Kremlin QARABAG danışıqlarında yeni həll planı - MASADA “7 rayon təklifi”...

 Kremlin Qarabağ danışıqlarında yeni həll planı - masada “7 rayon təklifi”...

Ermənistan əvəzindən atəşkəsə Rusiya qarantiya verir, amma...; Sergey Lavrovun “Qarabağ böhranının aradan qaldırılması üçün bütün komponentlər praktiki olaraq mövcuddur” açıqlamasının pərdəarxası; politoloq: “Birinci komponent bəllidir: Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayondan qoşunlarını çıxarır”; cəbhə bölgəsindən yeni həyəcanlı xəbərlər 

 

Azərbaycan ordusunun 1-5 aprel tarixlərində Ermənistanın işğalçı qüvvələrinə vurduğu sarsıdıcı zərbələrdən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni mərhələnin yarandığına artıq çoxları şübhə etmir. Gerçəklik bundan ibarətdir ki, 22 illik fasilədən sonra ordumuzun  uğurlu əməliyyatlari nəticəsində rəsmi Bakı Qarabağ danışıqlarında diktə edən tərəfə çevrilib. Artıq erməni generallarından tutmuş, prezident Sərkisyana qədər Ermənistanda hər kəs Azərbaycanın hərbi üstünlüyünü etiraf edir. Elə Azərbaycanın üstün mövqedə olması səbəbindən də ATƏT-in Minsk Qrupunun həmsədrləri budəfəki səfərlərdə artıq-əskik danışmadılar, daha korrekt davrandılar. 
Hətta amerikalı həmsədr C.Uorlik dedi ki, hərtərəfli həllin yolu orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılmasından keçir: “Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar”.
Yeri gəlmişkən, həmsədrlər Bakıdan sonra Xankəndinə, separatçı rejimin rəhbərliyi ilə görüşə yollanıb. 
 
Lavrov nə demək istəyib?
 
Rusiya XİN başçısı Sergey Lavrov isə Azərbaycanda bir sıra ilginc açıqlamaları ilə diqqət çəkdi. Azərbaycan prezidenti, xarici işlər və müdafiə nazirləri ilə görüşən rusiyalı diplomat atəşkəsin əldə olunmasını “böyük məmnuniyyətlə” qarşıladıqlarını deyib. “Biz düşünürük ki, cəbhədə baş verən vəziyyət bizi təmas xəttindəki duruma daha diqqətlə yanaşmağa sövq edir”-Lavrov deyib. Bununla Azərbaycan ordusunun Moskvanı da təəccübləndirdiyini dolayısı ilə etiraf edib.
Ancaq ardınca diplomatın “Biz Dağlıq Qarabağ danışıqlarının həllinə çox yaxınıq” deməsi suallar doğurur. Hətta bununla XİN başçısının “7 rayonun qaytarılması layihəsinə” işarə vurduğunu təxmin edənlər də var. Qeyd edək ki, son yarım ildə Lavrovun 7 rayonun qaytarılması təklifi ilə Ermənistan hakimiyyətinə müraciət etdiyi, lakin razılıq ala bilmədiyi barədə iddialar səslənib. Hətta Ermənistan mətbuatında da bu iddialara geniş yer ayrılıb. 
“Putin münaqişənin həllində hamıdan çox maraqlıdır”
Bu fikirlər də S.Lavrova məxsusdur. Maraqlısı odur ki, Rusiya prezidenti ciddi toqquşmaların baş verdiyi günlərdə tərəflərə telefon belə açmadı. Lakin ABŞ-ın vitse-prezidenti Co Bayden şəxsən Azərbaycan prezidenti ilə telefonla danışdı. Hətta Belarus prezidenti də Bakıya zəng edib narahatlığını bildirdiyi halda, Putin susdu. Hələ biz Türkiyə hakimiyyətinin davamlı zənglərini, qardaşlıq dəstəyini bir kənara qoyuruq. Belə olan halda Lavrov öz prezidentinin münaqişənin həllində “hamıdan çox maraqlı” olduğunu iddia edir.  
“Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması üçün bütün komponentlər praktiki olaraq mövcuddur”. Bunu isə Sergey Lavrov Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin Bakıdakı görüşündən sonra təşkil olunmuş birgə mətbuat konfransında deyib. Rus diplomat əlavə edib: “Biz Qarabağ məsələsini müzakirə etdik və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş hazırkı atəşkəs bizi sakitləşdirməməlidir. Münaqişənin siyasi həlli üçün yollar tapılmalıdır”.  Xatırladaq ki, Lavrov Azərbaycan prezidenti ilə görüşdə də ermənilərin atəş açmayacağına qarantiya vermişdi. Lakin elə atəşkəs razılaşması əldə olunan gün düşmən yaşayış məntəqələrimizi atəşə tutdu.   
Ermənistan atəşi... kəsmədi, niyə?
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri 6-sından 7-sinə keçən gecə də cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub. Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində silahlı qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Göründüyü kimi, Ermənistan Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək üçün özünün bütün sərhədləri boyunca atəşkəs rejimini pozur. Deməli, Moskvanın qarantiyası hələ ki söz olaraq qalır.
PKK Qarabağa daşınır-Azərbaycan araşdırır
Üstəlik, işğal olunmuş ərazilərə yeni hərbi texnika və qüvvənin daşındığı barədə məlumatlar yayılıb. Ərazini qorumaq üçün əsgər çatışmazlığı ilə üzləşən işğalçı ölkə bölgəyə kürd terrorçularını daşımağa başlayıb. Türkiyənin“Yeni Şafak” qəzetinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana kömək üçün 400 döyüşçüsünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib. 
Məlumatda Kandil və Kamışlıdan gələn terrorçuların Ağrı dağından Ermənistana keçdiyi, daha sonra Göyçə gölü istiqamətindən Qarabağın qaynar nöqtələrə getdiyi qeyd olunub. Nəşr PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndiklərini yazıb. Türkiyə saytlarının yaydığı xəbərlərdə terrorçuların İraq və Suriya düşərgələrindən gəlib Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir.
 
