"Qərbin İSA Qəmbərin hakimiyyətə gəlməsinə dəstək verməməsinə səbəb..."

Sərdar Cəlaloğlu 13 il öncəki prezident seçkilərinin pərdəarxasını anladır: “Rino Harnışdan soruşdum ki, bizim həbsimizi tələb etmisizmi, mənə “yox” cavabı vermədi”

Azərbaycan tarixinə düşmüş 2003-cü il 15 oktyabr prezident seçkilərindən bu gün 13 il keçir. Bu seçkilər 1993-cü ildən sonrakı müddətdə Azərbaycan müxalifətinin ən böyük şansının yarandığı seçki sayılırdı. Müsavat Partiyasının o zamankı başqanı “Bizim Azərbaycan” seçki blokunun namizədi İsa Qəmbərin nüfuzunun həddən artıq yüksək olması, misli görünməmiş böyük təbliğat kampaniyasının aparılması, seçki mitinqlərinə yüz mindən yuxarı insanın qatılması demokratik düşərgənin 15 oktyabrda İsa Qəmbərin qələbəsi ilə hakimiyyətə gələcəyinə heç vaxt görünməmiş səviyyədə ümidlər yaratmışdı. 

Lakin hadisələr sonu bu ümidləri tamamilə heçə endirdi. İsa Qəmbərin prezidentliyə yolu kəsildi. Demokratik qüvvələrin İsa Qəmbərin liderliyi ilə hakimiyyətə gəlməsinin qarşısının alınmasında hansı faktorların əsas rol oynadığı sualı hər dəfə 15 oktyabrın ildönümündə aktuallaşır. 
Sözügedən seçkilərdə İsa Qəmbərin namizədliyini müdafiə etmiş, 16 oktyabr hadisələrindən sonra həbs edilmiş ADP sədri Sərdar Cəlaloğlu o dövrü xatırlayarkən bildirdi ki, 2003-cü ildə seçkilərdə İsa Qəmbərin hakimiyyətə yolu Qərbin ona dəstək verməməsi nəticəsində bağlandı. Qərbin İsa Qəmbərin hakimiyyətə gəlməsinə dəstək verməməsinə səbəb isə bütün müxalifətin vahid namizəd kimi İsa Qəmbərin ətrafında birləşməməsi idi: “Müxalifətdən Etibar Məmmədovun namizədliyini verməsi, digər bir müxalifət partiyasının - AXCP sədri Əli Kərimlinin Etibar Məmmədovun namizədliyini dəstəkləməsi Qərbdə belə fikir yaratdı ki, İsa Qəmbər hakimiyyətə gəlsə, bir tərəfdən 10 ildir iqtidarda olan qüvvə müxalifətə keçəcək, digər tərəfdən AMİP, AXCP, Lalə Şövkətin timsalında ALP müxalifətdə qalarsa, çox geniş miqyaslı müxalifət olacaq və ölkədə prosesləri idarə eləmək mümkün olmayacaq, sabitliyə təhlükə yaranacaq. Əgər Etibar Məmmədov, Əli Kərimli İsa Qəmbərin ətrafında birləşsəydilər, bizim partiya da seçkiyə bir-iki gün qalmış yox, əvvəldən İsa Qəmbərə rəsmi dəstək versəydi, Azərbaycanın bütün müxalifətinin birləşdiyi İsa Qəmbərin hakimiyyət komandasında təmsil olunacağı rəyi Qərbdə yaranacaqdı və İsa Qəmbərin hakimiyyətə yolu tam açılacaqdı, demokratik qüvvələrin vahid namizədi kimi İsa Qəmbərin prezident seçildiyi Qərb tərəfindən tanınacaqdı, elan olunacaqdı və hakimiyyət dinc yolla dəyişəcəkdi. Amma müxalifətin iki, Lalə Şövkəti də əlavə etsək üç namizədlə seçkidə iştirak etməsi Qərbin müxalifətdən olan namizədə dəstək verməməsinə səbəb oldu və seçkinin favoriti olan İsa Qəmbərin hakimiyyətə yolu bağlandı”.
S.Cəlaloğlu onu da qeyd etdi ki, Qərb, ABŞ hakimiyyətə sabitliyi təmin etmək barədə tapşırıq verməklə müxalifətə qarşı repressiyalara da yol açmışdı: “Xatırlayırsınızsa, Ramiz Mehdiyevin seçkilərdən bir müddət sonra bir məqaləsi çıxmışdı. Ramiz Mehdiyev yazmışdı ki, Qərbi də anlamaq olmur, özləri, səfirləri bizə deyirlər ki, müxalifət liderlərini həbs edin, imkan verməyin sabitlik pozulsun, sonra da bizə deyirlər ki, insan haqlarını pozursunuz. Mən o zamankı ABŞ səfiri Rino Harnişə sual verdim ki, Ramiz Mehdiyev belə bir yazı yazıb, indi siz deyin görək, bizim həbs olunmağımızı tələb eləmisiniz, ya yox? And olsun Allaha, Harniş yox cavabını vermədi, dedi ki, Ramiz Mehdiyevlə görüşəndə soruşaram ki, bu fikri hansı kontekstdə işlədib. Yəni Qərb seçkidən sonra aktiv müxalifətçilərin neytrallaşdırılmasını hakimiyyətə tövsiyə etmişdisə, İsa Qəmbərə dəstək verərdi? Belə vəziyyətə səbəb isə müxalifət olaraq vaxtında birləşməməyimiz oldu. Müxalifətin özünün yanlışlığı Qərbin dəstəyindən məhrum olması ilə və beynəlxalq birliyin hakimiyyətin dəyişməməsini məqsədəuyğun bilməsi ilə nəticələndi. Seçki kampaniyasının gedişində İsa Qəmbərin bloku çox böyük üstünlüklə önə çıxmışdı. Belə vəziyyətdə Etibar Məmmədovun bloku İsa Qəmbərin xeyrinə namizədini geri çəkməli və İsa Qəmbərə dəstək elan etməli idi. Ancaq bir neçə ay öncə Londonda keçirilmiş görüşdə verilmiş sözdən Etibar Məmmədov imtina elədi. Nəticədə müxalifət parçalanmış şəkildə seçki qutusuna getdi. Belə bir vəziyyətdə isə beynəlxalq dəstək əldə eləmək çətindir. Qərbə, Türkiyəyə, Rusiyaya Azərbaycanda sabitliyin saxlanması lazım idi. Gördülər ki, bir neçə namizədlə seçkiyə gedən müxalifətin hakimiyyətə gəlməsindən sonra sabitlik pozula bilər, ona görə də hesab elədilər ki, İlham Əliyevin hakimiyyətə gəlməsi və mövcud hakimiyyətin iş başında qalması sabitliyi qoruya bilər”.(musavat)






Fikirlər