TÜRKÜN DÜŞMƏNLƏRİ Almaniyada SİLAHLANIR!!!

Türkün düşmənləri Almaniyada təşkilatlanır

Ermənistan rəhbərliyinin göstərişi ilə Avropada məskunlaşmış erməni və PKK təmayüllü kürdləri Azərbaycanla savaşa hazırlayırlar; Qarabağı PKK silahlıları üçün də məzar etməli... 

 

Ermənistan rəhbərliyinin göstərişi ilə Avropada məskunlaşmış erməni və PKK təmayüllü kürdləri Azərbaycanla savaşa hazırlayırlar; pul üçün döyüşməyə hazır olan, heç Qarabağın səmtini belə bilməyənlərin əsasən Rusiya üzərindən Ermənistana, oradan işğal zonasına  göndəriləcəyi planlaşdırılır... 
Ötən həftə Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ ətrafında işğal olunmuş torpaqlarımızda apardığı əməliyyatlarda Ermənistan ordusuna ağır zərbə vurdu. Azərbaycan ordusu torpaqlarımızı azad etmək üçün apardığı döyüşlərdə şəhidlər verdi, amma işğalçı ordu daha çox əsgər və zabitini itirdi ki, bu da təkcə Ermənistanı deyil, ümumilikdə türk düşmənilərini yasa boğdu. 
Azərbaycanın haqq işinə dünyanın əksər ölkələrindən dəstək gəldi, beynəlxalq təşkilatlar Ermənistanın işğalçı mahiyyətini qanadı. Beynəlxalq aləmdə mövqelərinin necə dayanaqsız və çürük olduğu üzə çıxan Ermənistana heç erməni diasporası belə dəstək olmadı. Amma onların əvəzində Türkiyəni illərdir qana bulayan, son aylar isə daha da vəhşiləşmiş PKK terror təşkilatı və onun siyasi qanadı olan Xalqların Demokratik Partiyası (HDP) ortaya açıq mövqe qoydu. HDP həmsədri  Səlahəddin Dəmirtaş ermənilərin mövqeyini dəstəkləyən bəyanat verdi.  
HDP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən Dəmirtaş cəbhə xəttində yaranan gərginliyə münasibət bildirərkən Türkiyəni münaqişəni körükləməkdə ittiham etdi, açıq erməni mövqeyi sərgilədi. Türkiyə ərazisini parçalamaq niyyəti ilə əlində silah vuruşan PKK-nın sözçüsü “Qarabağ muxtar bölgəydi, oradakı insanlar necə istəyirlərsə, elə yaşamalıdırlar. Onların istəklərinə hörmət edilməlidir” dedi və səngərləri qoyub qaçan ermənilərə canıyananlıq göstərərək, “bu savaşı dayandırın” deyənlərin xoruna qoşuldu.
Ermənilərin hər ötən gün cəbhədə artan itkilərini və hətta Xankəndindən belə qaçdıqlarını görən  PKK-nın bu dəfə  işğalçıya silahlı dəstək verməsi xəbəri yayıldı. Türkiyənin “Yeni Şafak” qəzetinin bu barədə xəbərində deyilirdi ki, cəbhə xəttində gərginliyin artdığı vaxtda PKK qruplaşması ermənilərə dəstək olmaq üçün işğal altında olan Azərbaycan torpaqlarına 400 terrorçu göndərib. PKK terrorçularının Göyçə gölünün yaxınlığında qurulan hərbi düşərgədə yerləşdirildiyi bildirilirdi. Terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi iddia   olunurdu. 
Məlumatlarda qeyd olunurdu ki, “Kürdüstan Birliyi”nin rəhbərlərindən biri olan Bese Hozat  terrorçuların sığındığı Kandillə Ermənistan rəhbərliyi arasında danışıqlar aparır: “PKK-nın Suriya qolu olan PYD tərəfində döyüşən 150 erməni əsilli terrorçunun da Azərbaycanla döyüşmək üçün Dağlıq Qarabağ ərazisinə keçən terrorçular arasında olduğu da bildirilir. Ağrı vilayəti üzərindən Dağlıq Qarabağ ərazisinə keçən terrorçular bölgənin üç səmtinə göndəriliblər. Əvvəlcə Laçın, Şuşa, Kəlbəcər şəhərlərinə gedən terrorçular oradan da Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli cəbhələrinə göndəriliblər. Dağlıq Qarabağa göndərilən terrorçuların bomba və əməliyyatlar üzrə mütəxəssis olduqları bildirilir”,- deyə türk mətbuatı yazıb. 
Məsələyə Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi və vitse-spiker Bahar Muradova səviyyəsində münasibət bildirilib və məlumatın araşdırıldığı söylənilib. 
***
Cəbhədə atəşkəs elan olunsa da, gərginlik səngiməyib, yaxın aylarda Qarabağda yeni əməliyyatların başlamayacağına isə möhkəm zəmanət yoxdur. Çünki Ermənistanın aldığı ağır zərbənin şokundan ayıldıqdan sonra yenidən təxribatlar törədəcəyi realdır. Üstəlik, cəbhədə “ağzı yanan” ermənilər sıralarını muzdlu döyüşçülərlə yenidən təşkil etdikdən sonra təzədən azğınlaşa bilərlər. 
Ermənistanın bu niyyətdə olduğunu təsdiqləyən və ordu sıralarını PKK muzdluları gücləndirmək istəyini təsdiqləyən daha bir məlumat “Yeni Müsavat”a Avropadakı mənbələrdən daxil olub. Məlumatda iddia olunur ki, Ermənistan rəhbərliyinin göstərişi ilə Avropada məskunlaşmış erməni və PKK təmayüllü kürdləri Azərbaycanla savaşa hazırlayırlar. Qaynağımız deyib ki, bu proses xüsusilə Almaniyada daha geniş aparılır. Belə ki, Almaniyada qaçqınlar düşərgəsinə sığınaraq ac-yalavac yaşayan suriyalı ermənilər və PKK-lılar var.  
PKK-ya ideoloji və silahlı bağlılığı olan kürdləri və suriyalı erməniləri pul qarışılığında Ermənistana keçirmək və Azərbaycana qarşı döyüşə qoşmaq üçün ciddi  proses başlayıb. İddiada deyilir ki, Azərbaycan düşmənlərinin siyahıya alınması artıq başlayıb. “Pul üçün döyüşməyə hazır olan, heç Qarabağın səmtini belə bilməyənlərin əsasən Rusiya üzərindən Ermənistana göndəriləcəyi planlaşdırılır”, - deyə mənbə söyləyib. Yeri gəlmişkən, ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan Almaniyada rəsmi səfərdə olub. 
 