Məlumatlara görə, PKK-nın Ermənistana hərbçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir. 
Bundan başqa, o da bildirilir ki,  PKK-nın Suriya qanadı olan PYD-nin tərkibindən 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib. 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı modern.az-a deyib ki, hazırda bu informasiyanın mənbəyi araşdırılır: “Hazırda tərəfimizdən bu informasiyaların mənbəyi ilə bağlı araşdırmalar aparılır.  Məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeyimizi açıqlayacağıq”. 
Bakıda keçirilən Azərbaycan, Rusiya, İran XİN başçılarının görüşündə də Qarabağ mövzusu aparıcı olub.  
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov görüşdən sonra deyib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvonu” uzun müddət ərzində saxlamaq olmaz. E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi Rusiya və İranla da müzakirə olunub: “Konkret təkliflər var, biz ideya və düşüncələrimizi bölüşdük. Bunu tez həll etmək lazımdır, çünki insanlar ölür. Münaqişənin həlli ilə birbaşa məşğul olmaq lazımdır və hərbçilər kazarmalara qayıtmalıdır”.
Bakıda səfərdə olan İran XİN başçısı da baş verənlərə münasibət bildirib. “Atəşkəs rejimi Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll olunana qədər qüvvədə olmalıdır”- İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib. XİN rəhbəri bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır: “İran tərəfi hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır”. Ermənistanın xarici işlər naziri ilə telefonla danışdığını bildirən Zərif vurğulayıb ki, atəşkəş rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır.
“Əsas odur ki, 22 illik tilsimi sındırdıq”
 
