BÜDCƏ 2 milyard ARTIRILIR – NEFT 25 DOLLARdan götürüləcək
2016-ci ilin büdcəsinə yenidən baxılması üçün müvafiq tədbirlərin görülməsinə başlanacaq. "AzerTaym.az" Fins.az-a istinadən xəbər verir ki, ötən ilin dekabr ayında manatın yenidən dəyərdən düşməsi, neftin qiymətində müşahidə olunan enmələr büdcə xərclərində dəyişiklikləri qaçılmaz edib. Neftin baza qiymətinin 25 dollardan hesablanması təklif olunur. İlk diqqət yetiriləcək məsələ ölkənin xarici valyutada ifadə olunan öhdəlikləri və borcları ilə bağlı olacaq. İkincisi isə inflyasiyanın təsirini azaltmaq üçün sosial sahədə ediləcək dəyişikliklərlə bağlıdır. Bura əmək haqlarının, pensiya və müavinətlərin artırılması istiqamətində büdcədən ediləcək xərclər daxildir. Maliyyə naziri Samir Şərifov isə bildirib ki, bütün bu artımların edilməsi üçün ilk növbədə dövlət büdcəsində vəsait olmalıdır: “Artımların edilməsi üçün dövlət büdcəsində vəsait olmalıdır. Təsdiq olunmuş büdcədə bu vəsait nəzərdə tutulmayıb. Bu artımların maliyyə təminatının yaradılmasına yenidən baxılacaq. Çünki bu, büdcədə öz əksini tapmalıdır. Bu məqsədlə dövlət büdcəsinə əlavə 1 milyarddan artıq vəsaitin ayrılmasını nəzərdə tuturuq”. Maliyyə naziri büdcəyə yenidən baxılmasının digər səbəbini gəlirlərin azalması ilə əlaqələndirir. Bunun üçün Neft Fondunun, Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin gəlirlərinə yenidən baxılacaq. Nazirlik tərəfindən yeni təqdim olunacaq büdcə layihəsində dövlət büdcəsinin gəlirlərinin 1.9 milyard, xərclərinin isə 2 milyarda yaxın artacağı proqnozlaşdırılır. Hazırda büdcə gəlirləri 14.5 milyarddırsa, yeni təsdiq olunacaq büdcə layihəsində bu 16.4 milyard səviyyəsində olacaq.