Müxalifətin 2018 şansı- iqtidar prezident seçkilərinin VAXTINI DƏYİŞƏCƏKMİ?
Gələn ilin sonlarında Azərbaycanda prezident seçkilərinin növbəti zamanı çatır. Artıq bununla bağlı iqtidar və müxalifət daxilində hazırlıqlar prosesinin ilkin rüşeymləri görünməkdədir. Bir sıra şəxslərin və siyasi partiyaların seçkilərdə iştirak edəcəkləri ilə bağlı fikirlər səslənir. Doğrudur, ötən il sentyabrın 26-da keçirilən referendumdan sonra tez-tez prezident seçkilərinin vaxtından əvvəl keçiriləcəyi deyilir. Hətta bu ilin özündə belə seçkilərin ola biləcəyi qəti sürətdə inkar edilmir. Amma bununla belə ölkə daxilində əsas diqqətlər 2018-ci ilə yönəlib. 2008-2013-cü ilin prezident seçkilərində namizəd olan Ümid Partiyasının sədri İqbal Ağazadəartıq rəhbərlik etdiyi qurumda bununla bağlı müzakirələrin başlandığını söylədi: "İki həftədən çoxdur ki, bununla bağlı partiyada regional iclaslar keçirilir.
Rayon təşkilatlarının fikirləri dinlənilir. Bir ay ərzində bu proses davam edəcək. Şənbə günü də müəyyən bölgələr dəvət olunub. Gələn ayın sonuna qədər proqramımızı hazırlayacağıq. Proqramda görəcəyimiz işlər öz əksini tapacaq. Seçkilərdə partiya olaraq tək yaxud digər qurumlarla birlikdə iştirak etmək barədə qəti fikir hələ ki yoxdur. Proqram hazırlanandan sonra bu məsələ də orada öz əksini tapacaq”. AXP lideri Pənah Hüseynhazırda seçkilər və seçkilərə hazırlıqlarla bağlı müzakirələrin getmədiyini qeyd etdi: "Ölkədə seçki mühiti yoxdur.
Dəyişiklik baş verməzsə, seçkilərə hazırlıqlarımızın da əhəmiyyəti olmayacaq. Məndə olan informasiya ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan müxalifəti hazırda 2017-ci ilin məsələləri ilə konkret məşğul olurlar. 2018-ci ilin seçkiləri ilə bağlı müəyyən təşəbbüslər ola bilər, vahid namizədlə seçkilərə qatılmaq və digər məsələlərlə bağlı. Amma bunlar seçkilərə hazırlıq kimi başa düşülmür”. Son prezident seçkilərində iştirak edən ADP sədri Sərdar Cəlaloğluhər bir partiyanın ən azından öz namizədi ilə seçkilərdə iştirakının vacibliyindən söz açdı: "Müxalifətin Məşvərət Şurasının iclasında qərara aldıq ki, müxalifətin prezident seçkilərində iştirakı ilə bağlı bir tədbir keçirək, cəmiyyətə mesajlarımızı çatdıraq ki, müxalifət seçkilərdə vahid namizədlə iştirak etsə, daha məqsədəuyğun olar. Partiya olaraq, bizim seçkilərlə bağlı planlarımız var.
Müxalifət bir araya gəlməsə belə, resurslarımızdan istifadə edib, seçkilərdə iştirak etmək niyyətindəyik. Vəziyyət elədir ki, real şəkildə seçkilərdə iştirak edib nəticələr qazanmaq bir az çətindir. Amma istənilən halda seçkilərdə iştirakla xalqın xeyrinə olan məsələləri gündəmə gətirmək şansı əldə etmiş oluruq. Bunun özü çox şeydir. Real seçkilər olacaqsa, indidən ciddi işlər görmək barədə düşünməli, dairə və məntəqələrdə nümayəndələrimizi təyin etməliyik. Amma indiki situasiya buna imkan vermir”. İndiyə qədər keçirilən prezident seçkilərində üç dəfə prezidentliyə iddiaçı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevgələn ilki seçkilərdə uğur qazanacağına inanır: "Partiyanın bütün strukturları öz fəaliyyətini gücləndirib. Əvvəlki seçkilərdə hansı rayonlarda az səs toplamışdıqsa, o yerlərdə işlərimizi gücləndiririk. Hər halda partiyamız güclü şəkildə gələn ilki seçkilərə hazırlaşır. Heç kimə partiya olaraq güzəştə getmək fikrində deyilik.
Son zamanlar partiyamıza güclü axın var, xüsusilə, ziyalılarla sıralarımız daha da genişlənir. Qərbi azərbaycanlılar arasında təbliğat aparırıq. Belə qərara gəlmişik ki, Qərbi azərbaycanlılar öz namizədini indidən müəyyən etsinlər. Onlarla sıx təmaslarımız var və bu barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək. Əvvəlki seçkilərdə böyük səslər toplamışam. Həmişə öz qardaşıma səslərimi güzəştə getmişəm. Bizim üçün əsas dövlətçilikdir. Gələn il normal seçki mühiti yaratsaq, udmaq şanslarımız çox böyükdür. İndiki hökumətdə "qocalar evi” var, hakimiyyət daxilində satqınlar da var ki, iqtidarın nüfuzunu aşağı salırlar. Biz bundan istifadə etməliyik. Xalqın artıq "qocalar evi”nə inamı yoxdur. Bu dəfə şanslarımı çox görürəm. Qərbi azərbaycanlılar arasında da nüfuzum kifayət qədər yüksəkdir”.