə start verəcəyik. Seçkilərin boykot edilib-edilməyəcəyi ilə bağlı deyilənlərə gəlincə, bununla bağlı danışmaq tezdir. Amma siyasi partiya olaraq, biz həmişə seçkilərdə iştirak etməyin tərəfdarı olmuşuq. Yenə də seçkiöncəsi siyasi şəraitdən asılı olaraq, Müsavat Partiyası müzakirələr aparıb, ən düzgün bildiyi qərarı verəcək”.






Fikirlər