Yeni büdcə sahibkarların cibinə “YÜKLƏNİR”

Yeni büdcə sahibkarların cibinə “yüklənir”

Ekspert: “Vergilər Nazirliyi büdcə tələblərini yerinə yetirə bilmədiyi üçün sahibkarların vergi yükünü daha da artıracaq” 

 

2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 10 milyon manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər layihəsində öz əksini tapıb. Belə ki, gəlirlərin strukturunda Vergilər Nazirliyinin öhdəliyi 6,2 faiz artımla 7 milyard 10 milyon manat, Dövlət Gömrük Komitəsinin öhdəliyi 13,8 faiz artımla 1 milyard 810 milyon manat nəzərdə tutulub. 
 
Onu da qeyd edək ki, Milli Məclisin fevralın 23-də müzakirə edəcəyi layihədə büdcənin gəlirlər hissəsi 15,5 faiz artırılaraq 16 milyard 822 milyon manata, xərclər hissəsi isə 13,7 faiz artırılaraq 18 milyard 495 milyon manata, büdcə kəsiri isə 25 milyon manat azaldılaraq 1 milyard 673 milyon manata çatdırılıb. 
Ən vacib məqamlardan biri də budur ki,  neftin qiymətinin 25 dollardan götürülməsi nəticəsində büdcə xərcləri daha rentabelli və daha qənaətli şəkildə formalaşdırılıb. Bir sözlə, hökumət gəlirlərin azalmasını nəzərə alaraq qənaət büdcəsinə keçib. Ekspertlər isə hesab edir ki, neft gəlirlərinin çox olduğu vaxtda da büdcənin məhz bu cür rentabelli olması əsas şərt idi və hökumət bu addımı atmaqda gecikmiş sayılır. 
Büdcə gəlirlərində vergi və gömrükdən daxilolmaların artırılması da ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Sahibkarlıq obyektlərinin bir-birinin ardınca bağlanmasını, ölkədə iqtisadi fəallığın azalmasını nəzərə alsaq, vergi daxilolmalarının artacağı real görünmür. Bəs görəsən, indiki situasiyada vergi yığımları hesabına büdcə gəlirlərinin 42 faizini, gömrük rüsumları hesabına isə 14 faizini təmin etmək mümkün olacaqmı? Bu, Vergilər Nazirliyi tərəfindən sahibkarlara vergi təzyiqlərinin artmasına yol aça bilərmi? 
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, iqtisadi fəallığın zəiflədiyi bir vaxtda bu addım sahibkarlara təzyiqləri artıracaq: “Son  dəyişikliklə vergi daxilolmaları ötən ilin büdcəsinə bərabər nəzərdə tutuldu. Ancaq onu da nəzərə almaq lazım idi ki, hazırki iqtisadi vəziyyət  2015-ci illə müqayisədə daha çətin olacaq, xüsusilə də real sektorda. Faktiki olaraq, dövriyyə azalır. Dövriyyə azalması yay aylarında daha ciddi şəkildə hiss olunacaq. Çünki bu zaman gəlirlər də azalır. Bu, vergilərin azalmasına səbəb olacaq. İş yerlərində ixtisarların aparılması, böyük şirkətlərin ölkədən getməsi  də vergi yığımlarının azalmasına səbəb olacaq. Xüsusilə də xarici kapitallı şirkətlərin hesabatlılığı daha şəffaf idi və onların bazarı tərk etməsi də gəlirlərə təsir edəcək. 
Nəticə isə ondan ibarət olacaq ki, Vergilər Nazirliyi büdcə tələblərini yerinə yetirə bilmədiyi üçün sahibkarların vergi yükünü daha da artıracaq. Bu da hazırki situasiyada doğru deyil. Sahibkarlar onsuz da iqtisadi problemlərin təzyiqi altındadırlar. İqtisadi aktivliyin azalması və verginin administrativ şəkildə təzyiqləri artırması həmin obyektlərin bağlanmasına gətirib çıxaracaq. Bu da real sektorun inkişafına deyil, real sektorda durğunluğun daha da dərinləşməsinə gətirib çıxaracaq". 
 