Bəzi ekspertlər hesab edir ki, PKK-nın həm siyasi, həm silahlı qanadının Ermənistana açıq dəstək verməsi ilk dəfə deyil. PKK terrorçularının Qarabağa toplaşması barədə iddialar da yeni hesab oluna bilməz. Amma bu dəfə bu dəstəyin açıq şəkildə olması heç də təsadüfi deyil. 
Əvvəla ona gərə ki, 4 gün davam edən savaşda Azərbaycanın haqq işinə ən çox dəstəyi qardaş ölkə olan Türkiyə verdi. Aylardır Türkiyə ölkə daxilində PKK-ya qarşı antiteror əməliyyatları aparır. PKK  indi həm sığınmağa yer, həm də türklərdən intiqam almaq üçün fürsət axtarır. Belə bir zamanda isə Azərbaycanın başına od ələdiyi Ermənistan ordusu ilə PKK-nın maraqları tam üst-üstə düşür. Zatən həm PKK, həm erməni terror təşkilatı ASALA arasında tarixi işbirliyi həmişə olub. İndi isə ermənilərin PKK silahlılarına daha çox ehtiyacı yaranıb.  
PKK-nın Ermənistana açıq dəstəyini Türkiyə-Rusiya qarşıdurmasının təzahürü kimi izah edənlər də var. Belə ki, Türkiyənin Qarabağ savaşında Azərbaycana tam dəstəyi Rusiyanı qıcıqlandırıb. Bu səbəbdən də kürd terrorçularını öz ərazisi vasitəsilə Ermənistana və oradan da işğal olunmuş Azərbaycan torpaqlarına göndərmək planını işə salıb.  
Xatırladaq ki, Türkiyə ilə Rusiyanın münasibətləri pisləşdikdən sonra HDP lideri Moskvaya dəvət olundu və burada Türkiyəni təhdid edən mesajlar verdi. Azərbaycan, Dağlıq Qarabağ ətrafındakı uğurlu əməliyyatlardan sonra, yaranmış indiki əlverişli mövqeyindən istifadə edərək PKK-nın işğal zonasına yerləşdirilməsi barədə xəbərlərin tam və hərtərəfli araşdırılmasına nail olmalıdır.  
 
Müvafiq təhlükəsizlik orqanları, XİN də  bu məsələnin üzərinə getməli, bu təxribatın qarşısının alınması üçün gərəkənləri etməlidir. Ümid etmək olar ki, ordumuz Qarabağ torpaqlarını PKK-nın da məzarı etmək gücündədir. 
“Yeni Müsavat” 

 

 






Fikirlər