Universitet və DÖVLƏT QURUMLARININ Bakıdan köçürülməsi niyə reallaşmadı?

 Universitet və dövlət qurumlarının Bakıdan köçürülməsi niyə reallaşmadı?

Ekspertlərin məsələyə baxışları birmənalı deyil

 

Azərbaycanda iqtisadi vəziyyətin normal olduğu və neftin dünya bazarındakı qiymətinin yüksək olduğu dövrlərdə aktual olan məsələlərdən biri də paytaxtdakı bəzi universitetlərin və nazirliklərin bölgələrə köçürülməsi idi. Daha sonra neft gəlirlərinin aşağı düşməsi, ölkədə iqtisadi çətinliklərin yaşanması bu məsələni də gündəmdən saldı. 
 
Ancaq bəzi ekspertlər hesab edir ki, liman şəhəri olan Bakı təhlükəsizlik baxımından bir o qədər əlverişli olmadığı üçün müəyyən nazirliklərin başqa şəhərlərə köçürülməsi daha məqsədəuyğundur. Ekspertlər bu layihəni müsbət dəyərləndirsələr də, hazırkı iqtisadi durumda mümkün olmadığını da bildirirlər.
İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında köçürülməyə ehtiyac olduğunu, lakin bunun xeyli vəsait tələb elədiyini söylədi: “İnkişaf etmiş ölkələrdə olduğu kimi universitetlərin bölgələrə köçürülməsi həm də həmin bölgələrin inkişafını stimullaşdıracaq. Digər tərəfdən, bu, Bakıda infrastruktur imkanlarını genişləndirəcək, tıxac daxil olmaqla, bir çox problemləri həll edəcək, gərginliyin azalmasına səbəb olacaq. Lakin indiki halda bunun reallaşması ilə bağlı çətinliklər var. İlk növbədə maliyyə çətinliyini qeyd etmək lazımdır. Çünki dövlət büdcəsindən infrastruktur layihələrinə ayrılan vəsaitlərin həcmi azaldılıb və bu səbəbdən dövlət büdcəsindən 2016-2017-ci illərdə bu istiqamətdə yenidən vəsaitlərin ayrılması real görünmür. İnfrastruktur layihələrinə qənaət edilməsi bu layihənin reallaşmasına imkan verməyəcək. Ancaq ideya olaraq bu məsələ hələ də aktualdır. Digər inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, bu ideyanın reallaşması olduqca vacibdir. Lakin universitetlərin bölgələrə köçürülməsi üçün həmin bölgədə müvafiq infrastrukturun yaradılması vacibdir. Həmin universitetlərin kampusları olmalıdır. Hər ali məktəbdə orta hesabla 16 min tələbə təhsil alır, 4 minə yaxın müəllim çalışır. Onların yaşam şəraiti təmin edilməlidir. Tədris binaları, inzibati binalar inşa edilməlidir. İndiki neftin dünya bazarındakı qiymətinin aşağı olduğu və infrastruktur xərclərinin azaldıldığı bir vaxtda bunun reallaşması mümkün görünmür”. 
Ekspertin sözlərinə görə, universitetlərdən əlavə, bəzi nazirliklərin də bölgələrə köçürülməsi labüddür:“Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yerləşməsinə ehtiyac yoxdur. Bu nazirlik birbaşa aqrar sektora nəzarət edən bir qurumdur və bölgələrdə yerləşməsi daha məqsədəuyğundur. Meliorasiya, Su Təsərrüfatı İdarəsinin də paytaxtda olmasına ehtiyac yoxdur. Hətta bəzi sosial müdafiə qurumlarının belə bölgələrə köçürülməsinə daha ciddi ehtiyac var. Çünki bəzi gender problemləri, sosial problemlər Bakı ilə müqayisədə regionlarda daha aktualdır. Nazirlik və digər dövlət qurumlarının bölgələrə köçürülməsi daha asandır, nəinki universitetlərin”. 
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə nazirliklərin köçürülməsini real hesab etmir:“Hazırda ölkə iqtisadi baxımdan elə bir şəraitdədir ki, paytaxtdakı nazirlikləri bölgələrə köçürmək iqtidarında deyil. İndi hökumətin daha vacib problemləri var. Bakının liman şəhəri olması ilə bağlı da heç bir problem yoxdur. Dünyanın bir çox ölkələrində nazirliklərin çoxu paytaxt şəhərlərdə olur. Biz əgər nazirliklərin bir hissəsini, məsələn, Gəncəyə köçürmək istəsək, bu, Azərbaycanın yaşadığı hazırkı iqtisadi durum üçün real deyil. Bu, çox böyük vəsait tələb edən çətin bir prosesdir. Vaxtilə Qazaxıstanda da paytaxt dəyişimi hökumətə baha başa gəldi. Düzdür, o, siyasi qərar idi və Rusiyanın müəyyən təhdidlərinin qarşısını almaqdan ötrü idi. Ancaq Qazaxıstanın vəziyyətinə də mənfi təsir etmişdi”. 
 
Təhlükəsizlik məsələsinə gəlincə, İ.İsmayıl bildirdi ki, dünyada bir çox şəhərlər liman şəhəridir: “Xəzər dənizi də elə bir hövzədir ki, qonşuluğumuzda daim bizi narahat edəcək ölkələr var - həm şimaldan, həm də cənubdan. Onların Bakı şəhərində girməsi dənizdən daha asan baş tuta bilər. Ancaq bunu da nəzərə alın ki, məqsəd Bakını tutmaq olsa, dəniz və quru yolunun heç bir fərqi olmayacaq. Bu mənada paytaxtı limandan köçürmək əsas deyil. Əsas odur ki, ümumiyyətlə, münasibətlər bu həddə çatmasın ki, hansısa ölkə bizi hədələsin”. 

AzerTaym.az






Fikirlər