Ekspert həmçinin sahibkarların fəaliyyətində şəffaflığın artırılmasının və vergi ödənişlərinin birbaşa büdcəyə yönəldilməsinin də vacib olduğunu bildirdi: “İkinci bir  variant isə odur ki, vergi daxilolmalarının artırılması məqsədilə leqal fəaliyyətin genişləndirilməsi mümkündür. Bildiyimiz kimi, Azərbaycanda qeyri-neft sektorunun leqallığı daha aşağı səviyyədədir, şəffaflıq baxımından xeyli problemlər var. Mən bunda sahibkarları günahlandırmıram. Bu, bu günə qədər aparılan yanlış siyasətin nəticəsidir. Bəzən bu dövlət orqanlarının özləri maraqlı olur ki, sahibkar fəaliyyətini qeyri-leqal şəkildə qursun və onlar da sahibkardan qeyri-rəsmi ödənişlər tələb edə bilsinlər. Burada sahibkarlıq fəaliyyətinin şəffaflığını artırmaqla daxilolmaların artmasına nail olmaq olar. Lakin bu istiqamətdə hökumət hər hansı cəhd göstərmir. Bu baxımdan büdcədə vergi yükünün artırılması iqtisadi problemlərə səbəb olacaq”.
 
Rəşad Həsənovun sözlərinə görə, Gömrük Komitəsinin öhdəliyinin 14 faiz artırılması da maraqlı məqamdır:“Yanvar ayının statistikasına diqqət etsək, gömrük gəlirlərində 50 faizə qədər azalma müşahidə edilir. Onu da nəzərə almaq lazımdır ki, 2016-cı ildə idxalın həcmi xeyli dərəcədə azalacaq, çünki alıcılıq azalacaq və ölkədə daxili tələbat aşağı düşəcək. Dövlət büdcəsində xərclərin azaldılması dövlətin də alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. Hər iki amil birləşdikdə idxalın həcmi azalır. Lakin bunun qarşılığında ötən illə müqayisədə gömrük daxilolmaları artırılır. 
Maraqlı məqamlardan biri də odur ki, ölkədə bir çox sahələrdə inkişafa nail olmaq üçün islahatların aparılmasına və gömrük rüsumlarının azaldılmasına və ya ləğvinə ehtiyac var idi. Bu halda gömrük gəlirlərinin necə, hansı mənbələr hesabına artırılacağı maraqlı görünür". 
 
Vüqar Bayramov isə bildirdi ki, büdcə gəlirlərinin azalması da qeyri-neft sektorundan daxilolmaların faiz dərəcəsinin artmasına səbəb olub: “Büdcədə neftin qiymətinin 25 dollardan hesablanması artıq qeyri-neft sektorunun payının artırılması anlamına gəlir. Əks halda, büdcə gəlirlərindəki tarazlığı formalaşdırmaq mümkün olmayacaq. Nəzərə alsaq ki, mövcud layihədə büdcə gəlirlərinin 51 faizi neft sektorunun, 49 faizi qeyri-neft sektorun payına düşürdü. 2016-cı ilin büdcəsinin formalaşması zamanı heç bir halda sahibkarlara təzyiq edilməsi arzuolunan deyil. Çünki hökumət çalışmalıdır ki, ölkədə sahibkarlıq inkişaf etsin. Sahibkarlığa yersiz müdaxilələrin aradan qaldırılması hesabına növbəti illərdə dövlət büdcəsinin gəlirlərindəki tarazlığı formalaşdırmaq mümkündür.  Gömrüklə bağlı sahibkarlara təzyiqlərin olacağını düşünmürəm. Gömrükdən daxilolmaların artması həm də ona görə mümkün olacaq ki, son islahatlardan sonra ödənişlərin rəsmiləşdirilməsi həyata keçirilib. Brokerlərin ləğv edilməsi artıq gömrükdəki qeyri-rəsmi ödənişlərin aradan qaldırılmasına və ödənişlərin dövlət büdcəsinə daxil olmasına imkan yaradacaq. Digər bir məqam isə odur ki, gəlirlərin 42 faizinin qeyri-neft sektorunun payına düşməsi həm də ona görə olacaq ki, büdcə gəlirləri azalacaq. Ona görə də mən düşünmürəm ki, bu 42 faiz ciddi narahatlıq formalaşdıracaq. Əsasən büdcə gəlirlərinin azalması faiz dərəcəsinin çoxalmasına səbəb olur”. 






Fikirlər