"100 nəfər məmurun xaricdə ya ölkədə dincəlməsi ilə məsələ həll olunmur”
Bu yay məmurlara xaricdə dincəlməsinə hökumətdən qeyri-rəsmi qadağa qoyulub. Bu barədə azadlıq.info saytı etibarlı mənbənin verdiyi məlumata istinadən yazıb. Qeyd edək ki, bu məlumatın yayılması ilk deyil və bir neçə ay öncə "Yeni Müsavat” qəzetində də belə bir informasiya dərc olunmuşdu.
Görünən odur ki, hökumət rəsmi şəkildə etiraf etməsə belə, bu il məmurların əli ilə külli miqdarda valyutanın ölkədən çıxarılmasına, xaricdəki kurort zonalarına axmasına qarşıdır.
Hakimiyyət düşünür ki, məmurlar istirahət üçün pullarını ölkə daxilində xərcləsələr, daha yaxşı olar. Bu baxımdan qeyri-rəsmi şəkildə hər kəsə tapşırıq verilib ki, xaricə dincəlməyə getməsinlər".
Xatırladaq ki, oxşar tapşırıq Rusiya hökuməti tərəfindən də məmurlara verilmişdi. Putin də məmur zümrəsinə xaricdə istirahəti qadağan etmiş və daxildəki kurortları məsləhət bilmişdi.
Bu məqamda azərbaycanlı məmurları narazı salan məqamlardan biri də odur ki, əksər ortabab məmurların xaricdə, istirahət məkanlarında evlərinin, villalarının olmasıdır ki, bu qadağa şəxsi mülklərini onlar üçün əlçatmaz edəcək.
Bəs görəsən, bu addım turizmin gəlirliliyini artırmaq üçün nə dərəcədə effektiv bir addımdır?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı "Yeni Müsavat”a bildirdi ki, belə bir tapşırığın verilməsi insan hüquqlarının məhdudlaşdırılmasıdır: "Hökumətin belə bir qeyri-rəsmi tapşırıq verməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Digər tərəfdən, xaricə istirahətə getmək, səyahət etmək hər bir şəxsin hüququdur. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq, bu, hamının haqqıdır. Elə məmur var ki, xəstəliyi ilə əlaqədar gedir, ona getməyi qadağan etmək olarmı? Burada başqa bir problem ondan ibarətdir ki, qiymətlər arasında fərq çox böyükdür. Buna görə də insanlar daha çox Gürcüstana, Türkiyəyə üz tuturlar. Ancaq məmurlara belə bir tapşırıq verilməsini eşitməmişəm”.
Rusiya prezidenti Putinin də məmurlara belə bir tapşırıq verməsini xatırladan deputat bildirdi ki, bu o qədər də uğurlu variant deyil: "100 nəfər məmurun xaricdə, ya ölkədə dincəlməsi ilə məsələ həll olunmur. Ölkə turizmini inkişaf etdirmək, qiymətləri yumşaltmaq lazımdır ki, insanlar üçün cəlbedici olsun. Mən başa düşürəm ki, Rusiya iqtisadi baxımdan çox ağır vəziyyətdədir, Türkiyə ilə aralarında problem yaranıb, turizm sahəsində problem var. Biz isə hələ 10 milyona çatmamışıq. Bu insanların harada dincəlməsinin ölkə üçün əhəmiyyəti o qədər də böyük deyil. Əlbəttə, insanlar vəsaitlərini ölkədə xərcləsələr, daha yaxşı olar. Lakin sırf məmurlara şamil edilməsi bir qədər problemlidir, ola bilər ki, məmur xaricə həm istirahət, həm də müalicə məqsədilə gedir. Müəyyən nüanslar var ki, onları da nəzərə almaq lazımdır”.
İqtisadçı ekspert Rəşad Həsənov da vurğuladı ki, bu kimi yanaşmalar normal bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil: "Bu, vətəndaşın səyahət, istirahət hüququnu məhdudlaşdırmaqdır. Fərq etməz, məmur da vətəndaş sayılır və qanun hamı üçündür. Bir çox inkişaf etməmiş ölkələrdə də buna bənzər addımlar atılır. Azərbaycanda isə məmurlara öz yay məzuniyyətlərini ölkə daxilində keçirmələri ilə bağlı tapşırığın verilib-verilməməsinin nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma özlüyündə bu, ölkədən xaricə valyuta axınının qarşısını almaq, daxili turizmin gəlirliliyini qismən təmin etməkdir. Çünki sadə insanların xaricdə dincəlmək imkanları kifayət qədər məhduddur. Ölkədən çıxdıqda belə onlar külli miqdarda valyuta ilə getmirlər, minimum xərclərlə istirahət edirlər. Ölkədən ən çox vəsait məmurlar vasitəsilə çıxarılır. Bu məlumat doğrudursa, nə qədər iqtisadi, siyasi prizmadan yanlış olsa da, ölkədən valyuta axınının məhdudlaşmasına gətirib çıxaracaq”.