 
S.Lavrovun  “böhranın aradan qaldırılması üçün bütün komponentlər praktiki olaraq mövcuddur” fikirləri suallar doğurur. Qısa müddətdə bu komponentlər necə hazırlandı?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, komponentlərdən birincisi bəllidir: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayondan qoşunlarını çıxardır və insanlar bu rayonlara qayıdırlar. Ancaq sonrakı komponentlərin məğzi mənim üçün qaranlıqdır. Çünki əgər Lavrovun hazırladığı sonrakı komponentlərdən biri kimi Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixi sənəddə vurğulanıbsa, bu, artıq komponent deyil, danışıqların yenidən dalana dirənməsidir. Ancaq referendum tarixini göstərən heç bir sənədə Azərbaycan imza ata bilməz, atmamalıdır”.
Moskvanın qarantiyası ilə əldə olunan razılaşma perspektiv üçün nə vəd edir? Politoloqun qənaətincə, danışıqlarda irəliləyiş olmayana qədər atəşkəs daima pozulacaq: “Ona görə də Moskvada razılaşdırılan atəşkəsin ömrünün çox olacağını düşünmürəm. Əsas odur ki, 22 illik tilsimi sındırdıq. Düşmən və Rusiya hakimiyyəti anladı ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda maraqlı deyil. Məncə, Rusiya hakimiyyəti Azərbaycan ordusunun cəbhə bölgəsindəki uğurlarını genişləndirə biləcəyindən ehtiyatlanaraq tələsik atəşkəsə nail oldu. Bunun müqabilində Azərbaycan hakimiyyəti, siyasi dairələri və cəmiyyəti Moskvanın İrəvana təsir edəcəyini gözləyir. Ancaq bunun məhz belə olacağını söyləmək çətindir. Hər halda, Ermənistanın Rusiyadan narazılığı artıb. 
İrəvan düşünürdü ki, Rusiya birinci gündən cəbhə bölgəsindəki duruma müdaxilə edib Azərbaycanı hücumu dayandırmağa məcbur edəcək. Ancaq olmadı. İndi də Rusiyanın başqa siyasətindən narazılıqlarını bildirirlər. Ermənistan prezidenti Serj Sərkisyanın Almaniya kansleri Angela Merkellə aprelin 6-da Berlində birgə keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycana silah satmasından yüngülcə şikayət etməsi yeni xəbər deyil. Ermənistan rəsmiləri bu narazılığı yumşaq şəkildə zaman-zaman dilə gətirirlər. Vacib olan Kremlin Azərbaycana silah satıb-satmamaq məsələsində siyasətini bundan sonra necə müəyyənləşdirəcəyidir. Rusiyada silah satışına baş nazirin müavini Dmitri Roqozin başçılıq edir. Roqozin qatı rus milliyətçisi olmasına rəğmən, Azərbaycan hakimiyyəti ilə sıx münasibətlərə malikdir. Ona görə də məntiqlə Rusiya Azərbaycana silah satışından imtina etməz. Yox, əgər imtina edərsə, Azərbaycan silahı başqa ölkələrdən alacaq və Rusiya vacib gəlir mənbəyindən məhrum olacaq”. E.Şahinoğlu hesab edir ki, Kremlin bu məsələdə nəbzini yoxlamaq üçün yaxın günlərdə Rusiyadan silah almaq üçün bu ölkəyə müraciət etmək lazımdır. 
“Türkiyə Naxçıvanla bağlı Ermənistanı xəbərdar edəcək”
Ekspertin fikrincə, Ermənistanın indi də Naxçıvanı hədəf alması növbəti özbaşınalığıdır: “Qarabağda, Tovuz və Qazax istiqamətində atəşkəsin pozulması illərdir adi hala çevrilib. Buna baxmayaraq, Ermənistan Naxçıvanla sərhəddə təxribatdan çəkinərdi. Uzun illərdən sonra Naxçıvana da atəş açmağa başlayıblar. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Türkiyəni Rusiya ilə toqquşdurmaq istəyir. Çünki Türkiyə ən azı Qars müqaviləsindən çıxış edərək Naxçıvanın uzun müddət atəş altında saxlanılmasına seyrçi qalmayacaq. Şübhə etmirəm ki, yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Naxçıvanla bağlı Ermənistanı xəbərdar edəcək. Ermənistan bundan sonra da Naxçıvana qarşı təxribatlarını davam etdirərsə, Qarabağ istiqamətində atəşkəsə riayət etməyə Azərbaycanın səbəbi qalmayacaq. Azərbaycan rəsmiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Bakıda anlatmalı idilər ki, onlar Ermənistanı təxribatlardan çəkindirsinlər. Çünki Rusiya son günlərdə ATƏT-in Minsk Qrupu formatını aşaraq faktiki təkbaşına vasitəçilik təşəbbüsünə baş vurub. Bugünlərdə Bakıya ən çox telefon zəngi və səfər də məhz Rusiyadan həyata keçirilir. Sanki Rusiya hakimiyyəti Dağlıq Qarabağ məsələsində səfərbər olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda dedi ki, Moskvanın münaqişənin həlli üçün təklifləri var”.
 
Rusiya nəyin qarşılığında atəşi dayandırdı? E.Şahinoğlu: “Kremlin Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması əvəzinə bizdən nəyin yerinə yetirilməsini tələb edəcəyi qaranlıqdır. Əgər hətta 5 rayonun boşaldılması əvəzinə, Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun tarixindən  söhbət gedirsə, bu, tələdir, buna razılaşmaq olmaz. Rusiyanın təklifi ziyanımızadırsa, ”yox" demədən gözləmə mövqeyinə keçib işğalçını əvvəlki kimi yorucu müharibəyə cəlb etmək lazımdır".






Fikirlər