Qubad İbadoğlu: “Temir Sariyev öz sahəsini bilən peşəkar adam idi”
Bir neçə gün əvvəl Qırğızıstanın baş naziri Temir Sariyev istefaya gedib. Bu barədə o, Nazirlər Kabinetinin növbədənkənar iclasında deyib. “Hökumət tərəfindən qəbul edilən bütün qərarlar qanuni olub və dövlətin maraqlarına cavab verib. Mən heç vaxt geriyə çəkilmirəm, bu, mənim xarakterimdə yoxdur. Öz vəzifəmdən istefa verməyə hazıram, lakin sona qədər sübut edəcəyəm ki, mən vicdanla çalışmışam və heç vaxt çirkin siyasi intriqalarla əlaqəm olmayıb.
Mənim üçün dövlətin maraqları hər şeydən üstündür, bu prinsipə həmişə əməl edəcəm və bütün əsassız ittihamları təkzib edəcəm” deyə, T.Sarıyev söyləyib. Qeyd edək ki, bir neçə gün əvvəl nəqliyyat və kommunikasiya naziri Arqınbek Malabayev baş nazirin ətrafını Balıkçı-Korumdu yolunun tenderində Çin şirkətlərinin maraqlarını qorumaqda ittiham etmişdi. Məsələnin araşdırılması üçün yaradılan xüsusi parlament komissiyası 13 apreldə parlamentin baş nazirə etimadsızlıq göstərməsi barədə tövsiyə verib. Baş nazir isə parlament komissiyasının iclasının qapalı keçirildiyini və qəbul edilən qərarın ədalətli olmadığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk da istefa verib. Beləliklə, keçmiş sovetlər birliyindən ard-arda iki baş nazir istefaya gedib. Azərbaycanın 81 yaşlı baş naziri Artur Rəsi-Zadə isə hələ də kürsüsündə qalır.
Bir müddət əvvəl Qırğızıstanda ekspert kimi çalışan Qubad İbadoğlu Temir Sariyevi şəxsən tanıyır. O, istefaya gedən naziri “Yeni Müsavat”a peşəkar kimi dəyərləndirib. Ekspert məsələ ilə bağlı bildirib ki, Qırğızıstanda fəaliyyət göstərdiyi dövrdə, 2014-cü ildə Temir Sariyev iqtisadiyyat naziri idi: “Biz də birbaşa İqtisadiyyat və Maliyyə nazirlikləri ilə işləyirdik. O zaman müəyyən məsələlərlə bağlı təmaslarımız olmuşdu. Müzakirələr aparılmışdı. Amma eyni zamanda Gürcüstan hökumətinin nümayəndələri ilə bir neçə tədbir keçirmişdik. Baş nazir olandan sonra təmasım olmamışdı. Amma baş nazir olandan sonra onun komandası ilə görüşmüşdük. Öz sahəsini bilən peşəkar adam idi. Qırğızıstan vəzifədə olan adamlara daha tələbkardır. Həqiqətən Qırğızıstanda hamı korrupsioner axtarır, parlament də, media da, vətəndaş cəmiyyəti də. Ona qarşı olan ittihamlar da son nəticədə qərar verməsi üçün əsaslar yaratdı. Amma baş nazir həm də Qırğızıstanın növbəti dövr üçün prezidentiyinə əsas namizədlərdən biri hesab olunurdu. Çünki Qırğızıstanda prezident bir dəfə yeddi illik seçilmək hüququna malikdir. Növbəti seçkilər 2017-ci ildə olmalıdır. Demək olar ki, Temir Sariyev növbəti prezident seçkilərində real namizəd sayılırdı. Mənə elə gəlir ki, onun istefasının həmin o prezident seçkiləri ilə bağlılığı var”.
Azərbaycan və Qırğızıstan baş nazirlərinin müqayisəsinə gəldikdə isə Q.İbadoğlu bu iki şəxsin müqayisəolunmaz dərəcədə fərqli olduğunu vurğuladı: “Ümumiyyətlə, müqayisəyə gəlməyən bir şeydir. Bizdə baş nazir nominal baş nazirdir, onlarda isə real baş nazirdir. Çünki gerçəkdə Qırğızıstanda prezidentin səlahiyyəti bizdəki qədər deyil, əsas hakimiyyət parlamentdə və baş nazirlik institutundadır. Demək olar ki, baş nazir kifayət qədər nüfuzlu şəxs olub və Qırğızıstanda həm də bu baş nazirin təqdimatı, eyni zamanda təsdiqi parlament vasitəsilə aparılır. Düzdür, bizdə də bu var. Amma bu dərəcədə əhəmiyyət kəsb etmir. Amma Qırğızıstanda baş nazir təqdimatı ətrafında çox ciddi müzakirələr gedir. Temur Sariyev kifayət qədər təsir qüvvəsinə malik olan şəxs idi. Çünki o, Sosial Demokrat Partiyasının dəstəklədiyi namizəddir. Düşünürəm ki, onlar arasında çox böyük fərqlər var. Bizim baş nazirlə onu müqayisə etmək həm ölkədəki struktur mərhələsinə görə, həm də hakimiyyət bölgüsünə görə uyğun gəlmir. Qırğızıstanda bir fərq də var ki, baş nazirlər tez-tez dəyişir. Mən 2014-cü ildə Qırğızıstanda olanda o, iqtisadiyyat naziri idi. Sonra baş nazir təyin etdilər. Artıq 2016-cı ildə yeni baş nazirdən söhbət gedir. Mən sizə deyim ki, 2013-cü ildə orada olanda baş nazir başqa şəxs idi. Mən Qırğızıstanda işləməyə başlayandan o, ikinci baş nazir olub ki, əməkdaşlıq etmişəm. Artıq 2013-cü ildən indiyə qədər ölkəyə dördüncü baş nazir təyin olunub”. Qeyd edək ki, Q.İbadoğlu Qırğızıstanda fəaliyyətə 2013-cü ildən başlayıb. Bu, Qırğızıstanda müşavirlik işi olub. Hökumətə dəstək layihəsi çərçivəsində o, BMT-nin xətti ilə beynəxlalq ekspert məsləhətçi olaraq bu prosesə cəlb edilmişdi. AzerTaym.az